Şriftin ölçüsü :

Saytın rəngi :

Kölgə iqtisadiyyatına qarşı mübarizə günümüzün prioritet məsələsidir

27 may 2020 | 11:00
Avropa və Asiya qitələri arasında yerləşən və əhəmiyyətli strateji mövqeyi olan Azərbaycanın müstəqillik dönəmində sürətli inkişafı və iqtisadi irəliləyişi diqqəti cəlb etməyə bilməz. Ölkəmiz müstəqilliyini qazandıqdan sonra fərqli prizmadan inkişaf etməyə başlamış, dünya arenasında istər mədəniyyəti, istər iqtisadi inkişafı, islahatları və hərtərəfli irəliləyişi ilə nəzərə çarpmağı bacarmış, xarici dövlətlərin həm investisiya yönümlü, həm də bu və ya digər tərəfdən əməkdaşlıqları üçün maraq sahəsinə çevrilmişdir.
         Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı gündən-günə inkişaf etməkdədir. Azərbaycanın müstəqillik qazanmasından sonra siyasi, sosial və iqtisadi böyümə, inkişaf və müstəqillik nöqteyi nəzərindən müsbət mənada mühüm addımlar atdığı müşahidə edilir. Belə ki, ölkəmizdə qısa müddətdə iqtisadiyyatda stabillik əldə edilmiş, bazar iqtisadiyyatına keçid istiqamətində geniş miqyaslı islahatlar həyata keçirilmiş, ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması istiqamətində böyük layihələr reallaşdırılmış və iqtisadiyyata xarici sərmayələrin cəlbi sahəsində nailiyyətlər əldə edilmişdir. İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdiyi  Azərbaycanı yüksələn xətlə inkişaf etdirərək ona bütün sahələrdə böyük uğurlar qazandırmışdır. Son  illər ərzində onun rəhbərliyi altında yaşayıb -yaradan Azərbaycan tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildi. İndi beynəlxalq siyasi müstəvidə Azərbaycanın nüfuzu yüksələrək elə bir səviyyəyə çatıb ki, o artıq hətta dünyanın ən güclü dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında belə öz sözünü deyə bilir. Bu uğur ölkə başçısı Cənab İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsidir.
       Hakimiyyətə gəldiyi ilk gündən “biz bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur” deyən gənc Prezident, neftlə bağlı iqtisadiyyatın çətinliklərini layiqincə qiymətləndirərək daha uzaq perspektivə nəzər salmağı  bacardı. Neft pullarının daimi olmadığını yaxşı dərk edən cənab İlham Əliyev ölkə iqtisadiyyatının köklü şəkildə yenidən qurulması işlərinə başladı. İqtisadiyyatının real sektorunun yüksək səviyyədə inkişaf etdirilməsinin mümkünlüyünü ona münbit fəaliyyət meydanı yaratmaqdan keçdiyini yaxşı dərk edən dövlət başçısı  2004-cü ildən başlayaraq “Azərbaycan Respublikası  regionlarının sosial iqtisadi inkişafı” dövlət proqramları çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına start verdi.  Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə real sektorun əsas istiqamətləri üzrə ölkə iqtisadiyyatında inqilabi dəyişikliklər baş verməkdədir. Qeyri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması yaxın gələcəkdə Azərbaycanı xam neft satan ölkədən neftdən hazırlanan məhsulların ixracatçısına çevirəcək. Bu məqsədlə Sumqayıtda tikilən Kimya Sənaye Parkı ilk qaranquş rolunu oynadı. Daha sonra Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Mingəçevir Sənaye Parkı və son olaraq bizim yaşadığımız Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallah Sənaye Parkı yaradıldı. Bunlar ölkəmizin neftdən asılılılığının azalmasına, ölkənin qeyri-neft sektorunun davamlı inkişafına, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılmasına, ətraf rayonlarda məşğulluğun təmininə, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsinə görə  xüsusilə əhəmiyyətlidir.
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verməyi hədəfləmiş istiqamətlərdən biri də ölkəmizin əlverişli coğrafi mövqeyindən məharətlə istifadə etməklə onu tranzit yükdaşımalar sahəsində nəhəng ticarət dəhlizinə çevirmək bacarığı oldu. Son bir neçə il ərzində bu sahədə görülən işlərə baxaraq çəkinmədən demək olar ki, Azərbaycan bu gün Qərblə Şərq, Cənubla Şimal arasında tranzit yükdaşımaların lokomotivinə çevrilir. Tarixi İpək Yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub – Şərqi Asiya ölkələrindən və Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal–Cənub ticarət dəhlizi, Xəzər hövzəsinin Ələt zonasında ən boyük Beynəlxalq Ticarət Limanının tikintisi əslində bu sahədə yeni eranın təməlini qoydu. Azərbaycan bu gün həmin transmilli layihələrin reallaşdırılması sahəsində öhdəsinə düşən bütün işləri başa çatdırmaq üzrədir. Bütün bu layihələr və ölkədə tranzit yükdaşımaların sistemləşdirilərək müasir bazarın tələblərinə uyğun yenidən qurulması Azərbaycan  Prezidenti cənab  İlham Əliyevin şəxsi təşəbbüsünün nəticəsidir. Bu layihələrin icrası əsasında Azərbaycan üzərindən yüklərin daşınması ölkəmizə milyardlarla dollar valyuta axınını təmin edəcək. Bütün bu görülən işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbaycan həm Qərb, həm də Şərq üçün, sözün əsl mənasında, strateji tərəfdaşa çevrilib. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp  Azərbaycan Prezidentinə ünvanladığı məktublarında ölkəmizlə münasibətlərə yüksək qiymət verdiyini bildirmişdir. Bununla da ABŞ kimi nəhəng bir dövlət Azərbaycanın simasında özünə ən etibarlı bir tərəfdaş seçməkdə qərarlı olduğunu ortaya qoyub. Bu faktın özü çox mühüm məqamlara aydınlıq gətirməyə kifayətdir.
