Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizin ən böyük layihələrdən biri Ceyranbatan - Pirallahı magistral su kəmərinin inşası uğurla davam edir

15 sentyabr 2013 | 10:00
 "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən “Azərsu” ASC Bakı ətrafı qəsəbələrə böyük magistral su xəttinin çəkilişini həyata keçirir. Ümumi uzunluğu 150 km təşkil edən və ölkəmizin ən böyük layihələrindən biri olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam edir. Hazırda Bakı şəhərinin və ətraf qəsəbələrin dayanıqlı içməli su təchizatı anbarlar vasitəsi ilə tənzimlənir. Bakı şəhərində 11 mərkəzi su anbarı var. Mənbələrdən paytaxta gətirilən su magistral xətlərlə anbarlara ötürülür və buradan şəbəkəyə çatdırılır. Mövcud anbarlar əhalinin dayanıqlı su təchizatının aparılması ilə yanaşı müəyyən ehtiyatın toplanmasına da imkan verir.
 İllərdir ki, içməli su problemi mövcud olan Pirallahı qəsəbəsində fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün Zirə qəsəbəsində yeni su anbarları tikilir. Ümumi tutumu 10 min kub metr olan 6 anbar inşa olunur. Layihənin icrasının başa çatdırılma müddəti bu ilin sonuna planlaşdırılır və bundan sonra Pirallahı qəsəbəsinin 15 mindən çox sakini daimi və keyfiyyətli içməli su ilə təmin olunacaq. Hazırda qəsəbənin daxili məhəllələrində yeni su və kanalizasiya xətlərinin çəkilişi həyata keçirilir. Xatırladaq ki, qəsəbənin müvəqqəti içməli su ilə təminatını yaxşılaşdırılmaq məqsədi ilə “Azərsu” ASC-nin iki ədəd iritutumlu su maşını qrafiklə Pirallahının bütün yaşayış məhəllələrinə içməli su paylayır.
Keçidlər