Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda qanvermə aksiyası keçirilib

02 iyun 2020 | 11:00
Azərbaycan Respublikasının  birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Pirallahı rayonu da qoşulub.
Heydər Əliyev Fondunun çağırışına cavab olaraq, Pirallahı rayonunda 2 iyun 2020-ci il tarixdə qanvermə aksiyası keçirilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Təşəbbüsə qoşulan donorların sayı kifayət qədər olmuş və 50 könüllüdən qan götürülmüşdür.
Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.
Qeyd edək ki, dünyada koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, cəmiyyətin diqqətinin bu kimi sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu vurğulayaraq, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər. Pirallahı rayonunda gələcəkdə də bu cür nəcib aksiyaların keçirilməsi nəzərdə tutulur.
 
 
Keçidlər