Azərbaycanda kölgə iqtisadiyyatı və qeyri-formal məşğulluqla ciddi mübarizə aparılır
Son zamanlar dünya iqtisadiyyatında baş verən böhran, ticarət müharibələri, neft bazarındakı qiymət qeyri-müəyyənliyi , daha sonra koronavirus infeksiyasının (COVID-19) dünyada sürətlə yayılması səbəbindən neft bazarının ölü vəziyyətinə düşməsi, bir çox ölkələrin iqtisadiyyatlarının iflic olması ilə qısa bir zaman ərzində dünyada iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını gün üzünə çıxardı. Bunlara sübut olaraq sadəcə OPEC-in neft bazarını sabitləşdirə bilməməsini göstərməyimiz kifayət edər.
Bütün bu iqtisadi təlatümlər düyanın heç bir ölkəsindən yan keçmədiyi kimi Azərbaycan iqtisadiyyatını da sınağa çəkdi və bir sıra çatışmamazlıqları üzə çıxardı. Ölkəmizin iqtisadi vəziyyəti nə qədər stabil olsa da, problemlərin mövcud olduğu gizlədilmir və onların həlli üzərində daim iş aparılır. Sözü gedən problemlər arasında iqtisadi şəffaflıq, hesabat, uçot və nəzarət sisteminin qeyri-səmərəliliyi, vergidən yayınma və kölgə iqtisadiyyatı kimi neqativ halları sadalamaq olar.
Burada kölgə iqtisadiyyatı üzərində bir qədər geniş dayanmaq istərdik. Kölgə iqtisadiyyatı elə bir bəladır ki onun içərisində həm uçot və nəzarət sisteminin qeyri şəffaflığı, həm vergidən yayınma, həm də işçilərin sosial təminatlardan - işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta - məhrum olması vardır. Bu yolla vergi nəzarətindən milyonlarla vəsait yayındırılır. Əlbəttə demək olmaz ki bu yalnız bizim ölkəmizə aid olan bir problemdir. Bu, bütün dünyada müşahidə olunan problemdir və hər bir dövlət bununla bağlı öz siyasətini yeritməyə çalışır. Kölgə iqtisadiyyatı dedikdə söhbət daha çox qeyri-rəsmi məşğulluqdan və dövlət tənzimlənməsi olmadan xidmətlərin göstərilməsindən gedir. Azərbaycanda "kölgə iqtisadiyyatı"nın səviyyəsinin həcmi son illərdə aparılan köklü islahatlar nəticəsində azalsa da, onun mövcud miqyası hələ də arzuolunan səviyyədə deyil.
Qeyd edək ki, hər bir ölkənin, o cümlədən Azərbaycanın büdcəsi birbaşa vergilərin ödənilməsindən asılıdır. Büdcəmizin əhəmiyyətli bir hissəsinin neft gəlirlərindən asılı olduğu məlumdur. Ancaq hətta neftin qiymətinin ən yüksək həddə olması şəraitində belə, ödənilən vergilərin əhəmiyyəti qətiyyən azalmır. Beləliklə, hər bir vətəndaş dövlət qarşısında öz məsuliyyətini anlamalı və bilməlidir ki, ölkəmizin inkişafı, onun iqtisadi qüdrəti, ordusu, təhsil və səhiyyə sistemi, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması onların ödədiyi vergilərdən asılıdır.
Son vaxtlar ölkəmizdə "kölgə iqtisadiyyatı"na qarşı mübarizə getdikcə daha geniş vüsət almaqdadır ki, bunun da əsasında Prezident İlham Əliyevin qətiyyəti və sarsılmaz iradəsi dayanır. "Kölgə iqtisadiyyatı"na dair Azərbaycan Prezidenti cənab İlham Əliyevin fikirlərini xatırlatmaq yerinə düşərdi: “Kölgə iqtisadiyyatı" böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Biz "kölgə iqtisadiyyatı"na qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq”. Dövlətimizin başçısı, həmçinin, dəfələrlə qeyd etmişdir ki, "kölgə iqtisadiyyatı" ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir və bizim əsas vəzifəmiz "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması və aradan qaldırılmasıdır.
Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilməkdədir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır. Belə ki, görülən tədbirlər nəticəsində 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələmişdir. Buna paralel olaraq son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır. Bu isə öz növbəsində həmin şəxslərin vergitutmaya cəlb olunması, eləcə də sosial təminatlardan istifadə etməsi deməkdir. Büdcəyə daxil olan bu vəsaitlər isə dövlət institutlarının möhkəmlənməsinə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və sosial layihələrə yönəldilir.
Bu islahatların əhəmiyyəti koronavirus infeksiyasının (COVID-19) yayıldığı dövrdə özünü daha qabarıq şəkildə göstərdi. Belə ki, dünyanın bir çox ölkələrinin, hətta bunların arasında inkişaf etmiş ölkələr də var, iqtisadiyyatları çökdü, işsizlik heç zaman olmayan rəqəmlərlə ifadə olunmağa başladı, zavodlar, fabriklər, turizm, xidmət sahələri öz fəaliyyətini demək olar ki, tamamilə dayandırdı. Bu fonda Azərbaycanın iqtisadiyyatı isə dayanıqlılıq nümayiş etdirdi, məcburən iş fəaliyyətini dayandırmalı olanlar və ümumiyyətlə işsiz olan vətəndaşlar dövlətdən maliyyə yardımları aldılar. Dövlət koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün ilkin mərhələdə 1 milyard manat ayırdı və sonrakı mərhələlərdə bu vəsait daha da artırıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planı hazırlandı. Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəldildi. Pandemiya dövründə dövlət və özəl sektorda çalışan işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarlara yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində təcili tədbirlər görüldü. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin Elektron Hökumət portalının “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu. Pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu.
Bu dediklərimiz əslində görülən işlərin yalnız cüzi bir hissəsini əhatə edir. Aydındır ki, dünya iqtisadiyyatının belə ağır bir dövründə yalnız düzgün idarə olunan, dinamik, rəqabətə davamlı iqtisadiyyatlar davam gətirə bilərlər. Onun üçün də aparılan islahatlar tam sürəti ilə davam etdirilir, “qara” iqtisadiyyatın ağardılması üçün tədbirlər görülür. Kölgə iqtisadiyyatının azalması və hətta tamamilə yoxa çıxması dövlətimiz üçün ən arzuolunan hal olardı. Çünki bu hal yalnız və yalnız dövlətimizin güclənməsi ilə nəticələnə bilər.
Prezident cənab İlham Əliyev keçirdiyi iclasların birində dediyi kimi: “Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”. Bəli, bütün xalq, ölkə başçısından tutmuş sıravi vətəndaşa qədər, hər kəs bu işdə öz məsuliyyətini göstərməli və gedən proseslərə töhfəsini verməlidir. Çünki, ölkə başçısının da dediyi kimi ““Biz birlikdə güclüyük!””...
“Azərsu” ASC Pirallahı rayon Sukanal İdarəsinin rəisi - Əli Kərimov