Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsində «xeyir-şər evləri”nin əsaslı təmiri davam edir

05 oktyabr 2013 | 10:00
 Doqquz ay əvvəl paytaxtımızın xəritəsinə yeni bir ünvan yazıldı – Pirallahı rayonu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il dekabrın 21-də Pirallahı, Çilov və Neft Daşları qəsəbələri daxil olmaqla Pirallahı rayonunun yaradılması haqqında Qanunu imzaladı və həmin gündən sonra Pirallahı qəsəbəsi gözlərimiz önündə öz simasını günü-gündən dəyişməkdədir. Hazırda Pirallahı Bakının ən gözəl, abad, müasir tipli qəsəbələrindən birinə çevrilməkdədir. Milli Məclisin deputatı Rauf Əliyevin qeyd etdiyi kimi, qəsəbə sürətli inkişaf dövrünü yaşayır və onu qarşıda daha geniş perspektivlər gözləyir. Bütün bu proseslər sakinlərin firavan həyatının, rahat yaşayışının təmin edilməsinə xidmət edir.
 Hazırda qəsəbədə mövcud “xeyir-şər evləri”nin əsaslı təmiri və inşaat işləri yarımçıq qalmış binaların tikintisinin başa çatdırılaraq əhalinin istifadəsinə verilməsi istiqamətində işlər həyata keçirilir.
  Artıq S.Bağırov küçəsindəki və 28-ci məhəllədəki “xeyir-şər evləri”ndə işlər müvəffəqiyyətlə başa çatdırılaraq bu obyektlər sakinlərin istifadəsinə verilib. Daha üç “xeyir-şər evi”ndə isə əsaslı təmir işləri davam edir. Obyektlərin istifadəyə verilməsi müddətini yaxınlaşdırmaq məqsədilə artıq həmin “xeyir-şər evləri” lazımi avadanlıqlarla tam təmin olunublar.
  Kamil Rzayev küçəsində inşa edilən yeni “xeyir-şər evi”nin tikintisi də başa çatmaq üzrədir. Eyni vaxtda 200 qonağı qəbul edə biləcək bu binanın artıq dam örtüyü vurulur, daxilində isə rəngsaz və son tamamlama işləri görülməkdədir.
  Pirallahının ən “qədim” problemlərindən olan içməli su məsələsi də həll olunur. Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Qeyd olunan Dövlət Proqramı çərçivəsində “Azərsu” ASC Bakı şəhəri və Abşeron rayonunun 36 kənd və qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üzrə kompleks işlər həyata keçirir. Məhsuldarlığı saniyədə 6 kubmetr olacaq Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral kəmərinin çəkilişi Abşeron yarımadasında 1 milyondan artıq sakinin, o cümlədən pirallahılıların içməli su təchizatının yaxşılaşmasına səbəb olacaqdır.
  Hazırda 29-cu məhəllənin abadlaşdırılması və asfalt döşənməsinə başlanması istiqamətində geniş miqyaslı işlərə start verilib. “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisi, “Abad məhəllə-1”in iki binasının və Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün inşası, Qala qəsəbəsindən Pirallahıya müasir avtomobil yolunun çəkilişi, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, Çilov adasında yollara asfalt döşənməsi, klubun tikintisi davam edir.
Keçidlər