Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlət üçün prioritet istiqamətdir

18 may 2020 | 11:00
         Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2018-ci ildən etibarən aparılan məqsədyönlü  islahatlar dövlətin bütün idarəetmə strukturlarını əhatə etmişdir. Cənab Prezidentin dövlət və hökümətin daxilində apardığı islahatlar artıq öz bəhrəsini verməkdədir. Bunun bariz nümünəsi kimi son dövrlərdə aparılan ciddi kadr və struktur dəyişikliklərini göstərmək olar. Belə ki, islahatlar nəticəsində dövlətçiliyimizin və xalqın rifahı naminə qarşıya qoyulan vəzifələrə əməl etməyənlər tutduqları vəzifələrdən uzaqlaşdırılır, islahatların gətirdiyi qaydalara riayət etməyənlər isə birmənalı olaraq öz cəzalarını alırlar.
         Dövlət başçısı ayrı-ayrı məmurlarla apardığı görüşlərdə, verdiyi tapşırıqlarında dəfələrlə Azərbaycan dövlətinin rüşvətxorluq və korrupsiyaya qarşı müharibə elan etdiyini vurğulamışdır. Cənab Prezident Respublikamızın yeni inkişaf mərhələsinə daxil olması fikirlərini bildirəndə isə demişdir, “Bir sıra məmurlar bundan nəticə çıxarmalı, müasir çağırışlara uyğun olaraq öz davranış və hərəkətlərində, idarəetmə sistemindəki iş qaydalarında tamamilə yeni dəyərlərə söykənməlidirlər”. Ancaq təəssüflər olsun ki, mənəviyyatını, əxlaqi dəyərlərini itirmiş bəzi məmurlar, dünyanı bürüyən "COVİD-19" pandemiyasından minumum itkilərlə çıxmaq üçün xidmət vermək, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinə dəstək olmaq əvəzinə mənəviyyata sığmayan hərəkətlər etməklə öz çirkin əməllərindən əl çəkməmişlər.
      Son vaxtlarda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) peşəkar fəaliyyəti nəticəsində üzə çıxarılan rüşvətxorluq, dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərini aşma əməllərinə görə həbs olunmuş Agstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş rəhbərlərinin  buraxdıqları səhvlərdən nəticə çıxarmayan növbəti məmur İmişli  Rayon İcra Hakimiyyətinin başçısı olmuş və o da sələfləri kimi tutduğu vəzifəsindən azad edilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şübhəsiz ki, bundan sonra da dövlətimizin və xalqımızın mənfəətləri üçn xidmət etməyən, öz şəxsi mənfəətlərini üstün görənlər hüquq mühafizə orqanları tərəfindən lazımi şəkildə cəzalandırılacaqdır.
Prezident İlham Əliyev Kəlbəcər rayonunun yeni təyin edilmiş İcra Hakimiyyətinin başçısını videoformatda qəbul edərkən bir daha vurğulamışdır ki, xoşa gəlməz hallara (rüşvətxorluq və korrupsiya) qarşı ciddi mübarizə aparılır. Prezident nitqi zamanı demişdir, “Bizim iradəmiz möhkəmdir. Heç kim bizim irədəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm”. Bəli bu belədir, xalq həmişə Prezidentin arxasındadır və ona tamamilə arxayındır.
Ölkə başçısının apardığı düzgün siyasət sadəcə ölkə daxilində deyil, bütün dünyada ona qarşı rəğbət toplayır. Təkcə, son dövrlərin ən aktual mövzusu olan koronavirus pandemiyası ilə bağlı Prezidentimizin apardığı siyasət belə onun dünyadakı nüfuzunu sübutudur. Bütün dünyanın sərhədlərini bağlayaraq, ticarət əlaqələrini dayandıraraq özünə qapandığı bir dövrdə İlham Əliyev arxa-arxaya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi üçün təşəbbüs irəli sürmüş və onlarla ölkənin prezidentləri, baş nazirləri və xarici işlər nazirlərinin iştirakı ilə Zirvə Görüşünü keçirməyə nail olmuşdur.
Dövlət başçısının apardığı siyasətin dünyada tutduğu mühüm yeri göstərən digər amil də dünya liderlərinin, aparıcı biznes, maliyyə institutlarının rəhbərlərinin Azərbaycan Prezidentinin təşəbbüslərini təqdir etməsi və dövlət başçımızın liderlik səylərini yüksək qiymətləndirməsidir. Qeyd olunanlara sübut kimi Respublika Günü münasibətilə ABŞ Prezidenti Donald Tramp və bir sıra dövlətlərin rəhbərləri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən təbrik məktublarında qeyd olunanları göstərmək olar. Məktublarda Azərbaycanın dünyada ən uğurlu tərəfdaş ölkələrdən biri olduğu və ölkəmizin suverenliyinin və müstəqilliyinin dəstəkləndiyi bəyan edilmişdir. Sözügedən məktublar eyni zamanda, dünyanın aparıcı dövlətləri ilə ölkəmizin hazırkı əlaqələrinə aydınlıq gətirərək, dövlətlərimiz arasında münasibətlərin yüksələn xətlə inkişafının göstəricisidir. Bütün bu sadalananlar beynəlxalq arenalarda həm Azərbaycan xalqının dövlət müstəqilliyinə, həm də Prezident İlham Əliyevin şəxsiyyətinə, rəhbərliyinə olan hörmət və ehtiramın aydın təzahürüdür.
                                                                                                                           
   Pirallahı rayon ziyalısı Arzu Abdullayev
Keçidlər