Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəblərində “Bilik günü” qeyd olundu

16 sentyabr 2019 | 11:00
      Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi «Bilik günü» Pirallahı rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə və bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlandı. Yeni dərs ilinin açılış mərasimlərində Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak etdilər.
    Rayon ərazisində yerləşən yeddi məktəbin hər birində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı. Məktəb direktorları tədbiri açaraq, çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından, həm də məktəbin müəllim və şagird kollektivləri adından dərin minnətdarlıqlarını bildirdilər və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı gənclər yetişdirəcəklərinə söz verdilər. Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmışdıl. Təhsilin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi vurğulandı.
     Tədbirlərə qatılmış Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları məktəblərin pedaqoji kollektivlərini və şagirdləri Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından “Bilik günü” münasibəti ilə təbrik etdilər və onlara təhsildə uğurlar arzuladılar. Qeyd edildi ki, yeni tədris ilində də məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.   Bildirildi ki, sentyabrın 4-də Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş rayon müəllimlərinin toplantısında təhsildəki nailiyyətlər, mövcud problemlər, qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Vurğulandı ki, ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir, rayonun bütün ümumtəhsil məktəblərinin müasir inventar və avadanlıqlarla təmin olunması istiqamətində zəruri işlər görülür. Hal-hazırda rayon ərazisində 6 ümumtəhsil müəssisəsi və bu il istifadəyə verilmiş Laçın rayon 220 yerlik Bozlu kənd orta məktəbi fəaliyyət göstərir.  2018-2019-cu tədris ilində rayon məktəblərində təhsil alan şagirdlərin sayı 2919 nəfər olmuşdur. Ümumilikdə rayon məktəblərində çalışan müəllimlərin sayı 243, texniki heyətin sayı isə 112 nəfər olmuşdur.
    Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, öz sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə ifadə etdilər.
    Qeyd edək ki, 2018-2019-cu tədris ilində Pirallahı rayonunun tam orta məktəblərindən 7 azərbaycan, 2 rus bölməsi olmaqla 169 nəfər orta məktəbi bitirmişdir, onlardan 136 nəfər DİM tərəfindən keçirilən qəbul imtahanında iştirak etmiş və 115 nəfər tələbə adını qazanmışdır. Məktəbi bitirənlərin sayına nisbətən sənəd verənlər 80 %, sənəd verənlərin sayına nisbətən qəbul 84 % olmuşdur. Bu isə keçən illə müqayisədə məktəbi bitirənlərin sayına nisbətən sənəd verənlər 24 % çox,  sənəd verənlərin sayına nisbətən qəbul isə  4 % çoxdur. Beləliklə keçən illə müqayisədə qəbul olunanların sayı 33 nəfər çoxluq təşkil edir. 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul olanların 42 nəfər 200-dən 300-dək bal, 35 nəfər 300-400 bal arası, 15 nəfər 400-500 bal arası, 8 nəfər 500-600 bal arası, 1 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Sevindirici haldır ki, 243 nömrəli tam orta məktəbi qızıl medalla bitirən Mahmudova Nərgiz Gündüz qızı 637 bal toplayaraq Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur.
 
 
Keçidlər