Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus pandemiyasına qarşı mübarizə hər birimizin vətəndaşlıq borcudur

12 may 2020 | 11:00
      Dünyanın demək olar ki, bütün ölkələrində sürətlə yayılan Koronavirus pandemiyası ümumbəşəri bir problem olub, insanları vahiməyə salmışdır. Bu dəhşətli virusa qalib gəlmək üçün dövlətlər beynəlxalq əhəmiyyətli tədbirləri təxirə salır, sərhədlərini bağlayır vəya ticarət əlaqələrini kəsirdilər. Hətta bir çox ölkələrin liderləri əhali ilə belə təmaslarını dondurublar. Belə bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyev bölgələrə - Goranboy, Tovuz, Qazax, Ağstafa, Şəmkir rayonlarına - səfər etmiş, müxtəlif obyektlərin açılışında iştirak etmişdir. Prezidentimizin bölgələrə səfərini dünya mediyası da yaxından izləyərək, “İlham Əliyevdən nümunəvi addım” kimi qiymətləndirmişdir. Bu səfərlər bir daha təsdiq edir ki, ölkə başçısı həmişə, hətta ən təhlükəli və çətin anlarda belə xalqı ilə yan-yanadır və ölkəmizin regionlarındakı vəziyyət, insanların problemlərinin həlli onun üçün ən prioritet məsələdir. Ölkə ərazisində baş verən hər hansı təbii fəlakət zonasında ya da ən qızğın hərbi əməliyyat meydanında dövlət başçısı hər hansı təhlükədən çəkinməyərək həmin ərazilərə səfərlər edir, vəziyyətlə şəxsən tanış olur, insanların problemlərinin həlli ilə bağlı göstərişlər verir. Bununla da biz hər birimiz prezidentimizin xalqımıza verdiyi dəyəri görür və ona tam arxalanırıq.
     İnfeksiyanın yayıldığı ilk günlərdən etibarən Cənab Prezident İlham Əliyev bölgələrə səfərlər edərək, müxtəlif təyinatlı xəstəxana və zavodların açılışında iştirak etmişdir. Şübhəsiz ki, bu xəstəxana və zavodlar pandemiya ilə mübarizədə xüsusi əhəmiyyət daşıyacaqdır. Belə ki, modul tipli yardımçı xəstəxanaların,  tibbi maska istehsal edən müəssisəsin  və 575 pasiyent üçün nəzərdə tutulan xəstəxananın açılışı çox əhəmiyyətli və vacib addımlardır.  Qeyd edək ki, Prezident İlham Əliyev “Mir” televiziya kanalına verdiyi müsahibədə Koronavirusla mübarizədən danışaraq demişdir: “İnsanlarımızın sağlamlığını və həyatını qorumaq məqsədilə biz lap əvvəldən məhdudlaşdırıcı tədbirlər gördük. Tədbirlər özünü doğrultdu. Bu tədbirlər tədricən sərtləşdirildi və son nəticədə biz xüsusi karantin rejiminin tətbiqinə gəlib çatdıq. Bizim bütün resurslarımızın səfərbərliyə alınması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati iş aparıldı. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salındı”.
Goranboy rayon Mərkəzi xəstəxanasının açılışında isə Prezident İlham Əliyev demişdir: “Son 16 ildə ölkəmizdə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Bunun əsas məqsədi vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsidir. Bu gün demək olar ki, bütün şəhərlərimizdə müasir tibb müəssisələri fəaliyyət göstərir. Bu tibb müəssisələrində həm müalicə, həm də diaqnostika aparmaq üçün bütün imkanlar var”. Bəli,  səhiyyə ocaqlarının müasir tibbi avadanlıqlarla təmin edilməsi yalnız paytaxt Bakıda deyil, bütün regionlarda müşahidə edilir. Bu dövlətimizin xalqın hər bir nümayəndəsinə verdiyi qiymətdir. Ümumiyyətlə, Azərbaycanda səhiyyə sisteminin maddi–texniki bazasının möhkəmləndirilməsi gözlənilməz hadisələri də nəzərə almışdır və bu səbəbdən də bütün dünyanı lərzəyə salan pandemiyaya qarşı ölkəmizdə səhiyyə sistemi demək olar ki, hazır vəziyyətdədir. Bu dövlət başçısının uzaqgörən siyasətinin nəticəsidir. 