       Ölkəmiz bazar iqtisadiyyatı yolunu seçməklə bugünkü uğurlara yol açdı. Bu gün Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanınır, yeni iqtisadi və sosial çağırışların müzakirə olunması üçün əsas məkan seçilir. Bildirilir ki, bu günün əsas çağırışlarından biri həyata keçirilən iqtisadi islahatların fonunda əhalinin sosial müdafiəsini gücləndirmək, yoxsulluq problemi ilə mübarizə aparmaqdır. Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi bu sahədə əldə olunan uğurların təsdiqidir. Yoxsulluğun azaldılmasına xidmət edən Dövlət proqramlarının uğurlu icrası, əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramlarından bəhrələnməsi və s. kimi addımlar bu gerçəkliyi təsdiqləyir ki, insan amili dövlətin siyasətində prioritet məsələdir. Dövlətimizin başçısı İlham Əliyevin böyük qətiyyətlə söylədiyi “Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir” fikri də bu günümüzün reallıqlarına əsaslanır. Bəli bu gün hansı sahəyə diqqət yetirsək inkişaf, tərəqqi görərik. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, yola saldığımız il hər zaman əvvəlki ildən daha uğurlu, daha yaddaqalan olur. Bu da ondan irəli gəlir ki, uğurların davamlılığının təmin edilməsi üçün zəruri addımlar atılır.
       Azərbaycanın bu gün müxtəlif sahələri əhatə edən tədbirlər üçün ideal məkan seçilməsi də uğurlarına, siyasi iradəsinə, müstəqil siyasətinə, yerləşdiyi coğrafi məkana əsaslanır. Dövlətimizin başçısı bildirir: “Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Müasir və multikultural dəyərləri ilə dünyəvi bir dövlətə çevrilmiş gənc Azərbaycan Respublikasının qısa bir zamanda əldə etdiyi  bu uğurlar, heç şübhəsiz, ölkə  Prezidenti cənab  İlham Əliyevin gərgin əməyinin məntiqi nəticəsidir.
        Düzgün seçilən yol ölkəni daim inkişafa, tərəqqiyə aparır. Ölkə Prezidenti İlham Əliyev bildirir: “Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur... Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır... Bizim gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik”.
Bu gün ölkəmizdə ümumi iqtisadi vəziyyət nə qədər yaxşı olsa da, biz problemlərimizin mövcud olduğunu gizlətmədən, onların həlli yolları üzərində səylə çalışmalıyıq. Belə problemlərdən biri də digər ölkələrdə olduğu kimi, kölgə iqtisadiyyatının mövcudluğudur. Son illər dövlət başçısı tərəfindən ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır. Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Belə ki, statistik məlumatlara görə, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələmişdir. Buna paralel olaraq əmək haqqı fondu da ağarmışdır. 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min, 2020-ci ilin əvvəlindən isə əmək müqavilələrinin sayında 105 min nəfərlik artım olmuşdur.  Bununla yanaşı pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına  yol verilməməsi  və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının  saxlanması istiqamətində məqsədyönlü işlər aparılmışdır. Pandemiyanın iqtisadiyyata, sosial rifaha, məşğulluğa mənfi təsirlərinin azadılması istiqamətində atılan bir digər addım da  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin tərəfindən hazırlanan Tədbirlər Planıdır. Tədbirlər Planının mühüm bir istiqaməti iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib. Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi dövründə qeyri-formal işlə məşğul olan vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində, hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına bütün xalq qoşuldu. Çünki hər bir Azərbaycan vətəndaşı öz ölkə başçısının, hörmətli prezidentinin siyasətini dəstəkləyir və daim onun ətrafında sıx birləşir. Biz hər birimiz əminik ki,  cənab İlham Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi sayəsində xalqımız bu pandemiyadan ən az zərərlə çıxacaqdır.
    Mən rəhbərlik etdiyim Bakı şəhəri, 186 nömrəli tam orta məktəbin bütün kollektivi adından çox hörmətli prezidentimiz cənab İlham Əliyevə can sağlığı, şərəfli və məsuliyyətli işində uğurlar arzulayıram.  Allah prezidentimizi və onun ailəsini qorusun.

Bakı şəhəri 186 nömrəli tam orta məktəbin direktoru
Mikayılov Şakir Ağey oğlu

Keçidlər