Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət siyasətinin ana xətti: insan amili və vətəndaş rifahı

20 may 2020 | 11:00

Dünyanın qorxu və təlaş içində olduğu bir zamanda Azərbaycanda yaşamağımıza görə sevinc hissi keçiririk. Ölkə rəhbərinin yorulmaz əməyi sayəsində bu gün ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyət stabildir. Əks təqdirdə, biz də başqa ölkələrdə olduğu kimi ağır vəziyyətə düşə bilərdik. Əminliklə deyə bilərik ki, ölkə başçımızın uzaqgörən və düşünülmüş siyasəti nəticəsində atılan doğru və diqqətli addımlar bu gün Azərbaycanımızı üzləşə biləcəyi böyük problemlərdən qoruyur.
Bugün hər bir Azərbaycan vətəndaşı möhtərəm Prezidentimizin ölkənin inkişafı naminə, əhalinin sosial-rifah halının yaxşılaşdırılması üçün atdığı addımların şahididir.
Bununla yanaşı Azərbaycanda baş verən hər bir islahat xalqın və dövlətin maraqlarına cavab verən islahatlardır. Cənab Prezidentimiz tərəfindən görülən bu işlər əhali tərəfindən dəstəklənir.
Buna baxmayaraq bəzi məmurlar vətəndaşların problemləri ilə maraqlanmır və şəxsi mənafelərini ön plana çıxarırlar. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir. İlham Əliyev cənablarının siyasətinin təməlində Azərbaycan vətəndaşıdır. Bütün görülən işlər bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın.
Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir.
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir.
Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir.
Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Bu virusla mübarizə məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, “Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışları, sosial qayğıya ehtiyacı olan vətəndaşlara maddi yardımların göstərilməsi, prezidentimizin siyasətininin qətiyyətli, ardıcıl və davamlı olmasının daha bir sübutudur.
Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.
Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir.
Bu dövrdə işləməyən, yaşı 65-dən yuxarı, tənha və aztəminatlı ailələrin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını, sahibkarlara dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.
İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli sərəncamı ilə 2020-ci ilin Azərbaycan Respublikasında "Könüllülər ili” elan edilməsi ölkəmizdə bu hərəkatı xeyli gücləndirdi. Bu gün biz artıq könüllülüyü bir fəaliyyət sahəsi deyil, xüsusən gənclərimizin həyat tərzi kimi özünü göstərən və cəmiyyətdə önəmli rolu ilə seçilən ümummilli hərəkat kimi görürük. Könüllülük hərəkatı bu gün pandemiya ilə əlaqədar həssas qruplara yönələn dəstək tədbirlərində də əsl DOST örnəyi ilə diqqəti cəlb edirlər.  Dövlət başçısının tapşırığı ilə həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərinin mühüm bir istiqaməti yaşı 65-dən yuxarı vətəndaşların sosial xidmətlə, ümumən qayğı mühiti ilə əhatə olunmasına yönəlib. Bütün bu işlərdə könüllülər də yaxından iştirak edirlər. Onlar daim sosial xidmətçilərlə birgə tənha yaşlı insanlara, eləcə də əlilliyi olan tənha şəxslərə yaxından dəstək olurlar. Könüllülərimizin yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları, bu sahədə fəallıq göstərmələri onların hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.
Cari il mayın 11-də Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında “Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında Donor Sazişi” imzalanıb.
Donor Sazişi Azərbaycan tərəfindən ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını və bu vəsaitin Azərbaycanla razılaşdırmaqla ən çox köməyə ehtiyacı olan Afrika, Asiya və Latın Amerikasında yerləşən Qoşulmama Hərəkatının üzv dövlətləri üçün istifadə edilməsini nəzərdə tutur.
Sənədin imzalanma mərasimi zamanı ÜST-ün Baş direktoru Azərbaycan tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmizin səhiyyə sektoruna, xüsusilə hazırda COVID-19 virusuna qarşı beynəlxalq səviyyədə mübarizəyə yönəldiyi diqqət və qayğının yüksək qiymətləndirildiyini bildirib.Azərbaycan tərəfindən COVID-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdıraraq, verilmiş qərara görə Azərbaycan Respublikası Prezidentinə ÜST adından dərin minnətdarlıqlar ifadə edilib.
Mayın 18-də Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Moldova Respublikasının arasında videokonfrans formatında görüş keçirilmişdir. Söhbət zamanı Pandemiyaya qarşı mübarizədə bizə kömək göstərmək barədə qəbul etdiyiniz qərara görə Prezidenti İqor Dodon ölkə rəhbərinə təşəkkürünü  bildirmişdir. Prezident İlham Əliyev və Prezident İqor Dodon ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edərək siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdilər.
Ölkə başçımız və Prezident İqor Dodon postpandemiya dövründə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin iqtisadi əməkdaşlığımızın möhkəmlənməsi işinə töhfə verəcəyini vurğuladılar.
Dövlət başçısı İlham Əliyev öz vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir. Ulu Öndər siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev hər zaman öz sözlərini əməli addımları ilə təsdiq edir.
İnkişafımızın uğur faktoru,islahatçı dövlət başçısı,milli inkişaf modelinin müəllifi,müstəqilliyimizin təminatçısı və dövlətçiliyimizin simvolu olaraq müasir Azərbaycanın qüdrətli Lideridir!

Rauf Əliyev – YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər