Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçilərin peşə bayramı Neft Daşlarında böyük coşqu ilə qeyd olundu

20 sentyabr 2013 | 10:00
 Ötən gün Pirallahı rayonunun əfsanəvi Neft Daşları qəsəbəsində çalışan neftçilər peşə bayramlarını – 20 Sentyabr “Neftçilər Günü”nü böyük ruh yüksəkliyi ilə qeyd etdilər. Bayram tədbirinə Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov,  “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov, ARDNŞ Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov və digər mötəbər qonaqlar dəvət olunmuşdular. Möcüzələr adasında salınmış Heydər Əliyev parkında keçirilən bayram tədbiri öncə ölkəmizin neft tarixindən bəhs edən filmin nümayişi ilə başlandı. Daha sonra tədbirdə çıxış edən ARDNŞ “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov Dövlət Neft Şirkətinin rəhbərliyi adından bütün neftçiləri təbrik etdi, onlara can sağlığı, uzun ömür, əmək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzuladı. Daşqın İsgəndərov ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın iqtisadi və siyasi inkişafı üçün atdığı çevik və mütərəqqi addımlardan bəhs etdi və bildirdi ki, məhz 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında dünyanın ən iri neft şirkətləri ilə bağlanan “Əsrin müqaviləsi” ölkəmizin bugünkü və gələcək iqtisadi inkişafını təmin etmiş oldu. Qeyd edildi ki, dahi öndərin müdrikliklə əsasını qoyduğu siyasi və iqtisadi kursu bu gün onun layiqli davamçısı cənab Prezident İlham Əliyev uğurla davam etdirir.
 Bildirildi ki, Neft Daşlarının fədakar zəhmətkeşləri özlərinin peşə bayramlarını əməkdə və sosial sahədə nailiyyətlərlə qarşılayırlar. Pirallahı rayonunun “Neft Daşları” NQÇİ-də 2013-cü ilin 8 ayı ərzində 612297 ton neft və 44280 min m3 qaz hasil olunmuşdur. Son illərdə “Neft Daşları”nda 72 quyuluq 4 hasilat platforması tikilərək istifadəyə verilib. Bunlardan ən böyüyü 36 quyuluq 5 bloklu 1887 nömrəli platformadır. Burada 22 quyu qazılaraq sutkalıq 400 ton neft hasilatı ilə istismar olunur. Onun ardınca 12 quyunun qazılması üçün nəzərdə tutulmuş 2521 nömrəli platforma istismara daxil edilmişdir. Yataqda dənizin 46 metr dərinliyində 4 bloklu 2585 nömrəli platformanın inşası da uğurla davam etdirilmişdir. “Neft Daşları" yatağı üçün yeni 620A saylı stasionar dəniz özülünün inşası da nəzərdə tutulub.
 2013-cü ilin 8 ayı ərzində dəniz neftçilərinin sosial-məişət şəraitinin  yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüşdür. Yataqxana korpuslarının dəhlizlərində və fasadlarında, Çay evində cari təmir işləri aparılmış, parkda 350 ədəd qızıl gül, 20 ədəd dekorativ ağac kolu əkilmişdir. Neftqazçıxarma sexlərində və stasionar dəniz özüllərində zəhmət adamları üçün əlverişli əmək və məişət şəraiti yaradılmışdır. Neftçilər günü ərəfəsində yataqxana korpuslarında, çay evində, helikopter meydançasında, qəsəbə və park ərazisində təmizlik işləri aparılmış, səkilər ağardılmış, məhəccərlər rənglənmiş, parkda qazon biçilmiş, ağaclar budanmış və bu işlər mütəmadi olaraq davam etdirilmişdir.
 Tədbirdə çıxış edən Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov fədakar dəniz neftçilərini peşə bayramları münasibətilə səmimi-qəlbdən təbrik etdi və onlara uğurlar arzuladı. V.İmanov bildirdi ki, Pirallahı rayonunun adlı-sanlı neftçi kollektivinin – “Neft Daşları” NQÇİ-nin əsası 1949-cu ildə qoyulmuşdur. 7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu gündə 100 t hasilatla istismara daxil oldu və beləliklə dənizdə neftçıxarma erası başlandı. Ötən əsrin 70-80-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 ton gücündə "Azərbaycan" kran gəmisi işə başladı. Bundan başqa ilk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yatağı kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 70-80-ci illərdə indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar – “Günəşli”, “Çıraq”, “Azəri”, “Kəpəz” və b. kəşf olundu. 1978-ci ildə 1 saylı platformadan 4-cü quyunun fontan vurması ilə Pirallahı rayonunun ən böyük sənaye müəssisəsinin – “28 May” NQÇİ-nin əsası qoyuldu.
  Vasif İmanov son illər neft sahəsində çalışan insanlara və onların ailə üzvlərinə göstərilən daimi diqqət və qayğıdan da bəhs etdi. Bildirdi ki, əvvəllər Neft Daşlarında və digər yerlərdə çalışan neftçilərin əmək və sosial şəraitləri lazımi səviyyədə deyildi və burada bir çox çətinliklər mövcud idi. Lakin Prezident İlham Əliyevin hər bir sahəyə olduğu kimi bu sahəyə də olan diqqət və qayğısı, o cümlədən Dövlət Neft Şirkəti rəhbərliyinin böyük səyləri ilə bu gün nəinki Neft Daşlarında, həmçinin Çilov və Pirallahı adalarında və digər ərazilərdə çalışan böyük neftçi ordusunun əmək və sosial şəraiti dünya standartları səviyyəsində təşkil olunub və bu iş daha yüksək səviyyədə davam etdirilməkdədir. V.İmanov neftçilərə olan diqqət və qayğının bariz nümunəsi kimi 2012-ci ilin dekabrında  Prezident İlham Əliyevin sərəncamı ilə Pirallahı, Çilov və Neft Daşları qəsəbələrindən ibarət yeni bir rayonun - Pirallahı rayonunun yaradıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, Bakı şəhərinin yeni rayonunun yaradılması ilə əhalisinin böyük bir hissəsini neftçi ailələrinin təşkil etdiyi hər üç qəsəbənin sosial-iqtisadi infrastrukturu yenidən və daha yüksək səviyyədə qurulacaq, burada yaşayan sakinlərin həyat səviyyəsini, rifah halını daha yaxşı bir şəkildə təmin etmək üçün bütün lazımi tədbirlər görüləcək, zəruri şərait yaradılacaqdır. İcra başçısı artıq bu istiqamətdə işlərə bir neçə aydır ki, start verildiyini və qısa bir vaxt ərzində müsbət irəliləyişlərə nail olunduğunu diqqətə çatdırdı.
 Daha sonra tədbir Heydər Əliyev parkında bayram konserti ilə davam etdirildi. Tanınmış müğənnilər Aybəniz Haşımova, Mübariz Tağıyev, Eyyub Yaqubov, Lalə Məmmədova, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva və digərləri bir-birindən maraqlı musiqi nömrələri ilə dəniz neftçilərinin peşə bayramını təbrik etdilər.
Keçidlər