"Kölgə iqtisadiyyatı böyük bəladır və biz bununla çox ciddi mübarizə aparırıq"
Dünyada sosial-iqtisadi inkişafın qarşısında duran ən böyük əngəllərdən biri kölgə iqtisadiyyatıdır. Bir ölkədə kölgə iqtisadiyyatı və ya qeyri-rəsmi iqtisadiyyatın mövcudluğu büdcəyə vergi daxilolmalarının azalmasına, dövlət xərclərinin artmasına, məhsuldarlığın və inkişafın qarşısının alınmasına səbəb olur. Hazırda bütün ölkələrdə, o cümlədən inkişafda olan və inkişaf etmiş ölkələrdə "kölgə iqtisadiyyatı" mövcuddur və bu ölkələr arasındakı fərq yalnız onun səviyyəsinin nə dərəcədə olmasından asılıdır. Belə ki, Dünya Bankının 2017-ci il üzrə araşdırmalarına əsasən, "kölgə iqtisadiyyatı"nın həcminə görə MDB dövlətlərində orta göstərici 39 faiz, Şərqi Avropada 23 faiz, Türkiyədə 28 faizdir.
Kölgə iqtisadiyyatının yaranmasının əsas səbəbləri kimi iqtisadiyyatın ümumi vəziyyəti, əhalinin yaşayış səviyyəsi, dövlətin qoyduğu sərhədlər, eyni zamanda vergi yükünün ağırlığı, işsizliyin miqyası və digər bürokratik əngəllər qeyd edilir. Kölgə iqtisadiyyatının vergi gəlirlərini azaltması və sosial müdafiə sisteminin maliyyələşməsini zəiflətməsi kimi mənfi makroiqtisadi təsirlərlə yanaşı, şirkətlər arasında ədalətli rəqabəti aradan qaldıran mikroiqtisadi təsirləri də mövcuddur. Beləliklə, “kölgə iqtisadiyyatı” yalnız vergilərdən yayınmağa şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır. Kölgə iqtisadiyyatının həcmi ilə bağlı təsəvvür yaratmaq üçün belə misal vermək olar ki, bütün dünyada kölgə iqtisadiyyatının həcmi 10 trilyon dollar həcmində qiymətləndirilir. Əgər kölgə iqtisadiyyatı ayrıca bir milli dövlət kimi təsəvvür edilsəydi, onun iqtisadiyyatının ölçüsü dünyada ikinci, əhalisinin sayı isə 1,8 milyard nəfər olardı.
Ölkəmizdə də kölgə iqtisadiyyatının mövcudluğunu qəbul edərək son illər onun aradan qaldırılması istiqamətində bir çox layihələr həyata keçirilmişdir. Belə ki, bu istiqamətdə dövlət tərəfindən qanunvericilikdə yeniliklər edilmiş, struktur və kadr islahatları həyata keçirilmişdir. Şübhəsiz ki, həyata keçirilən tədbirlərin mərkəzində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və sarsılmaz əqidəsi dayanır. Cənab prezident kölgə iqtisadiyyatı ilə bağlı demişdir: "Kölgə iqtisadiyyatı böyük bəladır və biz bununla çox ciddi mübarizə aparırıq". Bəli, ölkəmizdə kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində çox ciddi addımlar atılmışdır.
