Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən qəsəbə İƏD üzrə nümayəndəliyinin 2019-cu ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

01 fevral 2020 | 11:00
    Yanvarın 31-də Pirallahı  Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbə İƏD üzrə nümayəndəliyinin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə edilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, RİH əməkdaşları, Gürgən bələdiyyəsinin, Ağsaqqallar şurasının üzvləri, eləcə də qəsəbə sakinləri iştirak etmişlər.
       Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbə İƏD üzrə nümayəndəsi Nicat Qafarov bildirdi ki, Gürgən qəsəbə nümayəndəliyi öz işini 2019-cu il üçün  hazırlanmış, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun təsdiq etdiyi iş planı əsasında qurmuşdur. Məruzədə nümayəndəliyin rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyini vurğulandı. Qeyd edildi ki, qəsəbənin sosial-məişət problemlərinin həll olunması, ərazidə təmizlik-abadlıq işlərinin yerinə yetirilməsi istiqamətində aparılan işlərdə nümayəndəlik öz fəaliyyətini Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Pirallahı Yaşıllaşdırma İdarəsi, Gürgən Bələdiyyəsi və rayon xidmət idarələri ilə əlaqə qurmuşdur. Məişət tullantıları Pirallahı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təmizlik Sahəsi tərəfindən gündəlik daşınır. Məişət tullantılarının vaxtında daşınmasına, meydançalarda təmizlik və adablıq işlərinin aparılmasına, sanitar təmizliyə ciddi nəzarət olunmuşdur. Diqqətə çatdırıldı ki, 2019-cu il ərzində qəsəbədə su, kanalizasiya, elektrik və istillik təchizatı yaxşılaşmışdır.  Qəsəbədə ekoloji mühitin sağlamlaşdırılmasına, yeni yaşıllıq zolaqlarının salınmasına toxunan natiq qeyd etdi ki,  il ərzində Gürgən qəsəbəsində xeyli sayda ağaclar əkilmişdir. Əkilmiş ağacların və yaşıllıqların vaxtlı-vaxtında suvarılması təşkil edilməkdədir. Nümayəndəlikdə 2019-cu il ərzində 9 əmr verilmiş, RİH-dən 21 əmr və sərəncam daxil olmuş, 27 nəfər sakin rəsmi olaraq  nümayəndənin qəbulunda olmuş,  56 nəfər  isə şifahi müraciət etmişdir. Edilmiş hər bir müraciət aidiyyəti orqanlarlar qarşısında qaldırılaraq vətəndaşlara müvafiq köməkliklər göstərilmişdir. RİH-dən və digər  aidiyyəti orqandan 18 sənəd daxil olmuş, 53 məktub göndərilmişdir. 2019-cu il ərzində sakinlərdən heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. Nümayəndəlik tərəfindən vətəndaşlara 163 arayış verilmişdir.
       Rayon İcra Hakimiyyəti başçısının  I müavini Vəzir Səfixanov öz çıxışında dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafının Prezident İlham Əliyevin adı ilə bağlı olduğundan bəhs etdi. Natiq yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyevin çıxışını bir daha yığıncaq iştirakçılarının diqqətinə çatdırdı, elan olunmuş “Könüllülər ili” ilə bağlı keçiriləcək silsilə tədbirlərlə bağlı təkliflərini verdi. V.Səfixanov, həmçinin, 09 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə nümayəndəliklərinin üzərinə düşən böyük vəzifələri qeyd edərək, nümayəndəliklərin xalqla mərkəzi orqanlar arasında körpü rolunu oynamasını bildirdi. Cari ildə qəsəbənin sosial-iqtisadi inkişafında görüləcək tədbirlər haqqında danışan natiq Azərbaycan Respublikası Prezidenti İlham  Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Pirallahı rayonunun daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən söz açdı.
     231 nömrəli tam orta məktəbin direktoru Seymur Yusibov, Gürgən Mədəniyyət Evinin metodisti Fatma Mirzəyeva öz çıxışlarında hesabata münasibət bildirdilər. Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxundular, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar. Yığıncaqda sakinləri maraqlandıran suallar cavablandırıldı.
     Sonda toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Gürgən qəsəbə İƏD üzrə nümayəndəliyinin, hesabatı nəzərə alınaraq, 2019-cu ildə gördüyü işlər qənaətbəxş hesab olundu.
 
 
 
Keçidlər