Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq sülh günü - 21 sentyabr tarixində bütün dünyada qeyd olunan bayram

09 sentyabr 2013 | 10:00
 2013-cü il sentyabrın 5-i tarixində “28 May” NQÇİ-də Pirallahı rayonunda Sülh aylığı çərçivəsində 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr edilmiş “Azərbaycanda sülh və əmin-amanlığın bərqərar olunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri mövzusunda konfrans keçirilmişdir. Tədbirdə adlı-sanlı neftçi kollektivinin 61 nəfər üzvü iştirak etmişdir. Konfransda NQÇİ-nin rəisi R.Q.Qarayev öz çıxışında aşağıdakıları qeyd etdi:
  Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir.1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində “Pease one day” i yaratdı. Onun əsas cəhd etdiyi o, idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun.
  1991-ci ilin fevral ayında Azərbaycan Ali Sovetinin sessiyasında Heydər Əliyev hamını bu adi gerçəkliyi etiraf etməyə çağırırdı: "Hesab edirəm ki, "Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması" - məsələnin dar çərçivədə qoyulması deməkdir. "Azərbaycanın ərazi bütövlüyünün  bərpa olunması" - məsələ belə qoyulmalıdır. Biz bunun üçün çarə, çıxış yolu tapmalıyıq".
  Cəbhə bölgəsində hərbi əməliyyatların geniş miqyas almağa başladığı bu dövrdə ermənilər Naxçıvanı ələ keçirmək üçün müxtəlif planlar hazırlamağa başladılar. Lakin bu planların həyata keçirilməsi mümkün olmadı. 1990-cı ilin yayında Heydər Əliyev Naxçıvana gəldi. Muxtar respublikada vəziyyət həddindən artıq gərgin idi. İqtisadi blokadanın ağır şərtləri altında yaşamağa məhkum edilmiş naxçıvanlılar bu qayıdışın talelərində böyük dönüş nöqtəsi olduğuna inanırdılar. Çox qısa vaxt ərzində və məhdud imkanlar çərçivəsində Heydər Əliyev Naxçıvanda ciddi dəyişikliklər etməyə müvəffəq oldu. Naxçıvan MSSR Ali Sovetinə deputat seçildikdən dərhal sonra məhz onun təşəbbüsü ilə muxtar respublikanın adındakı SSR sözü götürüldü. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı dövlət rəmzi kimi qəbul edildi. 1991-ci il sentyabr ayının 3-də isə Naxçıvan Ali Məclisi Heydər Əlirza oğlu Əliyevin Ali Məclisin sədri seçilməsi haqqında qərar qəbul etdi. Muxtar respublikanın yeni rəhbəri iqtisadi problemlərin həllinə diqqət yetirməklə yanaşı, həm də Ermənistanla sərhəddə gedən qanlı döyüşləri səngitmək missiyasını yerinə yetirdi. Heydər Əliyevin gəlişi ermənilərin Naxçıvan istiqamətində hərbi əməliyyatlara başlamaq planını təxirə salmağa vadar etdi. 1992-ci ildən etibarən erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində keçirdiyi hərbi əməliyyatların coğrafiyası daha da genişləndi və respublikanın rayonları bir-birinin ardınca işğal edilməyə başlandı.
  Qeyd edək ki, ermənilər hərbi əməliyyatların ilkin mərhələsində məqsədlərinin yalnız Dağlıq Qarabağı azad etmək olduğunu iddia edirdilər. Laçının ələ keçirilməsi bu iddiaların heç bir məntiqə əsaslanmadığını və Ermənistanın işğalçılıq niyyətinin daha geniş sərhədləri əhatə etdiyini ortaya qoyurdu.
  Ölkə daxilində hakimiyyət çəkişmələri və iqtidarın səriştəsizliyi yeni məğlubiyyətlər üçün stimul yaratmış oldu. 1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Bütün bunlara son qoymaq və ölkədə ictimai-siyasi sabitlik yaratmaq, cəmiyyətin ümumi təhlükəsizliyini təmin etmək üçün xalqın böyük əksəriyyətinin təkidli tələblərindən sonra Heydər Əlirza oğlu Əliyev Bakıya dəvət olundu. Ölkəni gözləyən real vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasına nail olan Heydər Əliyev ictimai-siyasi sabitlik yaradılmasını da təmin etdi. Məhz onun müdrik fəaliyyəti nəticəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Elə buna görə də 1993-cü ilin 15 iyunu müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil oldu.
  Heydər Əliyev müasir dünyanın ziddiyyətli və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi ilk növbədə beynəlxalq müstəvidə təbliğatın düzgün qurulmasına və beləliklə də dünya dövlətlərinin diqqətini bu işğal faktının əsl səbəblərinə yönəltməyə nail ola bildi.
  Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qüvvələr nisbətində baş vermiş dəyişikliklər tamamilə fərqli situasiya yaratdı və bu dəfə atəşkəsi Ermənistan özü istəməli oldu. May ayının 12-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəş dayandırıldı. Lakin atəşin dayandırılması hələ müharibənin başa çatması demək deyildi. Atəşkəs əldə olunması Azərbaycana, sadəcə olaraq, öz qüvvələrini toplayıb formalaşdırmaq imkanı qazandırdı və çox qısa vaxt ərzində ölkədə ictimai-siyasi sabitlik yaratmaq, iqtisadi çətinlikləri aradan qaldırmaq mümkün oldu.
 Çıxışının sonunda R.Qarayev bildirdi ki, 21 sentyabr nəinki yalnız xalqlar arasında sülhə, həmçının, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizə elan edilməsinə, cəmiyyətdə əmin-amanlığa nail olmağa imkan verən bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.
Keçidlər