Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir

18 oktyabr 2019 | 11:00
     Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə rayonunun təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Həmin tədbirlər çərçivəsində oktyabrın 18-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə növbəti tədbir təşkil olundu. Toplantıda RİH-nin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.
      Dövlət himninin sədaları ilə açıq elan edilən tədbirdə Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov dövlət müstəqilliyimizin bərpası ilə əlaqədar geniş nitq söylədi. Qeyd edildi ki, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli  rol oynadığını bəyan edən Heydər Əliyev demişdir: “Biz xoşbəxtik ki, xalqımız azadlığa çıxıbdır. Biz xoşbəxtik ki, bizim özümüzün müstəqil dövlətimiz var. Biz xoşbəxtik ki, Azərbaycan dünya birliyində, dünya dövlətləri içərisində, bütün beynəlxalq təşkilatlarda özünə yer tutub və Azərbaycan hər yerdə böyük gələcəyi olan nüfuzlu bir ölkə, Azərbaycan kimi tanınır”. 1995-ci il noyabrın 12-də müəllifi ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu ilə ölkəmizdə yeni dövlət quruculuğunun və onun fəaliyyətinin hüquqi əsası yaradıldı.
      Diqqətə çatdırıldı ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasəti onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyev düşünülmüş və uzaqgörən fəaliyyəti ilə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi, onu sarsılmaz, dönməz etdi. Cənab Prezident bildirmişdir ki: “Azərbaycan tam müstəqil siyasət yeridir. Bunun əsasında iqtisadi müstəqillik və hakimiyyətlə xalqın birliyi durur’’.
      Çıxışın sonunda natiq qeyd etdi ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən məqsədyönlü siyasət əminliklə deməyə əsas verir ki, “Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir!”
         Tədbir konsert proqramı və məktəblilər tərəfindən hazırlanmış maraqlı səhnəciklərlə davam etdirildi.
 
Keçidlər