Şriftin ölçüsü :

Saytın rəngi :

Qoşulmama Hərəkatının zirvə görüşü Azərbaycana və onun liderinə dünya səviyyəli etimadın göstəricisidir

16 may 2020 | 11:00
Ötən əsrin sonlarında kifayət qədər mürəkkəb sayılan bir şəraitdə yenidən dövlət müstəqilliyini qazanan Azərbaycan bir çox ölkələrin onilliklər boyu qət etdiyi inkişaf mərhələsini qısa zaman kəsiyində qət etmiş, sosial-iqtisadi tərəqqi sahəsində uğurlarla zəngin bir inkişaf modelinin əsasını qoymuşdur. Qısa zaman ərzində ölkəmizdə bütün sahələrdə böyük uğurlar qazanılmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşımışdır.
Dünyada və bölgələrdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf edən bir dövlətdir. Son illərdə də ölkəmizdə qarşıya qoyulmuş bütün vəzifələr icra olunmuş, hərtərəfli dinamik inkişaf təmin edilmişdir. Azərbaycan hal-hazırda inkişaf, tərəqqi və sabitlik ölkəsidir. Ölkəmizin dünyada transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində daxili və xarici aləmdə də ölkəmizin hərtərəfli inkişafı sahəsində başlanılmış məqsədyönlü siyasətin davamı olaraq dövlətimiz bir neçə beynəlxalq təşkilatlara və birliklərə üzv olmuşdur. Azərbaycanın üzv olduğu BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.  1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılan Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı  konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.
Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verməkdədir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur.
Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Belə ki, 2019-cu ilin oktyabrın 25-də ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.
Bütün dünyanın olduqca çətin vaxtlar keçirdiyi, qlobal liderliyə kəskin ehtiyac duyulduğu bu günlər də Azərbaycan  Respublikasnın Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü də keçirilmişdir. Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela, Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri çıxış etmişlər. Habelə, BMT-nin Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru videokonferansda çıxış etmişdir. Eləcə də, BMT-nin Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsi/vitse-prezidentinin video müraciətləri səsləndirilmişdir.
Beləliklə, Prezident İlham Əliyev dünyanın əməkdaşlığıa ehtiyacı olduğu bu çətin vaxtlarda “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Təsadüfi deyil ki, BMT-nin Baş katibi video müraciəti zamanı sözügedən problemlərə yeganə həll yolunun cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulamışdır. Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Beləliklə,bu gün biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mubadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq. 40-a yaxın ölkənin dövlət və hökümət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın ve etimadın təcəssümü oldu.
Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın faəl sürətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.

 

Samir Hüseynov

Keçidlər