Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan beynəlxalq aləmdə dünyanın qibtə etdiyi lider ölkədir!

15 may 2020 | 11:00
2019-cu ilin dekabr ayında Çində başlayan yoluxucu COVİD-19 virusu sürətlə planetin bütün ölkələrinə yayılmağa başladı. Dünyanın ən inkişaf etmiş super dövlətləri belə bu xəstəlik qarşısında aciz qaldığı halda, Azərbaycan dövləti tərəfindən insanların sağlamlığını və həyatını qorumaq məqsədilə məhdudlaşdırıcı tədbirlərin görülməsi, cənab İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi diqqət və həssaslığın nəticəsində Azərbaycan bu xəstəliklə mübarizədə çox böyük uğurlar əldə etmişdir. Vaxtında verilən düzgün qərarlar ölkəmizi bu xəstəliyin ağır nəticələrindən qorumuşdur. Ölkədə karantin rejiminin tədbiq olunması, dövlətin bütün resurslarının səfərbər olması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların dövlət tərəfindən əldə edilməsi üzrə böyük təşkilati işlər görülmüşdür. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salınmışdır. Həmçinin yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınmış və hər birində 200 çarpayı olmaqla 10 yeni modul  tipli xəstəxananın istifadəyə verilməsi planlaşdırılmışdır. Qeyd edək ki, onlardan biri artıq Cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanımın iştirakı ilə Bakıda istifadəyə verilmişdir.
Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılmış, o cümlədən 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana vətəndaşların istifadəsinə verilmişdir. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün də lazımi tədbirlər görülmüşdür. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqısı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılaraq, onların dövlət üçün dəyərlərinin bir daha təsdiq edilməsinə nail olunmuşdur. Bundan əlavə, yeni laboratoriyalar alınmış və onların sayı artıq 23-ə çatdırılmışdır. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır ki, bu da virusla mübarizədə effektivliyi artırmaqdadır. Əhalinin bir milyon nəfərinə düşən testin sayına görə də Azərbaycan hal-hazırda ön sıralardadır. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus 12 may 2020-ci il tarixində cənab İlham Əliyevə ünvanlandığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğunu ifadə etmiş və COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirmişdir. O, Azərbaycan Respublikası Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandıraraq, bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd etmişdir.
Ölkəmiz, eyni zamanda, koronavirus xəstəliyinin vurduğu maliyyə-iqtisadi böhranından da ən az zərərlə çıxmağı bacarmış ölkələrdəndir. Bununla bağlı görülən işlər bütün dünyaya nümumə olacaq səviyyədədir. Belə ki, dövlət, koronavirusdan daha çox zərər görən sahələrdə işləyən insanlara yardımlar edir, həmin insanların işləmək imkanından məhrum olduqları nəzərə alınaraq, onların əməkhaqqının mühüm hissəsi ödənilir. Həmçinin dövlət sektorunun məcburi məzuniyyətə göndərilən işçilərinə əməkhaqqı tam həcmdə ödənilir, aşağı gəlirli insanlar kateqoriyasına aid olan 600 min nəfərə, o cümlədən işsizlərə, qeyri-formal sahədə məşğul olanlara da dövlət tərəfindən sosial müavinətlər ödənilir. Habelə Azərbaycanda 80 mindən çox ailə ünvanlı sosial yardım alacaq. Bundan əlavə, işsizlərin sayının kəskin artmasına yol verməmək məqsədilə bu il haqqı ödənilən 90 min ictimai iş yeri yaradılması haqqında qərar qəbul olunub. Dövlət dəstəklərinə həmçinin, vergi güzəştlərini, vergi tətillərini, kommunal ödənişləri, bank kreditləri xidmətlərində müəyyən güzəşt şərtlərini də əlavə etmək olar. Karantin dövründə maddi təminatı zəif olan bütün vətəndaşlara ərzaq yardımı edilmiş və tibbi gigeynik vasitələr paylanılmışdır. Beləliklə, Azərbaycan dövləti pandemiya ilə mübarizədə məqsədyönlü, sistemli fəaliyyətini davam etdirməkdədir.
Bunlarla yanaşı, beynəlxalq əməkdaşlıqla bağlı məsələlər də Azərbaycan tərəfindən ən məsuliyyətli şəkildə başladıldı. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Bununla bağlı aprel və may aylarında iki sammit keçirilmişdir. Birinci sammit–Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti, dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi. Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə keçirilən tədbirdə, ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə edilmişdir. Eləcə də tədbir nəticəsində həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı. Beləliklə, Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verməkdədir.
Azərbaycanın hal-hazırda sədrlik etdiyi digər təşkilat olan Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilata 2011-ci ildə tam hüquqlu üzv qəbul edilmişdir. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdir. Sammit bütün dünyaya bir daha göstərdi ki, biz səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. Qeyd edək ki, Azərbaycan Respublikası pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etmiş, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında donor sazişi imzalanmışdır. Sazişə müvafiq olaraq dövlətimiz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırmışdır. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə edilmişdir. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcəkdir. Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilmiş tədbirdə qəbul edilmiş yekun bəyannaməyə uyğun olaraq Hərəkata üzv dövlətlərin əsas ehtiyaclarını özündə ehtiva edən məlumat bazasının işlənib hazırlanması istiqamətində İşçi Qrupun yaradılmasının nəzərdə tutulduğunu bildirib və ÜST İşçi Qrupun səylərini dəstəkləməyə hazır olduğunu bildirib.

Pirallahı rayon sakini-Anar Babayev
Keçidlər