Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahılılar Xocalı soyqırımının 27-ci ildönümünü yad etdilər

25 fevral 2019 | 11:00
      “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 fevral 2019-cu il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Tədbirlər Planına əsasən rayonun idarə, müəssisə və təşkilatlarında anım mərasimləri təşkil edilmiş, ümumtəhsil müəssisələrində, mədəniyyət ocaqlarında, məktəbdənkənar və məktəbəqədər tərbiyə müəssisələrində Xocalı soyqırımına həsr olunmuş müxtəlif tədbirlər keçirilmişdir.
    Fevralın 25-də Pirallahı rayonunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Mərasimdə RİH əməkdaşları, rayonun idarə, müəssisə, təşkilatların nümayəndələri, rayon ictimaiyyəti, həmçinin əslən Xocalıdan olan insanlar iştirak etdilər.
    Tədbirdə ilk öncə Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Toplantıda Pirallahı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Seymur Yusibov çıxış edərək bildirdi ki, Xocalı  soyqırımı  Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycan xalqı son 200 il  ərzində erməni millətçi-şovnistlərinin davamlı olaraq soyqırım  siyasətinə, etnik   təmizləmə prinsiplərinə məruz qalmış, zaman-zaman  öz  tarixi  torpaqlarından məhz erməni qəsbkarları tərəfindən qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 mindən artıq azərbaycanlının  deportasiya olunduğu, eyni zamanda, 1988-ci ildən başlayaraq, 250 mindən  artıq soydaşımızın dədə-baba torpaqlarından məhz ermənilərin məkrli siyasəti nəticəsində vəhşicəsinə köçürüldüyünü də vurğulandı. 1988-ci ildən Dağlıq Qarabağ  ətrafında  başlayan hadisələrin məhz saxta erməni  iddialarının, "dənizdən-dənizə  Ermənistan" adlı sərsəm bir arzunun nəticəsi olduğu,  Azərbaycanın  kənd  və  şəhərlərinin dağılması,  on  minlərlə  günahsız soydaşlarımızın  ölümü  ilə  müşahidə  olunduğu  söylənildi. Beynəlxalq hüquq normalarına zidd olaraq, işğalçı Ermənistan Dağlıq Qarabağı özününküləşdirmək kimi yanlış bir niyyətindən hələ  də  əl  çəkmir,  bu  yolda  cinayət  və vəhşiliklərə də hazır olduğunu nümayiş etdirir. XX əsrin  ən  böyük  faciəsi, qətliamı kimi Xocalı soyqırımının da  bu aqressiv cinayətkar siyasətin nəticəsi olduğu, XX  əsrin sonunda  baş  vermiş  bu faciənin  təkcə Azərbaycan  xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğu bir daha  vurğulandı. Təəssüf ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət vermək barədə düşünmədi. Qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməyən dövlət rəsmiləri öz vəzifələrini qoruyub saxlamaq üçün min bir oyundan çıxdılar. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı Günü kimi qəbul etmişdir. O dövrdən başlayaraq Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər. S. Yusibov sözünə davam edərək vurğuladı ki, Azərbaycan xalqı erməni vəhşiliyini, erməni terrorlarını heç vaxt unutmayacaq. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimiz azad olunacaq və şəhidlərimizin qisası alınacaq. Prezident İlham Əliyev də qəti şəkildə bəyan edir: “Azərbaycan xaqlı öz tarixi ərazisini heç vaxt unutmayacaq. Biz öz haqq işimizdən heç vaxt əl çəkməyəcəyik. Biz Ermənistandan o vaxta qədər əl çəkməyəcəyik ki, öz torpaqlarımıza qayıdaq və ərazi bütövlüyümüzü bərpa edək. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq”.
     Tədbirdə digər çıxış edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, eləcə də Azərbaycanın bir gecədə ermənilər tərəfindən məhv edilən Xocalı şəhəri və onun sakinlərinin acı taleyindən danışıb, bu soyqırımını törədən cinayətkarların cəzalandırılmasının vacibliyini vurğuladılar.
     Sonda məktəblilərinin hazırladıqları Xocalı soyqırımını əks etdirən ədəbi-bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
 
Keçidlər