Şriftin ölçüsü :

Saytın rəngi :

Ən böyük qiyməti Azərbaycan xalqı verir

18 may 2020 | 11:00

Qoşulmama Hərəkatının zirvə görüşü dünyada ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın daha bir qlobal göstəricisinə çevrildi

“Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə Görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişdir.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il may ayının 4-də ölkəmizin dövlət başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsi ilə keçirilmiş ilk Zirvə görüşünü məhz bu sözlərlə açıq elan etmişdir.  Beləliklə, cənab İlham Əliyevin lideri olduğu Azərbaycan yer üzündə mövcud olan böyüklü-kiçikli 220 dövlətdən 120-nin üzv olduğu, eyni zamanda 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilatın qatıldığı möhtəşəm bir təşkilatın qlobal pandemiya dövründə koronavirusa qarşı mübarizə missiyasını öz üzərinə götürmüş oldu.
Bu hadisənin beynəlxalq əhəmiyyətini və qlobal miqyasını daha dərindən dərk etmək üçün yaxın tariximizə kiçik bir ekskurs etmək yerinə düşərdi. Cəmi üç onillik bundan əvvəl Azərbaycanın səsi nəinki beynəlxalq arenada, regionumuzda belə eşidilməz idi. Başımıza gələn faciələr zamanı tək qardaş Türkiyədən başqa heç kim nəinki bizimlə həmrəy olmurdu, əksinə, öz faciələrimizdən özümüzü vurmaq üçün istifadə edirdilər. Erməni terrorçuları xarici xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə 1988-ci il 27-29 fevral tarixlərində Sumqayıt şəhərində kütləvi iğtişaşlar təşkil etdilər, onlarla insanın həyatına son qoyan qanlı cinayətlər törətdilər. Erməni tərəfi öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədi ilə faktların təhrif edilməsi, sənədlərin saxtalaşdırılması və tarix boyu tətbiq etdiyi digər çirkin üsullarla bu çamuru da Azərbaycanın üstünə atdı və Dünya susdu, heç kim Azərbaycanın haqq səsini eşitmək istəmədi.
Mənfur erməni faşistlərinin fitnə-fəsadı və təxribatları nəticəsində növbəti faciə paytaxtımızda baş verdi, 1990-cı il yanvarın 20-də tərkibində həmin alçaq millətin saqqallı nümayəndələrinin üstünlük təşkil etdiyi sovet qoşunlarının Bakıya hərbi təcavüzü baş verdi, günahsız insanlar qəddarcasına qətlə yetirildi, qanlı cinayətlər törədildi. Yenə də Dünya susdu, Azərbaycanın haqq səsini eşitmədi, hətta hadisələri Bakıda ermənilərə qarşı törədilmiş qətliam kimi qələmə verməyə çalışan mənfur niyyətli bədnam siyasətçilər də oldu...
  1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçu-faşistləri öz havadarlarının silah-sursat, zirehli texnika və canlı döyüş qüvvəsindən istifadə edərək Azərbaycanın qədim Xocalı şəhərinə soxuldular. Şəhəri zəbt edərək yerlə yeksan etmiş erməni qaniçən cəlladları dinc əhaliyə amansız divan tutdular, Xocalı soyqırımını törətdilər. Səhəri gün isə bu qatillər xocalıların meyidlərinin şəkillərini mətbuatda yayaraq onları azərbaycanlılar tərəfindən qətlə yetirilmiş məzlum ermənilər kimi təqdim etməyə çalışdılar və Dünya da bu böyük yalanı uddu... Bir neçə vicdanlı müxbirdən başqa həqiqəti deyən olmadı...
Nəhayət 1993-cü ilin 15 iyun günü gəldi, müstəqil Azərbaycanın üfüqündə Milli Qurtuluş günəşi doğdu, xalqımızın təkidli tələbləri ilə Ulu Öndər Heydər Əliyev respublikada hakimiyyətə qayıtdı. Bu qayıdışla Azərbaycanın informasiya blokadası qırıldı, Azərbaycana qarşı olan bütün stereotiplər dağıdıldı, Ümummilli Lider Azərbaycanın hücum strategiyasını işləyib hazırladı, hücum diplomatiyasının əsasını qoydu. Bu möhtəşəm strategiyanı uğurla gerçəkləşdirən Prezident İlham Əliyevin məqsədyönlü səyləri nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi, tədricən bütün beynəlxalq təşkilatlardan Azərbaycanın səsi daha gur eşidilməyə başladı. 2011-ci il oktyabrın 24-də 155 dövlətin səsi ilə ölkəmiz ilk dəfə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012-2013) qeyri-daimi üzvü seçildi. 2014-cü ilin may ayından etibarən altı ay müddətində Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin sədri funksiyasını daşımışdır. İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Şərq Tərəfdaşlığı, GUAM və digər təşkilatlarda artıq Azərbaycanın səsi həlledici nüfuza malikdir.
