Şriftin ölçüsü :

Saytın rəngi :

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

31 mart 2020 | 11:00
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tariximizin faciəli səhifələrindən biridir.
Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında deyildiyi kimi, “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir”.
Soyqırımı siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunmuşdur. XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir.
1988-ci ildə erməni millətçiləri o vaxtkı SSRİ rəhbərliyinin və xarici havadarlarının təhriki ilə Dağlıq Qarabağı güclə Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı açıq təcavüzə başladılar və az sonra tammiqyaslı hərbi əməliyyatlara keçdilər. 1992-ci ilin fevralında erməni hərbi birləşmələrinin törətdiyi Xocalı faciəsi öz qəddarlığına və amansızlığına görə misli görünməmiş soyqırımı aktı, insanlıq tarixində qara ləkə kimi qalacaqdır. Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir.
Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart - Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.
Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində tayı-bərabəri olmayan erməni millətçiləri bu gün də bütün dünyada ölkəmiz və xalqımız əleyhinə təbliğat müharibəsi aparır, beynəlxalq ictimaiyyəti çaşdırmağa, Azərbaycan ərazilərinin işğalını unutdurmağa çalışırlar. Dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli inteqrasiya proseslərinin geniş yayıldığı bir zamanda erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi və dünya düzənini pozmağa yönəlmiş dağıdıcı amil rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edir.
Tarixi proseslərin gedişi Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasətinin iflasa məhkum olduğunu sübut etməkdədir. Son illərin təcrübəsi göstərir ki, erməni işğalçılarının və onların havadarlarının imkanları heç də qeyri-məhdud deyildir və bu imkanlar getdikcə tükənməkdədir. Bu siyasətə qarşı geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan dövləti, onun beynəlxalq aləmdə getdikcə artan siyasi nüfuzu, dünya azərbaycanlılarının və ölkəmizin dostlarının gündən-günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü Azərbaycan ordusu dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə müntəzəm və məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dağıtmağa uğurla müvəffəq oluruq. İkili standartlara və ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında həqiqəti daha tez-tez etiraf etməli olur. Soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri bütün dünyada getdikcə daha geniş xarakter alır və ciddi əks-səda doğurur.
Bu gün Azərbaycan regionda və dünyada dinamik inkişaf edən dövlət olaraq, həm də əməkdaşlıq və tolerantlıq məkanı kimi qəbul olunur. Ölkədə möhkəm sosial və milli-dini həmrəylik mövcuddur. Azərbaycan soyqırımı faktlarından başqa xalqlara düşmənçilik və nifrət aşılamaq üçün istifadə etmir. Ölkəmiz yalnız tarixi ədalətin və həqiqətin bərpa olunmasını, dünyanın heç bir yerində belə faciəli hadisələrin təkrarlanmayacağına təminat verilməsini istəyir. Bunun əksinə, işğalçı Ermənistanda iqtisadi və mənəvi-siyasi tənəzzül getdikcə dərinləşir, sosial problemlər və demoqrafik vəziyyət gərginləşir. Ermənistan təcavüzkar siyasəti ilə özünü bütün regional iqtisadi-enerji və nəqliyyat-kommunikasiya layihələrindən təcrid etmişdir. Bu ölkədə baş verən siyasi böhran, antidemokratik proseslər onun rəhbərliyinin məhdud, təcavüzkar siyasətinin nəticəsidir, erməni xalqının geniş dairələrinin hakimiyyətə etimadsızlığının göstəricisidir. Ermənistan rəhbərliyi öz təcavüzkar və davakar siyasətindən nə qədər tez imtina etsə, qonşularla siyasətini əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qursa, bu, onun özü üçün də bir o qədər yaxşı olar.
Bu gün tam əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, xalqımızın vətənpərvərliyi, birliyi və həmrəyliyi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün bərpasına, soyqırımı həyata keçirənlərin, xalqlar arasında düşmənçilik salanların ifşasına nail olacağıq.
Keçidlər