Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülük vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir

20 may 2020 | 11:00
Müasir dünyamızda könüllülük hər bir şəxsin öz iradəsi və sərbəst seçimi əsasında, heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqaməti hesab olunur. Ötən əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlamış və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyət istiqamətinə çevrilmişdir. Dünya birliyinə əvəzsiz töhfələr verən Azərbaycan xalqı da əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
   Müstəqil Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışından sonra başlamışdır. Elə buna görə də könüllülük hərəkatının ilk nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderimizin hakimiyyətdə olduğu illərə təsadüf edir. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə həm dövlət, həm də özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi. Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı, 650 gənci əhatə edən ilk pilot layihə həyata keçirildi. Məhz 1998-2000-ci illərdə reallaşdırılan proqram çərçivəsində könüllülük prinsipləri daha geniş auditoriyada təbliğ olunmağa başlayıb və ilk könüllü komandası yaradılıb.
Ulu öndər Heydər Əliyevin dövründə başlanılmış bu hərəkat, bu ideya geniş vüsət alaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi. XXI əsrin əvvəllərindən ölkəmizin yüksək neft gəlirləri ilə müşayiət olunan yeni bir dövrü başladı. Bu dövrdə cənab İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, bu sahədə könüllülüyün mühüm önəm daşıması danılmaz idi.     
Beləliklə, Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında” Qanun təşkil etdi. 10 maddədən ibarət bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı yaradıldı.
Könüllülük hərəkatı ilə bağlı bizim ilk böyük sınağımız 2012-ci ildə oldu. Azərbaycanda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsinin təşkilati işlərinə 1200-dək könüllü cəlb edilmişdi. Bu sınaqdan uğurla çıxan gənclərimiz Bakıda keçirilmiş ilk Avropa Oyunlarında daha geniş miqyasda təmsil olundular. Daha sonra ölkəmizdə keçirilən Formula 1, IV İslam Həmrəyliyi Oyunları və digər irimiqyaslı tədbirlərdə könüllülərimiz çox yaxından iştirak etdilər. Onların hər birinə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın imzası ilə diplomların təqdim edilməsi həmin gənclərin əməyinə dövlət rəhbərliyi səviyyəsində verilən yüksək qiymət kimi könüllülərin yaddaşında qalacaq, karyeralarında xüsusi rol oynayacaqdır.
Könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlətimiz tərəfindən daim zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülüyün daha çox fəaliyyət sahələrinə nüfuz edərək daha geniş ümummilli hərəkata çevrilməsi, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etməsi, gənclərimizin həyat tərzinə çevrilməsi məqsədilə, bu hərəkata yeni nəfəs vermiş könüllülərimizin öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyəti keyfiyyətcə yeni mərhələyə yüksəltmələri amalı ilə  Prezident  cənab İlham Əliyev 30 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Bu Sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsinə dair geniş tədbirlər planını hazırlamışdır.
Dünyanı öz cənginə almış koronovirus bəlası və onunla əlaqədar elan edilmiş pandemiya təhlükəsi Azərbaycan könüllüləri üçün də yeni bir sınaq mərhələsinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini bu mürəkkəb şəraitdə uğurla davam etdirməkdədir.
Dövlətimiz tərəfindən yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə həyata keçirilən tədbirləri Azərbaycan könüllüləri ilk gündən əzmlə dəstəkləmişlər. Bu məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan AKƏM-in çoxtərəfli fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatlar fəal iştirak edirlər. Respublikamız üçün vacib bir dönəmdə yaradılmış və səmərəli fəaliyyət göstərən Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir. 
  Yarandığı qısa zaman kəsiyində AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir. Bu günlərdə AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər.
Gündən-günə genişlənən hərəkat çərçivəsində “Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər tərəfindən minlərlə tənha yaşayan ahılın, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkilmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasına köməklik göstərilmişdir. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak etmişdir.
Növbəti addım olaraq 8 aprel tarixindən başlayan “Könüllü Qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə  əlaqə nömrələri paylaşmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.
Bu günlərin çağırışlarına həssas yanaşan AKƏM çərçivəsində digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olmuşdur. 8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start vermişdir. Bu nəcib aksiya çərçivəsində könüllülər, Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak etmişlər.
Məlum olduğu kimi, könüllülük bilavasitə gənclərlə bağlı olduğu üçün bu, gənclər hərəkatının, gənclər siyasətinin yeni bir mərhələsidir. Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərimizin fəaliyyəti yuxarıda sadalanan işlərlə yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.
Xüsusi qeyd etmək istərdim ki, Bakımızın ən gənc rayonu olan Pirallahı rayonunun könüllüləri də pandemiya dövründə yüksək fəallıqları ilə seçilirlər. Gənclərimiz “Böyüklərimizi qoruyaq!”, “Könüllü Qonşu” aksiyalarının fəal iştirakçılarıdırlar. Son iki ayda onlarla 65 yaşdan yuxarı olan sakinin, tənha yaşayan ahılın, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin, məcburi köçkünlərin evlərinə baş çəkilmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasına köməklik göstərilmişdir. Iyun ayının 2-də isə Pirallahı rayonunun könüllüləri “Könüllü Donor” aksiyasında iştirak edəcək, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların, qana ehtiyacı olan digər şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılması işinə öz layiqli töhfələrini verəcəklər.

Vəzir Səfixanov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

Keçidlər