Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olundu

28 fevral 2020 | 11:00
      Fevralın 28-də Pirallahı rayonunda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, FHN-nin Bakı Regional Mərkəzinin nümayəndələri, Pirallahı rayonunda dislokasiya olunmuş idarə və müəssisələrin rəhbərləri və kollektiv üzvləri iştirak etdilər.
       FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov öz çıxışında maarifləndirmə məqsədi ilə keçirilən belə tədbirləri yüksək qiymətləndirdi. Natiq bildirdi ki, Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. K.Bağırov fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməyə nail olmağı hədəfləyən bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurğuladı.
     Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Cəsarət Kərimov, 231 nömrəli tam orta məktəbin direktoru Seymur Yusibov və digər çıxış edənlər maarifləndirici tədbirlərin əhəmiyyəti barəsində tədbir iştirakçılarına məlumat verdilər. Məruzəçilərin çıxışlarında Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və fəaliyyət istiqamətləri, “1 mart -  Ümumdünya Mülki Müdafiə Günü” və onun qeyd edilməsinin məqsədi, Azərbaycan Respublikasının Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzvlüyü,  Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi barədə iştirakçılara ətraflı məlumatlar verilmişdir.
    Tədbir zamanı fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası,   “112” zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.
     Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.
 
 
Keçidlər