Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ordusunun aprel qələbəsindən 3 il ötür

02 aprel 2019 | 11:00
     2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi ardıcıl pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. 
       Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.
      Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralanıb.
Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralanıb.
Dördgünlük döyüşlərdən sonra aprelin 5-də hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanıb.
Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirdi.
     2016-cı il aprelin 19-da Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
     Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.
      Vətən uğrunda bir an tərəddüd etmədən canını fəda etmiş igidlərdən biri, ilk aprel şəhidi, əslən Xocalı rayonunun Meşəli kəndindən olan və ailəsi ilə birlikdə Pirallahı rayonunda müvəqqəti məskunlaşmış Mehralıyev Sarvan Natiq oğludur. O, 8 iyul 1997-ci ildə anadan olub, Bakı şəhəri, Pirallahı rayonu, 186 №-li tam orta məktəbi 2014-cü ildə bitirib. Qardaşı Namiqlə birgə  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi tərəfindən 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmış və hər ikisi cəbhə xəttində, “N” saylı hərbi hissəsində xidmətə başlamışlar. Aprel döyüşlərinə qədər xidmətdə olduqları 10 ay  müddətində nümayiş etdirdikləri nizam-intizama, bir neçə dəfə mühüm hərbi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə fəxri fərman və təşəkkürnamə ilə təltif edilmişdilər. Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən hər iki qardaş qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini susduran, bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edən Sarvan Lələtəpəyə ilk olaraq çatmış və burada qəhrəmancasına şəhid olmuşdur. Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. Prezident İlham Əliyevin tapşırığı əsasında şəhidin ailəsinə hazırda yaşadıqları Pirallahı rayonunda müasir tələblər səviyyəsində yeni mənzil verilib. Pirallahı rayonunda aprel şəhidlərinin və Sarvan Mehralıyevin əziz xatirəsi ilə bağlı bütün anım tədbirləri hər il dövlət səviyyəsində təşkil edilir.
 
Keçidlər