Ölkəmizdə kölgə iqtisadiyyatı özünü daha çox qeyri-formal məşğulluq və ikili mühasibatlılıqda göstərir. Qeyri formal sektor, vergidən yayınmaq üçün işçiləri ilə əmək müqavilələri bağlamayan və yaxud da işçilərin real əmək haqlarını faktiki az göstərərək daha az vergi verməyə səy edən müəssisələr birliyidir. Bir sözlə real gəlirlərini və xərclərini gizlədərək daha az vergi ödəyən müəssisələrin fəaliyyəti qeyri-formal sektorun özəyində durur. Belə müəssisələrə daha çox öz tələbatlarını ödəmək məqsədilə fəaliyyət göstərən ev təsərrüfatları, məşğulluğu qeyri-rəsmi olan müəssisələr və işçi ilə işəgötürən arasında mövcud olan münasibətlərin sənədləşdirilmədiyi müəssisələri misal göstərmək olar. Hal-hazırda isə aparılan mübarizə tədbirlərinin nəticəsində vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb və mühüm uğurlara nail olunub. Belə ki, son vaxtlarda dövlət büdcəsinə daxilolmaların həcmi artıb və qeyri-leqal məşğulluğun qarşısının alınmasında əhəmiyyətli irəliləyiş əldə olunub. 2019-cu ildə əmək müqavilələrinin sayında 153 min, 2020-ci ilin əvvəlindən isə 105 min nəfərlik artım olmuşdur. Buna paralel olaraq, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artmış və 1.4 milyard manatı keçmişdir. Bu rəqəmlər ölkəmizdə kölgə iqtisadiyyatına və qeyri-formal məşğulluğa qarşı aparılan düzgün və dəqiq siyasətin nəticəsidir. Artıq müəssisələr və vətəndaşlar anlayırlar ki, “kölgə”də olmaq onlara xeyir gətirməyəcək, gec və ya tez bu qeyri-qanuni fəaliyyət üzə çıxacaq və onlar bunun cəzasını ödəməli olacaqlar. Xüsusilə, pandemiya dövründə qeyri-formal fəaliyyət göstərənlər bunu bir daha dərk etdi. Onlar dövlətin yaratdığı imkanlardan, güzəşt və stimullaşdırıcı tədbirlərdən bir çox hallarda məhrum oldu. Dövlət öz fəaliyyətində dürüst olan intizamlı sahibkarı və vətəndaşı qorudu, geniş maliyyə dəstəyini onlara verdi. Ancaq Azərbaycan dövləti bu çətin dövrdə də, sosial dövlət olduğunu bir daha təsdiqləyərək, 600 min insana iki ay ərzində hər ay yaşayış minimumu həcmində 190 manat birdəfəlik vəsait verilməsini təmin etdi. Bununla bağlı ölkə başçısı demişdir: “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür”. Bununla da ölkə başçısının humanizmi nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların belə sosial müdafiəsinin nəzərə alınması təmin edildi. Bundan əlavə,təkcə aprel ayında əlavə 12 min ailəyə (50 min ailə üzvünə) ünvanlı dövlət sosial yardımı verildi və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Digər tərəfdən, pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edildi və heç bir axsamaya imkan verilmədi. Bütün bunlar dövlət başçısının Azərbaycan xalqına diqqətinin və qayğısının təzahürüdür. Beləliklə bütün dünyanın pandemiya ilə, iqtisadi çətinliklərlə və səhiyyə problemləri ilə boğuşduğu bu vaxtda Azərbaycanın lideri, ölkə başçısı qətiyyət göstərərək həm vətəndaşlarını düşdükləri çətin vəziyyətdən qurtardı, həm ölkəmizin bu çətin dövrdən iqtisadi olaraq minimum zərərlə çıxması üçün çalışdı, həm də dünyanın 10-dan çox ölkəsinə maddi və humanitar yardımlar göstərdi. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatın sədri pandemiya ilə mübarizədə ölkəmizi nümunəvi ölkə olaraq təqdim edir və görülən işləri yüksək qiymətləndirir. Bundan başqa, Azərbaycan Prezidentinin pandemiyanın sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur. Bu ölkə başçısı İlham Əliyevin yüksək idarəçiliyinin və Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir. Biz də vətəndaşlar olaraq öz növbəmizdə Prezidentimizin siyasətinə dəstək olmalı, onun tapşırıqlarına əməl etməli və birmənalı olaraq şəffaf olmayan hər cür fəaliyyətdən uzaq durmalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur.
Samir Hüseynov