Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda “Sülh aylığı”na yekun vuruldu

22 sentyabr 2013 | 10:00
 Məlum olduğu kimi, 21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur və bu əlamətdar gün münasibətilə dövlət qurumları, vətəndaş cəmiyyəti və icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli 519-İVQ №-li Qanunla Pirallahı, Çilov, Neft Daşları qəsəbələri daxil olmaqla Bakı şəhər inzibati ərazi vahidi tərkibində yaradılmış Pirallahı rayonu artıq sürətli inkişaf yoluna qədəm qoymuşdur və rayonumuzda dövlət əhəmiyyətli müxtəlif tədbirlər yüksək səviyyədə təşkil edilir.
 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin 20 avqust 2013-cü il tarixli 1/10351-13 N-li məktubunda nəzərdə tutulan müddəaların həyata keçirilməsi məqsədilə Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov 23 avqust 31 N-li Sərəncam imzalamışdır. Sərəncama əsasən rayonun bütün idarə, müəssisə və təşkilatlarında 21 avqust – 21 sentyabr tarixlərində elan olunan “Sülh aylığı” çərçivəsində sülh və insan hüquqlarını təbliğ edən mövzularda tədbirlərin keçirilməsi təmin edilmişdir. Rayonun orta məktəblərində və uşaq bağçalarının yuxarı yaş qruplarında “Uşaqlar sülh istəyir” mövzusunda maarifləndirmə məqsədi daşıyan dərslər keçirilmişdir.
 Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində, Pirallahı kütləvi kitabxanasında, 29 saylı Pirallahı Uşaq Yaradıcılıq Mərkəzində “Sülh aylığının məqsədi” mövzusunda müzakirələr təşkil edilmişdir. Rayon ərazisində yekun olaraq 21 oktyabr 2013-cü il tarixində 235 N-li tam orta məktəbdə “Heydər baba, bizə sülhü Sən bağışladın!” başlıqlı tədbir keçirildi. Tədbiri açıq elan edən məktəbin direktoru Rüstəm Yaqubov “Sülh aylığı”nın məqsədi və əhəmiyyətindən danışdı, bugünkü sülhü, sabitliyi, əmin-amanlığı bizə ulu öndər Heydər Əliyevin 1994-cü ildə atəşkəsə nail olmaqla bəxş etdiyini bildirdi.
 Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun, RİH Başçısının müavini Vəzir Səfixanovun, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafovun 21 sentyabr - “Beynəlxalq Sülh Günü” ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdıran RİH Aparatının məsul əməkdaşı İlqar Məmmədli ölkəmizin insanlar arasında hüquq mədəniyyəti ilə yanşı, sülh mədəniyyətini də təbliğ etməklə Minilliyin İnkişaf Məqsədlərinə xidmət etdiyini vurğuladı. Bildirildi ki, Azərbaycan xalqı əsrlər boyu özünün sülhsevərliyi, humanizmi ilə tanınıb. Lakin bu gün Azərbaycan torpaqlarının 20 faizi xain qonşular tərəfindən işğal altında saxlanılır, 1 milyondan çox soydaşımız doğma Vətənimizdə məcburi köçkünə çevrilib. Dövlətimizin Başçısı, Prezident İlham Əliyev təcavüzkarın geri oturdulması, torpaqlarımızın işğaldan azad edilməsi üçün dinc danışıqlara, sülh prosesinə üstünlük verir. Ancaq qədim romalılar deyirdilər ki, “Sülh istəyirsənsə - müharibəyə hazırlaş!”. Bu səbəbdən Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun ildən-ilə daha da güclənməsi məqsədilə zəruri olan bütün tədbirləri görür. Bu gün Milli Ordumuz regionda ən güclü ordudur, bütün sahələrdə düşməndən qat-qat üstündür və bu fakt onu sübut edir ki, biz sülh istəyirik. Lakin heç kəs Azərbaycan xalqının sülhsevərliyindən, humanizmindən, insanpərvərliyindən sui-istifadə edə bilməz. Hər qarış Azərbaycan torpağı, doğma Qarabağımız, Prezident İlham Əliyevin dediyi kimi, ya sülh, danışıqlar, ya da başqa yolla mütləq düşmən tapdağından azad ediləcəkdir. Bu prosesin dinc yolla baş verməsinin qaçılmaz olmasını mənfur qonşularımız nə qədər tez anlasalar, məhz  onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan xalqı sülh prosesinə daim sadiqdir.
 Tədbir daha sonra 235 N-li məktəbin şagirdlərinin ifasında Vətənə, sülhə, müstəqilliyə həsr edilmiş şeir və mahnılarla, oynaq rəqslərlə davam etdirildi. Həmin gün 29 saylı Pirallahı Uşaq Yaradıcılıq Mərkəzində təşkil edilmiş “Sülh uşaqların gözü ilə” rəsm sərgisinə də yekun vuruldu.
Keçidlər