Şriftin ölçüsü :

Saytın rəngi :

Kölgə iqtisadiyyatı ilə mübarizə uğurla davam edir!

01 iyun 2020 | 11:00
"Kölgə iqtisadiyyatı"nın mahiyyətinə dair çoxsaylı anlayışlar və fikirlər mövcuddur. Geniş anlamda "kölgə iqtisadiyyatı" milli iqtisadiyyatın rəsmi statistika tərəfindən uçota alınmayan qeyri-formal bölməsinin bir hissəsini təşkil edir."Kölgə iqtisadiyyatı"nın fundamental öyrənilməsinə XX əsrin 80-cı illərinin sonu 90-cı illərinin əvvəlində başlanılıb. 1980-ci illərdən başlayaraq "kölgə iqtisadiyyatı" problemlərinin müxtəlif aspektləri müntəzəm keçirilən konfranslarda müzakirə edilməyə başlanıldı. Bununla yanaşı, müxtəlif ölkələrin parlamentləri və hökumətləri tərəfindən "kölgə iqtisadiyyatı"nın öyrənilməsi üzrə işçi qruplar yaradıldı.Bu problem hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təminatı baxımından neqativ amil kimi dəyərləndirilir. "Kölgə iqtisadiyyatı"nın genişlənməsi ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə mövqeyinin zəifləməsi ilə yanaşı, hərbi və siyasi xarakterli təhlükələrin güclənməsi meylinin də artmasına səbəb olur. Heç də təsadüfi deyildir ki, məhz "kölgə iqtisadiyyatı"nın ümumdaxili məhsulda payının yüksək olması iqtisadi təhlükəsizliyin əsas mənfi təzahürlərindən biri kimi qiymətləndirilir.  Bir sıra hesablamalara görə, dünyada işçilərin 2/3 hissəsi qeyri-formal iqtisadiyyatla bu və ya digər dərəcədə əlaqədardır. "Kölgə iqtisadiyyatı"nın mənfi tərəflərindən danışarkən həm də onun rəsmi iqtisadiyyatda istehsal prosesinə pozucu təsirinin mövcudluğunu, qanunun tələbləri çərçivəsində fəaliyyət göstərən təşkilatlara müxtəlif növ maneçilik törədilməsini və onların bu səbəbdən iqtisadi-maliyyə vəziyyətinin pisləşdirilməsini, işçilərin əməyə motivasiyasının azalmasını, innovasiyaların tətbiqinin çətinləşdirilməsini və müəssisələrdə kollektivlərin dezinteqrasiyasına gətirib çıxarmasını göstərmək olar. Eyni zamanda, "kölgə iqtisadiyyatı"nın mənfi nəticələri sırasına, beynəlxalq iqtisadi münasibətlərdə xarici investorların ölkə iqtisadiyyatına etimadının aşağı düşməsi; makroiqtisadi siyasətin səmərəliliyinin azalması; bazar iqtisadiyyatı üçün ən vacib şərtlərdən olan rəqabətin inkişafına maneçilik törədilməsi; leqal iqtisadiyyatın ayrı-ayrı bölmələrinin inkişafının deformasiyası və leqal iqtisadiyyatda investisiya proseslərinin zəifləməsini aid etmək olar. "Kölgə iqtisadiyyatı" cəmiyyətdə sosial-etik normaların pozulmasına da ciddi risklər yaradır.
. "Kölgə iqtisadiyyatı"na qarşı mübarizənin zəruriliyi həm də müasir qloballaşma və onunla əlaqədar olan transmilli mütəşəkkil cinayətkarlığa münbit şərait yaradan dövlətlərarası sərhədlərin daha asan keçilməsi amili ilə əlaqədardır. Qeyd edək ki, "kölgə iqtisadiyyatı" probleminə qarşı tədbirlər görülməsi dərin elmi araşdırmaların aparılmasını və qabaqcıl dünya təcrübəsinin tətbiqini zəruri edir. ACCA (The Association of Chartered Certified Accountants) – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası-nın yeni hazırladığı "Kölgədən çıxış: 2025-ci ilə qədər “kölgə iqtisadiyyatı" adlı hesabatında göstərilir ki, dünya üzrə "kölgə iqtisadiyyatı"nın həcminin ümumdaxili məhsula nisbətinin 2011-2025-ci illər ərzində 23 faizdən 21 faizədək azalması gözlənilir. Təbii ki, bu dinamika müxtəlif inkişaf səviyyəsinə malik ölkələrdə özünü fərqli səviyyələrdə büruzə verəcək. Cəmiyyət inkişaf etdikcə, elektron idarəetmənin iqtisadiyyatın bütün sahələrinə nüfuzu artdıqca, insan amili ortadan qalxdıqca ayrı-ayrı fərdlərin, biznes subyektlərinin davranış və təfəkkür tərzindən asılı olaraq bu və ya digər ölkələrdə "kölgə iqtisadiyyatı"nın həcmi müxtəlif dövrlərdə dəyişir.
Ölkəmizdə də ümumi iqtisadi vəziyyət nə qədər yaxşı olsa da, biz problemlərimizin mövcud olduğunu gizlətməyib, onların həlli yolları üzərində çalışmalıyıq. Cəmiyyətə məlumdur ki, bu gün Azərbaycanda leqal fəaliyyətlə yanaşı, uçotdan yayındırılan, paralel iqtisadi dövriyyə də vardır. Bunun adı "kölgə iqtisadiyyatı", yaxud "gizli iqtisadiyyat"dır. Azərbaycanda kölgə iqtisadiyyatında xüsusilə qeyri-rəsmi məşğulluq və ikili mühasibatın aparılması kimi xarakterik yayınmalar geniş yayılmışdır. Ölkəmizdə bir neçə il əvvələ qədər dövriyyələrin gizlədilməsi və ya xeyli şəkildə aşağı salınması, müəssisələrin vergi öhdəliklərini minimallaşdırmaq üçün onların bölünməsi, işçilərlə əmək müqavilələrinin bağlanmaması, qeyri-rəsmi ödəmələrə üstünlük verilməsi sadəcə adi bir "biznes