Bu mənada Qoşulmama Hərəkatını xüsusi vurğulamaq lazımdır. Baxmayaraq ki, Azərbaycan yalnız 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur, cəmi beş il sonra - Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycana sədrlik kimi məsul bir missiyanın həvalə edilməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və vətənimizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.
Və qayıdaq söhbətimizin əvvəlinə. Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirildi. Qlobal əhəmiyyət daşıyan bu Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela,  Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri çıxış etdilər. Məruzəçilər sırasında, eyni zamanda, BMT Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun videokonfransda çıxışlarını xüsusi qeyd etmək lazımdır. Tədbirdə, habelə, BMT-nin Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsinin - vitse-prezidentinin videomüraciətləri də səsləndirilmişdir.
Son illər dünyanın qloballaşmasından çox danışılır. Amma təəsüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Biz hamımız bu proseslərin canlı şahidiyik. Aydın görünür ki, hazırda qlobal liderliyə ciddi ehtiyac duyulur və belə bir şəraitdə Prezident İlham Əliyev ilk olaraq təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini açıq şəkildə nümayiş etdirdi. Azərbaycan lideri dünyanın dörd bir yanından müxtəlif siyasi quruluşlara, ideoloji istiqamətlərə, iqtisadi inkişaf səviyyəsinə malik ölkələri bir araya gətirməyə nail oldu. Prezident İlham Əliyevin təşkilatçılığı ilə həyata vəsiqə almış videokonfrans sayəsində  bu gün biz Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin əyani şəkildə şahidi olduq.
Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşlar. Yəni Qoşulmama Hərəkatının ruhuna uyğun olaraq bütün üzv dövlətlər əhatə olunmuş, heç kəs diqqətdən kənarda qalmamış, ən əsası hər bir dövlət könüllü surətdə öz mövqeyini ifadə etmişdir. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi bu Zirvə görüşü Dünyada ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın daha bir qlobal göstəricisinə çevrildi.
Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Bunu dünya mətbuatında Zirvə görüşü barədə gedən yazılar, bir çox nüfuzlu politoloqların və siyasətçilərin qiymətləndirməsi də sübut edir. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, liderlik xüsusiyyətlərinin, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Videokonfransın işinin nəticəsi olaraq qəbul edilmiş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.
Təsadüfi deyil ki, BMT-nin Baş katibi Antoniu Quterreş video müraciət formasında təqdim edilən çıxışı zamanı qeyd olunan problemə, yəni pandemiya təhlükəsinə, koronavirusa qarşı mübarizəyə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin İlham Əliyevin səylərini dəstəklədiyini xüsusilə vurğulamışdır.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprel ayının 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil edildi. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmiş və praktiki addımlar atmışdır. Beynəlxalq əməkdaşlığın səmərəli təşkilinin nəticəsi kimi artıq Türk Şurası çərçivəsində 3 istiqamət üzrə - səhiyyə, nəqliyyat və iqtisadiyyat üzrə fəaliyyət proqramları mövcuddur və ölkəmizin fəal iştirakı ilə həyata keçirilməkdədir.
Türk Şurasının Zirvə Görüşündə diqqətəlayiq çıxışı zamanı cənab Prezident haqlı olaraq vurğuladı ki, “pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq”. Real bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin, demək olar ki, çox ciddi bir qlobal çağırış qarşısında aciz qaldığı, sanki can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmiş nümunəvi bir addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya əyani şəkildə nümayiş etdirdi.
