Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirildi

23 noyabr 2019 | 11:00
     Noyabrın 22-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Pirallahı Gənclər Mərkəzində “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, RİH əməkdaşları, rayon müəssisə, idarə və təşkilatların təmsilçiləri iştirak etmişlər.
     Tədbiri açıq elan edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Vəzir Səfixanov  qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Qeyd olundu ki, müstəqillik əldə edildikdən sonra bir sıra problemlər kimi narkomaniya probleminə qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi də ön plana çıxmışdır və problemə münasibətdə yeni mərhələ başlanmışdır. V. Səfixanov bildirdi ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilərək bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib. Azərbaycan Respublikası həmçinin, müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2019-2024-ci illəri əhatə edən 3-cü Dövlət Proqramı”nı təsdiq etmişdir. Narkomaniyanın heç bir yaş sərhədi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olaraq qeyd edən natiq bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğuladı.
      Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Dövlət Komissiyasının İşçi Qrupunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin nümayəndəsi- Zamin Əliyev ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələrin qoyulduğunu qeyd etmişlər. Vurğulanmışdır ki, ilk növbədə orta və ali təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
       Sonda qonaqlar mövzu ətrafında tədbir iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.
 
Keçidlər