təcrübəsinə" çevrilmişdi. Bu hallara təkcə xidmət və ticarət sektoru kimi ənənəvi sahələrdə deyil, istehsal və ixrac yönümlü müəssisələrdə də rast gəlinirdi. Bu ciddi bir iqtisadi cinayətdir və qətiyyən yolveriməzdir. Araşdırmalar göstərir ki, sahibkarların qeydiyyatdan keçmədən qeyri-leqal fəaliyyəti daha çox kiçik istehsal və xidmət sektorundadır. Adətən, böyük istehsalat və xidmət sektorunda daha çox ikili mühasibat problemi olur. Ona görə də "kölgə iqtisadiyyatı" ilə bağlı problemləri qruplaşdırsaq, bunların kiçik və böyük iqtisadiyyat üzrə ayrılmasına ehtiyac var. Kiçik iqtisadiyyatda daha çox qeydiyyatdan keçmədən fəaliyyət göstərilirsə, böyük iqtisadiyyatda ən böyük problem ikili mühasibatın apaılmasıdır. Bu problemlər nəticə etibarilə "kölgə iqtisadiyyatı"nın həcminə təsir göstərir. Ancaq son illər ərzində, xüsusilə də 2019 və 2020-ci illərdə kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində görülən işlər bəhrəsini vermiş və gizli iqtisadiyyatın miqyasının azalmasında effektiv nəticələrə nail olunmuşdur. Bu nəticələri vergi və gömrük daxilolmalarında da görmək mümkündür.
Ölkəmizdə kölgə iqtisadiyyatının əsas mərkəzi hesab olunan qeyri-formal məşğulluq istiqamətində də bir çox işlər görülmüşdür. Bunun nəticəsidir ki, ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmış, 2020-ci ilin əvvəlindən isə əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım olmuşdur. Bu əmək haqqı fondunda ağarmanın göstəricisidir.
Müəssisələr və şəxslər üçün kölgə iqtisadiyyatından çıxış və ya şəffaf fəaliyyət eyni zamanda iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin edir. Buna görə sahibkar da bunda maraqlı olmalıdır. Pandemiya dövründə bir daha hər kəs şahid oldu ki, qeyri-formal fəaliyyət göstərənlər dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum olur. Bu səbəbdən dövlət dəstəyindən, dövlət tərəfindən təyin olunan güzəşt və stimullaşdırıcı tədbirlərdən yararlanmaq üçün dövlətlə əməkdaşlıq etmək və kölgə iqtisadiyyatdan uzaq olmaq lazımdır. Bu dövlət başçısının sahibkarlardan ən əsas tələbidir. Prezident İlham Əliyev bununla bağlı müxtəlif çıxışlarında fikirlərini bildirmişdir. Regionların "2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"-nın icrası ilə bağlı keçirilən konfransda ölkə başçısı demişdir: "Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə”. Ölkə başçısının şəffaflıq və kölgə iqtisadiyyatı ilə bağlı mövqeyi qəti və sarsılmazdır.
Dövlət başçısı ölkədə kölgə iqtisadiyyatının qarşısının alınması üçün bir çox addımlar atmışdır ki, bunların içində ən diqqət çəkəni kadr və struktur dəyişiklikləridir.  Qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə ölkə başçısı hökumətin tərkibinin yenilənməsi fonunda İnam Kərimovu kənd təsərrüfatı naziri, Səfər Mehdiyevi Gömrük Komitəsinin, Samir Nuriyevi isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edib. Struktur islahatları aparılmağa başlanılıb və Nazirliklərin tərkibində strukturlar yenidən formalaşdırılıb. Bundan başqa Azərbaycan Maliyyə Monitorinqi Xidməti və Sahibkarlığın İnkişafı Fondu yaranıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsi və strukturu dəyişib, kadr islahatları aparılıb. Qeyd edək ki, kölgə iqtisadiyyatına, rüşvətxorluğa və korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri çərçivəsində xüsusi vurğulanmalı olanlardan biri də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən aparılan əməliyyatlar olmuşdur. DTX tərəfindən Ağstafa, Yevlax, Biləsuvar, İmişli və Neftçala rayonlarında, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrində, Mədəniyyət Nazirliyində və DSX-da müxtəlif vaxtlarda əməliyyatlar keçirilmişdir. Bu əməliyyatlar xalqımıza və məmuralara bir daha göstərdi ki, heç bir dövlət orqanında toxunulmazlıq yoxdur və məmurların toxunulmazlıq iddiası sadəcə mifdən ibarətdir. Bununla da dövlət başçısı ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırmışdır.
Bütün atılan addımlar, verilən düşünülmüş və dəqiq qərarlar ölkə başçısının şəffaflıq, korrupsiya ilə mübarizə və kölgə iqtisadiyyatından çıxmaqda qərarlı olduğunu və vətəndaş rifahını prioritet olaraq qəbul etdiyini açıq göstərir. Beləliklə, hər bir dövlət məmuru öz işində vətəndaşın maraqlarını əsas tutmalı, müəssisə və təşkilatlar isə iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verməli və dövlətin tələblərinə maksimum riayət etməlidirlər.


İlhamə Alməmmədova
243 saylı tam orta məktəbin direktor əvəzedicisi

Keçidlər