Şriftin ölçüsü :

Saytın rəngi :

"Kölgə” iqtisadiyyatından qurtulmağın yeganə yolu fəaliyyətin tam şəffaflaşdırılmasıdır”

26 may 2020 | 11:00

"Kölgə” iqtisadiyyatı bir ölkənin iqtisadi mövqeyini zəiflətməklə yanaşı həm də hərbi və siyasi mövqeyinə ziyan vurur.  Bu baxımdan son illər dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl islahatların həyata keçirilməsi təqdirəlayiqdir. Bu bizə onu deməyə əsas verir ki, bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm təkan vermiş və görülən tədbirlər nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Bununla da bütün sahələrdə maliyyə intizamı inkişaf etmişdir.
Statistik məlumatlara görə, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar  21.3% artaraq 1.4 mlrd. manatı üstələmişdir. Bununla yanaşı əməkhaqqında da dinamik inkişaf baş vermiş, 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır.
Dünyanın hal-hazırda ən aktual problemi olan Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində - pandemiyanın ölkə iqtisadiyyatına, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən, o cümlədən  İqtisadi artıma və sahibkarlığa, Məşğulluq və sosial rifaha dəstək, Makroiqtisadi və maliyyə sabitliyi nəzərdə tutan Tədbirlər Planı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən hazırlanmışdır. Tədbirlər Planının mühüm istiqamətlərindən biri iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib. Bununla da ölkədə pandemiya dövründə istər dövlət, istərsə də özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Bu da ona gətirib çıxardı ki, nəinki mövcud iş yerləri qorundu, o cümlədən 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu. Beləliklə pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu.
Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln. manat birbaşa kompensasiya ödənişi ayrılmışdır. Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilərək, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə 1.5 mlrd.manat ayrılmışdır. Bu isə öz fəaliyyətində dürüst olan intizamlı sahibkarı və vətəndaşı qorumaq işində  dövlətin fəaliyyətini asanlaşdırdı. Qeyri-formal fəaliyyət göstərənlər “işgüzar cəmiyyət” isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Bununla bağlı cənab Prezident demişdir: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır”. Ancaq ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların belə sosial müdafiəsinin nəzərə alınması təmin edildi. Aprelin 17-də Prezident cənab İlham Əliyev 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Bundan əlavə ünvanlı dövlət sosial yardımın əhatə dairəsi genişləndirildi. Təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Eyni zamanda , pandemiya dövründə pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edildi.
Bu gün dövlətin, dövlət başçısı cənab İlham Əliyevin biznesdən və əhalidən gözləntisi - fəaliyyətin tam şəffaflaşdırılmasıdır. Bu da o deməkdir ki, iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama xüsusi önəm verilməlidir.  Ölkə başçısının qeyd etdiyi kimi, “burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar...”.  Qeyd olunan bütün bu amillər bizə onu deyir ki, “kölgə iqtisadiyyatına” son verilmədiyi təqdirdə pandemiya dövründə mənfi mənada həyat dərsi almış olacağıq. Əlbəttə ki, şəffaflıq təmin olunmadan, “kölgə” iqtisadiyyatı ilə iqtisadi inkişafa nail olmaq mümkün deyil.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postsovet məkanında koronavirusla mübarizəyə ÜDM-in ən böyük hissəsini ayırmış ölkədir. Burada isə məqsəd ölkəmizi pandemiya dövründə daha əlverişli mövqelərə çıxarmaq və vətəndaşlarımızı qorumaqdır. Beləliklə, deyə bilərik ki, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda pandemiya dövründə də inkişaf və quruculuq baxımından digər ölkələrə nümunə olacaqdır.

Seymur Yusibov
231 nömrəli tam orta məktəbin direktor əvəzi

Keçidlər