Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan gəncliyi və könüllülük hərəkatı

20 may 2020 | 11:00
Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından və onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Dövrün tələblərini yaxşı bilən və ölkəmizin işıqlı gələcəyini təmin etmək üçün çalışan dövlət başçısı cənab İlham Əliyev də gənclərə həmişə xüsusi diqqət ayırır, onların mənəvi-ideoloji tərbiyəsinə, sağlamlığının qorunmasına qayğı göstərir. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verir. Bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında, sosial-mədəni tədbirlərində və digər sahələrdə fəal iştirak edirlər. Hazırkı dövrdə Azərbaycanda gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutmaqdadır. Ölkəmizdə könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş və ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş və gənclərimizin həyat tərzinə bir hissəsinə çevrilmişdir.
2020-ci il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Könüllülər ili” elan edilmişdir. Ölkə başçısı  gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə bu addımı atmışdır. Lakin çox təəssüf ki, Azərbaycanda “Könüllülər ili” COVID-19 pandemiyası ilə üst-üstə düşdü. Bütün dünyanı bürümüş COVİD-19 bəlası ilə təkbaşına mübarizə aparmağın mümkün olmadığı, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu bu dönəmdə könüllülərin prosesdə aktiv iştirak etmələri zərurəti yarandı və könüllü gənclərimiz bu çətin vaxtda öz dəstəklərini əsirgəməyərək müxtəlif sahələrdə fəal iştirak etməyə başladılar. Əminliklə deyə bilərik ki, könüllülər COVID-19-un alovlanmasına qarşı olan mübarizənin ön sıralarındadırlar. Hal-hazırda müxtəlif könüllü təşkilatları sosial mediada geniş miqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiyalar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsində iştirak edirlər. Beləliklə, paytaxt Bakıda və Azərbaycanın bölgələrində yorulmadan çalışan könüllülər cəsarət və mətinlik nümayiş etdirir, sosial bağlar qurur, ehtiyac içində olan həssas qrupların səsini lazımi strukturlara çatdırmaq imkanı yaradırlar. Ancaq ölkəmizin keçdiyi bu ağır dövrdə onların fəaliyyətinin səmərəliliyin artırılması və miqyasının genişləndirilməsi baxımından fəaliyyətlərinin əlaqələndirilməsi zərurəti yaranmışdır.
Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, dövlət tərəfindən atılan zəruri addımlara və həyata keçirilən tədbirlərə sürətli reaksiya vermək və dəstək olmaq məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) təsis edilmişdir. Mərkəzin fəaliyyəti xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətindədir.
“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, habelə “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi AKƏM-in işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir. Sözügedən təşkilat və hərəkatların təmsilçiləri ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı və preventiv xarakterli təcrid addımları yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu bəla ilə təkbaşına mübarizə aparmağın mümkün olmadığını, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğunu bildirərək könüllü təşkilatlarının da bu mübarizədə aktiv iştirakının vacibliyini qeyd edirlər.
Yeni yaradılmış Mərkəzin əsas vəzifəsi bu sahədə dövlət tərəfindən görülən işlərə töhfə verməklə, könüllü təşkilatları və hərəkatları tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsidir. Bu məqsədilə ilk növbədə təşkilatlararası iş bölgüsünün müəyyən edilməsi, könüllülərin iştirakı ilə yerlərdə əhalinin həssas qrupları haqqında zəruri məlumatların toplanması, onlara zəruri sosial xidmətlərin göstərilməsinin dəstəklənməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələri ilə bağlı müxtəlif kommunikasiya vasitələri və məhsullarının (sosial çarxlar) köməyi ilə ictimai maarifləndirmə işinin həyata keçirilməsi, könüllü təşkilatlarının fəaliyyətinin müvafiq dövlət qurumları ilə əlaqələndirilməsi, həyata keçirilən tədbirlərə dəstək vermək niyyətində olan ictimai təşkilat, təşəbbüs qrupları və vətəndaşların səfərbər edilməsi olmuşdur.
