Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıllara həmişə xüsusi diqqət və qayğı göstərilir

01 oktyabr 2019 | 11:00

Pirallahıda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirildi

 

     Sentyabrın 30-da Pirallahı qəsəbəsində yerləşən “Ahılların Günərzi Mərkəzi”ndə Heydər Əliyev Fondunun dəstəyi  və Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatıçılığı ilə 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirildi.
     Əvvəlcə Heydər Əliyev Fondunun, Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının hazırladıqları bağlamalar ahıllara paylanıldı.
     Pirallahı rayonunda yaşayan ahıllar, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ölkəmizdə ahıl insanlara göstərilən dövlət qayğısından danışdı. "BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis olunmuşdur. 1993-cü ildən başlayaraq hər il oktyabrın 1-i respublikamızda Beynəlxalq Ahıllar Günü silsilə tədbirlərlə qeyd edilir. Məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək, imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Azərbaycan dövləti tərəfindən ahıllara həmişə xüsusi diqqət və qayğı göstərilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanunu imzalamışdır. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar. Azərbaycanda ahıllarla bağlı milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və son 15 ildə Prezident İlham Əliyevin layiqli səviyyədə davam və inkişaf etdirdiyi bu humanist siyasətin əsasında ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması, maddi və mənəvi tələbatlarının ödənilməsi dayanır" - deyə V.İmanov bildirildi.
     Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ahıl insanlara qayğısından danışdı: "Həqiqətdə ahıllara hörmət və qayğı hər bir bəşər övladının daxilindən gələn əxlaqi dəyərdir. İnsanın qocalıq dövründə heç nəyə qadir olmadığını düşünmək isə səhv yanaşmadır. Lap qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli, müdrik adamlar hesab olunublar. Qocaların ən böyük sərvəti isə onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür. 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i respublikamızda "Beynəlxalaq  Ahıllar Günü" kimi qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 İyun 2001-ci il tarixində Ahıllara sosial xidmət haqqında Qanun imzalayıb. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək hökumət və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir.” H.Şikarov vurğuladı ki, ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Prezidentinin 2006-cı il 17 aprel tarixli Sərəncamı ilə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib.
     Tədbirdə YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov gənclərin ahılların həyat təcrübəsindən yararlandırlarını vurğuladı.
     Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov çıxış edərək yaşlı insanlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi.
     Rəsmi hissənin sonunda bir qrup ahıl insan Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının  Fəxri fərmanları ilə təltif olundular.
       Bayram süfrəsi ətrafında keçirilən tədbir maraqlı konsert proqramı ilə davam etdi. Ahıllar rəqs edib, şənləndilər.
 
Keçidlər