Artıq heç kimə sübut etmək lazım deyil ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzi ölkələr bu sınaqdan layiqincə çıxmaqdadır, digərləri isə, bunların içində dünyanın ən qüdrətli dövlətləri vardır, çoxsaylı insan itkisi ilə üz-üzə qalmışlar. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən hələ mart ayının 23-də Prezidentimizə ünvanlanmış ilk məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmiş, ölkəmiz pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində çəkilir, Azərbaycanın xidmətləri xüsusi vurğulanır. Eyni zamanda, əldə edilən effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə və qiymətli təcrübə beynəlxalq səviyyədə təqdir olunur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirir ki, bir çox beynəlxalq təşkilatlar, ilk növbədə Ümumdünya Səhiyyə Təşkilatı bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın nümunəvi yanaşma göstərməsini təqdir edir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun mayın 7-də ölkə başçısına ünvanladığı ikinci məktubda da cənab Tedros Adhanom Qebreyesus Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, işlərimizi təqdir edir. “Əlbəttə ki, bu, görülmüş işlərə verilən böyük qiymətdir. Ancaq bir daha demək istəyirəm ki, ən böyük qiyməti Azərbaycan xalqı verir.” – deyə vurğulayır cənab Prezident.
Göründüyü kimi, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan qabaqcıl bir dövlət olaraq koronovirus təhlükəsinin əvvəlindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına birincilər sırasında könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, əlavə olaraq Zirvə görüşündə bu sahədə Qoşulmama Hərəkatının ən çox yardıma ehtiyacı olan üzv dövlətləri üçün Azərbaycan Hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına növbəti ianənin ayrılmasını cənab Prezident bəyan etdi. Mayın 11-də Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında “Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında Donor Sazişi” imzalandı.
Donor Sazişi Azərbaycan tərəfindən ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını və bu vəsaitin Azərbaycanla razılaşdırmaqla ən çox köməyə ehtiyacı olan Afrika, Asiya və Latın Amerikasında yerləşən Qoşulmama Hərəkatının üzv dövlətləri üçün istifadə edilməsini nəzərdə tutur. Sənədin imzalanma mərasimi zamanı ÜST-ün Baş direktoru Azərbaycan tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmizin səhiyyə sektoruna, xüsusilə hazırda COVID-19 virusuna qarşı beynəlxalq səviyyədə mübarizəyə yönəldiyi diqqət və qayğının yüksək qiymətləndirildiyini bildirib. Tedros Qebreyesus Azərbaycan tərəfindən COVID-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdıraraq, verilmiş qərara görə Azərbaycan Respublikası Prezidentinə ÜST adından dərin minnətdarlığını ifadə edib.
Pandemiya elan edilən vaxtdan bu günə qədər Azərbaycan dünyanı bürümüş bu qorxunc bəlaya qarşı mübarizə məqsədilə bir sıra ölkələrə də öz kömək əlini uzatmışdır. Azərbaycanın maliyyə yardımı göstərdiyi ölkələr sırasında qonşu İran, Çin, Qırğızıstan, İtaliya, Bosniya və Hersoqovina, Macarıstan, Özbəkistan, Xorvatiya, Pakistan, Moldova kimi dövlətlərin adını çəkmək olar. Serbiya və Fələstinin də maliyyə yardımı barədə müraciətlərinə yaxın zamanlarda baxılması nəzərdə tutulur.
Bununla bərabər, Azərbaycan Prezidentinin yaranmış mürəkkəb vəziyyətin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi operativ və doğru-düzgün qərarlar Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən də təqdir olunur. Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilmiş Zirvə görüşünə Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelli də videomüraciətlə qatılmışdır. Öz çıxışında cənab C.Borelli COVID-19-un dünyanın müxtəlif guşələrinin biri-birinə nə dərəcədə bağlı olduğunu göstərdiyini, bunun oyanış üçün qlobal çağırış olduğunu qeyd etmiş, Qoşulmama Hərəkatının Zirvə görüşünün çağırılması təşəbbüsünü alqışlayaraq demişdir ki, pandemiyanın məğlub edilməsi qlobal yanaşmanı və əlaqələndirilmiş cavab tədbirlərini tələb edir. Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Məhz Azərbaycanın daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olması da xüsusi qeyd edilməli tarixi bir hadisədir.
Beləliklə, müstəqil Azərbaycan atdığı real addımlarla, öz pozitiv realist siyasəti ilə, beynəlxalq miqyasda səmimi və xoşməramlı davranışı ilə getdikcə daha çox dövlətin rəğbətini və dost münasibətini qazanır. Sadalanan faktlar bir tərəfdən mənfur düşmənə ağır bir gözdağı, digər tərəfdən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının bariz göstəricisidir. Bu yazımı isə bu gün hər bir azərbaycanlının ürəyindən gələn sözlərlə bitirmək istəyirəm - Biz dövlətimizin Liderinin növbəti parlaq qələbəsindən ruhlanırıq, cənab İlham Əliyevin dünyada qazandığı böyük nüfuzdan sonsuz qürur hissi keçiririk, Prezidentimizlə fəxr edirik.


Pirallahı rayon ziyalısı İlqar Məmmədli

Keçidlər