Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslərin dövlət tərəfindən cəzalandırılması davam etdirilir

13 may 2020 | 11:00
Dünyanın bütün ölkələrini bürüyən koronavirus pandemiyasına qarşı Azərbaycanda qəti tədbirlər həyata keçirilməkdədir. Tədbirlərə başlandığı andan indiyədək atılan addımların ardıcıllığına diqqət yetirsək görərik ki, əsas məqsəd insanların sağlamlığının təmin edilməsi  və bu bəladan minimum itkilərlə çıxmaqdır. Amma təəssüflər olsun ki, belə çətin günlərdə öz maraqlarını düşünən, dövlət strukturlarında çalışıb, dövlətçiliyə, xalqa xəyanət edənlər də oldu. Dövlətimizin həyata keçirdiyi sosial dəstək tədbirlərindən öz şəxsi mənafeləri üçün bəhrələnənlərin təbii ki, bir adı var – vicdansızlıq və xəyanət.
Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətə hər kəs şahidlik etdi. icra hakimiyyətinin başçısının həbsinə qərar verilirsə, demək, bu hadisə digər rayonların rəhbərlərinə və məmurlara da ciddi dərs olmalıdır. Bu cür hay-küylü həbslərdən sonra yerdə qalan bütün məmurlar özləri üçün düzgün nəticə çıxarmağa, işlərində yol verdikləri nöqsanları aradan qaldırmağa çalışmalıdırlar.
Baş verənlərdən nəticə çıxarmayan İmişli Rayon İcra Hakimiyyəti başçısının karantin günlərində dövlət tərəfindən vətəndaşlara verilən sosial vəsaitlərə, Heydər Əliyev Fondunun imkansız ailələr üçün göndərdiyi yardımlara əl qoyması, onları mənimsəməsi isə onun reallıq hissindən uzaq olduğundan xəbər verir.
Həbs olunan icra başçılarının yol verdiyi qanunsuz hallar həm vətəndaşlarımız tərəfindən, həm də ölkə başçısı tərəfindən dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir. Xalqın malına göz dikən məmurlar üçün nümunə cənab Prezidentin özü və onun apardığı siyasət olmalıydı. Məsuliyyət hissini itirmiş bu şəxslər dünyanı cənginə alan Covid-19 pandemiyasından ölkəmizin minimum itkilərlə çıxmasına zəmin yaradan Prezident İlham Əliyevin yürütdüyü siyasətə qarşı vicdansızlığa yol verdi, mənəviyyata sığmayan əməllərə imza atdılar. Belə neqativ halların baş verməsi heç şübhəsiz ki, ilk növbədə cəmiyyətin və dövlətin mənafeyinə ağır zərbə vurulmasına gətirib çıxarır. Ancaq Prezident İlham Əliyevin yerlərdə ciddi qanun pozuntularına yol verən və özbaşınalıq edən başçıların məsələsini nəzarətə götürməsi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xüsusi əməliyyatların keçirilməsi hər kəsə ciddi xəbərdarlıq siqnalı oldu. Həmçinin, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin ölkə başçısı tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin edilməsi faktı da korrupsiyaya bulaşan məmurlara qarşı mübarizənin aparılacağının ismarıcı idi. Prezident bu cür açıq və konkret mesajları, effektiv qərarları ilə istər icra başçılarını, istərsə də digər məmurları xalqa fədakarlıqla xidmət etməyə, vətəndaşları incitməməyə, süründürməçiliklərə yol verməməyə, islahatlar prosesinin fəal iştirakçısı olmağa və ən başlıcası isə yalnız qanunlar çərçivəsində fəaliyyət göstərməyə dəvət edir.
Reallıq onu göstərir ki, Prezident İlham Əliyevin rüşvətə, korrupsiyaya bulaşmış, vətəndaşları incidən məmurları işdən azad etməsi və onların cinayət məsuliyyətinə cəlb olunması heç də dekorativ, kosmetik xarakter daşımır. Prezidentin kadr dəyişikliklərinin və islahat proseslərinin bundan sonra da ardıcıl surətdə davam etdirilməsində qərarlı olduğunu əminliklə söyləmək olar.
Aparılan geniş islahatların kökündə ölkəmizin yeni inkişaf mərhələsinə uğurlu keçidini təmin etmək məqsədi dayanır. Mövcud həssas dönəmdə hər bir məmur özünü Prezidentin əsgəri kimi hiss etməli, onun  komandasında layiqli yer tutmaq üçün öz düşüncə və yanaşmalarında dəyişiklik etməlidir. Dövlətini, xalqını düşünən, ən əsası dövlət idarəçiliyində tutduğu vəzifənin məsuliyyətini dərk edən kəs öz cibinə yox, ona göstərilən etimadı doğrultmağa çalışmalıdır.


“Qarabağ Veteranları, Əlilləri və Şəhid ailələri”
İctimai Birliyinin Pirallahı rayon şöbəsinin sədri    Oruc Mustafayev

Keçidlər