Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Gənclər Mərkəzində “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilir

10 iyun 2019 | 11:00
     Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən “Praktiki mühəndislik və liderlik” dərnəklərinin təqdimat mərasimi keçirilib.
    Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məsul əməkdaşları Rəşad Əzizov və Nazim Şahbazov, Yapon mühəndislik proqramının təsisçisi Kohei İşıgami, Azərbaycan Respublika Mühəndislik Akademiyasının təsisçisi Rəhman Rəsulzadə və gənclər iştirak ediblər.
     Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov gənclərin müasir texnologiya sahəsində əldə etdikləri biliklərin onların ixtisaslı mütəxəssis kimi hazırlığında mühüm rol oynayacağını qeyd edib. Bu baxımdan təşkil edilən dərnəklərin əhəmiyyətini vurğulayaraq deyib ki, dünyada innovativ platformalardan istifadə edilərək erkən yaşlardan uşaqların texnoloji bilikləri artırılır və bu, onlarda texniki-texnoloji elmlərə maraq yaradır.
      Tədbirdə çıxış edənlər qeyd etdilər ki, bu dərnəklər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə reallaşdırdığı “Robopark” layihəsi çərçivəsində təşkil olunub. Dərnəklərdə robotexnika, dron texnologiyaları, mürəkkəb kodlaşdırma, informatika və proqramlaşdırma sahəsində məşğələlər təşkil olunacaq. “Robopark” layihəsi çərçivəsində şagirdlərin, gənc nəslin robotexnika sahəsi üzrə maarifləndirilməsi, robotların yaradılması üzrə ilkin vərdişlərə yiyələnməsi, robotexnikanın iş prinsipi və proqramlaşdırma sirlərini öyrənməsi üçün master klassların keçirilməsi, seçilmiş uşaqlar üçün müvafiq təlimlərin keçirilməsinə start verilməsi üçün hazırlıq işlərinin təşkil edilməsi kimi məsələlərə toxunulub.
        Daha sonra Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının mütəxəssisləri akademiya tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, məşğələlər əsasən, 8-16 yaş arası uşaqları əhatə edəcək.
     Qeyd olunub ki, 4 ay davam edəcək “Mən pilotam” təlimi (dronların öyrənilməsi, yığılması, test edilməsi) isə 8-12 yaş arası məktəblilərə dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək imkanı yaradacaq.
     Yapon mühəndislik proqramının təsisçisi Kohei İşıgami “Yapon mühəndisliyi (GENESİS)” proqramı haqqında ətraflı məlumat verdi.
     Diqqətə çatdırıldı ki, təlimlər zamanı təkcə dərs deyil, iştirakçıların inkişafı üçün müxtəlif intellektual oyunlar və müsabiqələr də təşkil ediləcək.
 
 
Keçidlər