Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsində “Vətən uğrunda” abidə-kompleksin inşası davam etdirilir

22 oktyabr 2013 | 10:00
  Bakı şəhərində və onun qəsəbələrində aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri, salınan park və xiyabanlar ölkə vətəndaşları ilə yanaşı, respublikamıza səfər edən qonaqlar tərəfindən də müsbət qarşılanır. Bu baxımdan görülən kompleks tədbirlərin tərkib hissəsi kimi Vətənin bütövlüyü uğrunda canını qurban verən igid oğullarımızın uyuduğu və müqəddəs and yerimiz olan şəhid məzarlıqlarının yenidən bərpa olunması və abadlaşdırılması da təqdirəlayiq haldır.
 Vətənimizin dar günündə silaha sarılaraq Qarabağ cəbhəsinə yollanan və şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsi Pirallahı qəsəbəsində inşa ediləcək “Vətən uğrunda” abidə-kompleksində əbədiləşdiriləcəkdir. Kompleksin ümumi sahəsi 2800 kvadrat metr olacaqdır. Kompleks, aypara formasında inşa ediləcək və yuxarıdan baxanda aypara və səkkizguşəli ulduz şəklində görünən abidədən ibarət olacaqdır. Qəsəbənin mərkəzində yerləşəcək bu abidədə 20 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin doğum və şəhid olma tarixləri həkk olunacaqdır. Şəhidlərin şəkilləri həkk olunmuş 10 lövhə abidənin bir hissəsində, 10 lövhə isə o biri hissəsində yerləşdiriləcəkdir.
  “Vətən uğrunda” adlı abidənin inşa olunmasının əsas məqsədi qəsəbə sakinləri tərəfindən şəhidlərimizin xatirəsinin yad edilməsi üçün şəraitin yaradılması, şəhidlərin adının ucaldılması, bugünkü gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən işlərin gücləndirilməsidir.
  Pirallahıda hazırda Polis şöbəsinin yeni inzibati binasının inşası, 29-cu məhəllənin abadlaşdırılması və asfalt döşənməsinə başlanması, “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisi, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, “Abad məhəllə-1”in iki binasının və Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi, Qala qəsəbəsindən Pirallahıya müasir avtomobil yolunun çəkilişi istiqamətində geniş miqyaslı işlər sürətlə davam edir.
Keçidlər