Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün “Beynəlxalq Yer Kürəsi günü”dür

22 aprel 2019 | 11:00
    Beynəlxalq Yer Kürəsi günü və ya "Ağac Günü"nün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer Kürəsi günü” adlandırılıb.
    2009-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, beynəlxalq "Yer Kürəsi Günü" hər il 22 aprel tarixində qeyd olunur. Bu bayram beynəlxalq xarakter alıb, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. “Beynəlxalq Yer Kürəsi günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırır.
    Qeyd edək ki, Pirallahı rayonunda da insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər  daim diqqət mərkəzindədir. Pirallahı qəsəbəsində mərkəzi yol boyu ərazilər, yaşayış məhəllələri, dəniz sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi abad vəziyyətə gətirilir, yaşıllıqlar salınır. Dəniz sahilinə yaxın ərazilər lüzumsuz, estetik görünüşü pozan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur.  Pirallahı, Çilov, Neft Daşları və Gürgən qəsəbələrində rayon yaranandan indiyədək 300 minə yaxın müxtəlif ağac tingləri əkilib və yaşıllaşdırma işləri davam etdirilir. Rayonda neft-qaz əməliyyatları aparılmış bütün yataqların ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi məqsədilə lay sularının axıdılması nəticəsində tarixən yaranmış çirkli göllər və gölməçələr təmizlənərək qurudulur, lay sularının həmin ərazilərə axıdılmasının qarşısı tamamilə alınır. Bundan əlavə neft mədənləri ərazisində geniş yayılmış sənaye-məişət tullantıları ləğv edilir, Xəzər dənizi batmış və yarımbatmış gəmilərdən, sıradan çıxmış estakadalardan və digər iri qabaritli metal tullantılardan təmizlənir, Xəzər dənizində və sahil zolağında yerləşən neft mədənlərində quyu, boru axıntı və sızmaların qarşısı alınır, istismarı qeyri-məqbul qiymətləndirilən neft quyuları ləğv edilir.
Keçidlər