Mərkəzin fəaliyyətə başladığı 2020-ci il martın 27-dən ötən dövrdə müxtəlif tədbirlər və aksiyalar, o cümlədən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu” və “Könüllü donor” aksiyaları həyata keçirilib. AKƏM-in təşəbbüsü ilə keçirilən aksiyalarda 57 şəhər və rayonda 201 könüllü əlaqələndirici və 1545 nəfər daimi fəaliyyətdə olan könüllü 11 mindən çox ahıl yaşına çatmış vətəndaşlarımıza və aztəminatlı ailələrə sosial xidmət göstərib.
Belə ki, könüllülər “Böyüklərimizi qoruyaq!” devizi altında respublikanın müxtəlif bölgələrində minlərlə tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstəriblər. Qeyd edək ki, Pirallahıda da  xüsusi karantin rejimi dövrü ərzində  yaşı 65-dən yuxarı olan və tənha yaşayan  sakinlərin sağlamlıqlarının qorunması və evlərindən çıxmalarının qarşısının alınması məqsədilə 6 mobil qrup yaradılmışdır. Qrup üzvləri tərəfindən həmin vətəndaşlarla mütəmadi olaraq  əlaqə saxlanılmış, onların ehtiyacları öyrənilərək, bu işə cəlb olunmuş könüllülər vasitəsilə ərzaq, dərman və digər ehtiyaclarının ödənilməsində köməklik göstərilmişdir.
AKƏM tərəfindən həyata keçirilən digər aksiya Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə reallaşdırılan “Könüllü Donor” aksiyası olmuşdur. Aksiyada könüllülər qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında iştirak edərək,  Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak ediblər.  Yaxın günlərdə də Pirallahı rayonunun könüllüləri “Könüllü Donor” aksiyasında iştirak edəcək və aksiyaya öz layiqli töhfələrini verəcəklər.
“Könüllü Qonşu” aksiyası çərçivəsində isə  44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə  əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.
Qeyd edək ki, Pirallahı rayonunda da bu günə kimi YAP Pirallahı rayon təşkilatının gənclərdən ibarət könüllülər qrupunun üzvləri tərəfindən 20 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmiş, 9 may “Qələbə günü” münasibətilə Böyük Vətən müharibəsi veteranlarına yardım bağlamaları paylanılmışdır. Mayın 19-da isə rayonumuzda Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən “Bir-birimizi qoruyaq!” adlı kampaniya çərçivəsində genişmiqyaslı aksiya təşkil edildi. Belə ki, aksiyada iştirak edən könüllülər küçədə maarifləndirmə işləri aparmış, maskasız gəzən şəxslərə tibbi maska, əlcək və lazımi tibbi ləvazimatlar paylamış, həmçinin vətəndaşlarımıza gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini izzah edərək, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırlatmışlar. Aksiya may ayının sonuna qədər davam etdiriləcək. 
Azərbaycan könüllüləri bu gün ölkə başçısı cənab İlham Əliyevin koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə etdiyi çağırışlara, atdığı addımlara daim adekvat  cavab verərək onlara göstərilən etimadı doğrultmağa çalışır, eyni zamanda, bunu özləri üçün insanlıq borcu hesab edirlər. Verdikləri töhfəyə və ehtiyacı olan ən həssas əhali qrupları ilə işlədiklərinə görə onlara böyük təşəkkür düşür. Son olaraq bir daha vurğulamaq istərdik ki, könüllülük - xeyirxahlıq, mərhəmət, insansevərlik, vətənpərvərlik kimi ən ali dəyərlər üzərində qurulan bir fəaliyyətdir və ölkəmizin keçdiyi bu ciddi sınaqda onların nümayiş etdirdikləri birlik və əzm bizdə böyük ruh yüksəkliyi yaradaraq, gələcəyə olan inamımızı artırır.

İsmayıl Əliyev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini

Keçidlər