Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı ilə bağlı xidmətləri heç vaxt unudulmayacaq

09 may 2019 | 11:00
     Mayın 8-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Əbədiyaşar Lider" başlığı altında tədbir keçirildi.
     Gənclər Mərkəzində keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli çıxış edərək, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü işlərdən danışdı. Bildirildi ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib. Ulu Öndərin müdrik və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olub, hüquqi, demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşması, Azərbaycanın beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsi istiqamətində önəmli addımlar atılıb.
      YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov öz çıxışında qeyd etdi ki,  Azərbaycanın böyük tarixi şəxsiyyəti, Ümummilli lider Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir. "Heydər Əliyev siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təksə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır" deyə bildirildi.
    Tədbirdə qonaq qismində iştirak edən Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr Komissiyasının katibi,  Milli Məclisin İnsan Hüquqları Komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü,  millət vəkili  Elman Nəsirov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Əmək və Sosial Siyasət Komitəsinin  üzvü,  millət vəkili Jalə Əliyeva,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin Əmək və Sosial Siyasət Komissiyasının üzvü, Səhiyyə  Komitəsinin üzvü, millət vəkili İlham Məmmədov, Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Kəmaləddin Qafarov çıxış edərək Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda əvəzsiz xidmətlərindən danışdılar.
     Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olundu.
 
Keçidlər