      Pandemiya dövründə sərhədlərin bağlanması bir çox vətəndaşımızı çətin vəziyyətə salmışdır. Ancaq dövlət başçısı yenə də qətiyyət nümayiş etdirərək, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirdi. Vətəndaşlarımızın həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin edildi. Onlar lazım olan müddət ərzində karantində saxlanılaraq, ölkəmizdə xəstəliyin yayılmasının qarşısı alındı. Beləliklə, dövlət həm xaricdəki, həm də daxildəki vətəndaşlarını qorudu. Eyni zamanda, ölkə daxilində insanların bir-biri ilə əlaqəsinin kəsilməsi üçün qısa müddət ərzində bütün zəruri tədbirlər görüldü. Məktəblər, ali məktəblər, uşaq bağçaları, böyük ticarət mərkəzləri və ictimai iaşə obyektləri və s. müvəqqəti olaraq bağlandı. Məqsəd bütün vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Ancaq bu da hələ son deyildi. Pandemiyadan zərər çəkən insanlar da nəzərə alınaraq böyük bir sosial paket təsdiq olundu. Belə ki, aztəminatlı əhaliyə humanitar yardımlar göstərildi, 190 manat birdəfəlik ödəmənin verilməsi təmin edildi. Bunlar hamısı Prezidentimizin xalqımıza verdiyi yüksək qiymət və sonsuz dəstəyin təcəssümüdür.
       Azərbaycanda pandemiya ilə bağlı görülən işlər sadəcə ölkəmizdə yox, bütün dünyada da yüksək qiymətləndirilir. Təkcə onu demək kifayətdir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən Prezidentimizə ünvanlandırılan məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunmuşdur.
       2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir. Görüşdə çıxış edən cənab İlham Əliyev pandemiya ilə bağlı: “Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq” demişdir. Ancaq, Azərbaycan Prezidenti özünəqapanma sindromunun heç kəsə xeyir gətirməyəcəyini və dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı olduğunu bilirdi. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü şəraitdə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi və Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırdı. Bu Azərbaycan Prezidentinin uzaqgörənliyi və dünyadakı nüfuzunu bir daha təsdiq etdi.
      Beləliklə, ölkədə daim aparılan qabaqlayıcı tədbirlər, yeni və sistemli islahatlar, vəziyyətə uyğun olaraq atılan addımlar nəticəsində hər bir regionumuzda, o cümlədən də, mənim yaşadığım Pirallahı rayonunda koronavirus xəstəliyinin yayılması geniş vüsət almamışdır. Dövlət başçısı İlham Əliyevin dəqiq və düşünülmüş siyasəti nəticəsində ölkəmizdə insanların həyatı və sağlamlığı qorundu və pandemiyanın geniş vüsət almağına imkan yaradılmadı.
      Bütün bunlardan əlavə onu da vurğulamaq istərdim ki, ölkəmizdə görülən işlərə kölgə salmağa çalışanlar da Prezidentimizin qətiyyəti nəticəsində öz  cəzalarını alırlar.  Belə ki, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyət hərkəsə dərs olmalı və hərkəs öz işini Cənab Prezidentin siyasətinə və dövlətçiliyinə uyğun qurmalıdır. Bütün bu görülən işlər Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür.
      Ulu öndərimizin yaratdığı müasir müstəqil Azərbaycan onun şah əsəridir. Prezidentimiz İlham Əliyev bu şah əsərin layiqli səhifələrini yazan ədalətli, mətin və mübarizələrdən qalib çıxmağı bacaran Lideridir. Biz hər birimiz Onunla fəxr edirik və onun ətrafında bundan sonra da sıx birləşəcəyimizi bildiririk.

 

Pirallahı rayon 168 saylı tam orta məktəbin müəlliməsi-Alxasova Sevda Ayaz qızı

Keçidlər