Şriftin ölçüsü :

Saytın rəngi :

Özünüzü və başqalarını xəstəlikdən qoruyun! Pandemiyaya son!

30 may 2020 | 11:00
Koronavirus xəstəliyi dünya gündəliyinin bir nömrəli məsələsidir. Ümumdünya Səhiyyə Təşkilatı bu virusu artıq pandemiya elan edib və bəyan edib ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Virusun dünya müstəvisində qısa müddətə bu qədər geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr belə onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün dövlətimiz ilk günlərdən praktik addımlar atmağa başladı.
Koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədiləMöhtərəm Prezidentimizin göstərişilə yanvarın 24-də Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmış və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qruplar təşkil olunmuşdur. Bu qərargah 24 saat işləyir və dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı bütün işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir. Beləliklə, ölkə rəhbərliyi koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər görür. Bununla yanaşı ölkə ərazisində koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılaraq verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılmış və karantin zonaları yaradılmışdır. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınmışdır. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar ÜST-ün müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən aparılır və  test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir. Qeyd edək ki, xəstəxanalar xüsusi rejimdə işləyir və bu xəstəxanalarda xəstələrin müalicəsi aparılmaqla yanaşı, həm də karantin tədbirləri görülür. Həmçinin sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə mütəmadi olaraq məlumatlandırılır. Virusun ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən digər bir addım da xarici ölkələrdən respublikamıza gələn vətəndaşların ilkin müayinədən keçirilməsi və xəstəliyin əlamətləri aşkar edilərsə, həmin şəxslərin həkim nəzarəti altında müvafiq xəstəxanalarda karantinə yerləşdirilməsidir. ÜST-ün tələblərinə əsasən, koronavirus infeksiyasının aşkarlanması üçün karantin 14-29 gün müddətinə müəyyən edilib. Aparılan müayinə və testlər nəticəsində hazırda ölkədə koronavirusa yeni yoluxma faktları qeydə alınmaqdadır. Virusa yoluxan vətəndaşların səhhətləri ciddi nəzarətdə saxlanılır və müalicələri ilə bağlı lazımi tədbirlər görülür.
Bildiyimiz kimi, ölkə başçısının təlimatı ilə karantin şərtlərinə uyğun ularaq ölkə ərazisində fəaliyyət göstərən bütün uşaq bağçaları, məktəblər, ali məktəblər müəyyən müddətə fəaliyyətini dayandırdı. Lakin şagirdlərin dərslərdən yayınmasına fürsət verilmədi və telelayihələr, virtual məktəblər yaradıldı və hal-hazırda şagirdlər sevəsevə bundan yararlanırlar. Martın 14-dən xüsusi davranış qaydaları tətbiq edildi və ictimaiyyətə bununla bağlı kifayət qədər məlumat  verildi.
Virusun yayılmasının qarşısının alınması üçün ölkələrlə gediş-gəliş tamamilə aradan qaldırıldı. Aviareyslər ləğv edildi, sərhədlərimizin bağlanması istiqamətində əməli addımlar atıldı və elektron vizaların verilməsi dayandırıldı. Bütün bu tədbirlər əlbəttə  ki, öz müsbət təsirini göstərərək,  xəstəliyin ölkə ərazisində yayılma tendensiyasını aşağı saldı. Mən də bir müəllim kimi  Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparır, öz sağlamlıqlarını risk altına atırlar.  Ancaq yüksək məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir.
Virusla mübarizə çərçivəsində ən vacib rollardan biri də könüllülərimizin olmuşdur. Könüllülər virusun yayıldığı ilk günlərdən etibarən mübarizənin ön cəbhələrində olmuşdur. Belə ki, müxtəlif könüllü təşkilatları sosial mediada geniş miqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiyalar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsində iştirak edirlər.Ancaq ölkəmizin keçdiyi bu ağır dövrdə onların fəaliyyətinin səmərəliliyin artırılması və miqyasının genişləndirilməsi baxımından fəaliyyətlərinin əlaqələndirilməsi zərurəti yaranmışdır. Bununla bağlı ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) təsis edilmişdir. AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Bunun üçün biz gənc könüllülərimizə təşəkkür edir və onların bu vətənpərvər və fədakar mövqelərini daim dəstəkləyirik.
Bəli, dövlətimiz xalqın bütün  problemlərini həll edir. İndiki vəziyyətdə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki,  Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün dövlətimiz və dövlət başçımız  istənilən addımı atmağa hazırdır.
Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, xəstəliyin sonu nə vaxt olacaq bilinmir və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq məlum deyil. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə və məsuliyyətə çağırıram. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi “Biz birlikdə güclüyük!”. Mən tam əminəm ki, biz dövlətimizin göstərdiyi qaydalara əməl etsək və özümüzü qorusaq bu sınaqlardan da üzüağ çıxacağıq.
 
168 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlimi Hüseynova Günel Akif qızı

 

Keçidlər