20 Yanvar faciəsindən 29 il ötür
20 yanvar 2019 | 11:00
Qara Yanvar, Qanlı Yanvar və ya sadəcə 20 Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi və dinc əhaliyə divan tutulması nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu.
Bu qanlı hadisələrdən bir müddət sonra – 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır”. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul edib. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.
1990-cı ilin yanvarında baş verən bu ağır faciə bütün dəhşətlərinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini zəiflədə və qıra bilmədi, əksinə, xalq daha da prinsipal mübarizəyə qoşuldu və bu mübarizədən qalib çıxdı. 20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı nadir səhifələrdən biri kimi yazılıb. Şəhidlər son mənzilə möhtəşəm izdihamla yola salındı. Şəhidlərin dəfni nə qədər ağır səhnə olsa da, bir o qədər də qürurverici idi. Xüsusən ona görə ki, bu ağır gündə milli ləyaqət hissini qoruyub saxlayan xalq ona tuşlanmış silahlara, açılan atəşlərə baxmayaraq, qəhrəman övladlarının cənazələrini uzun yolboyu çiyinlərində daşıdı.