Şriftin ölçüsü :

Saytın rəngi :

"Covid-19" Pandemiyasına qarşı mübarizədə hər bir vətəndaşımız məsuliyyətli olmalıdır

09 iyun 2020 | 11:00

Koronavirus pandemiyasının bir sıra ölkələr üzrə statistikası insanı dəhşətə gətirməkdədir. Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir. Ölkəmizdə isə virusa yoluxmaların qarşısının alınması və yoluxanların müalicəsi üçün ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə və bilavasitə nəzarəti ilə mümkün olan bütün qabaqlayıcı tədbirlər görülür və bundan sonra da görüləcək. Lakin hal-hazırda təhlükəli virusun yayılmasının və böyük faciələrə gətirib çıxarmasının qarşısının alınmasında hər bir kəsin iştirakı həyati əhəmiyyət kəsb etməyə başlayıb.
        Zamanında dövlətin vaxtında müdaxiləsi nəticəsində pandemiyanın birinci mərhələsini az itkilərlə keçirsək də karantin rejimi yumşaldıqdan sonra, vətəndaş məsuliyyətsizliyi ucbatından koronavirusa yoluxanların sayı kəskin şəkildə artmağa başladı. İnsanlar bu vəziyyəti düzgün qiymətləndirməyərək virus tamamilə yox olmuş kimi hərəkət etdi və bu səhvin nəticəsini də artıq görməyə başlamışıq. Belə ki, gündəlik yoluxma sayındakı kəskin artım həyacan təbili çalmaq üçün kifayətdir. Vətəndaşlarımız anlamalıdır ki, karantin tədbirlərinin yumşaldılması ilə dövlət öz vətəndaşlarının şəxsi məsuliyyətinə etibar etdi. Ancaq bəziləri bunu doğru-dürüst anlaya bilmədi. İndi də anlaya bilmir ya da anlamaq istəmir. Vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, tibbi maska taxmırlar, sosial məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Karantin tədbirlərinin yumşaldılması məsuliyyətsiz davranmağımıza əsas vermir. Bir gündə 300 dən artıq yeni yoluxmanın qeydə alınması çox ciddi və təhlükəli haldır. Xəstəlik yoxdur deyən və səhv informasiya yayanlara virusun təhlükə dərəcəsini öyrənməyi tövsiyə edirik.
Nazirlər Kabineti yanında Operativ Qərargah məcburiyyət qarşısında qalaraq ölkə ərazisində məhdudiyyət tədbirləri tətbiq etdi. Əgər bundan sonra da yeni yoluxanların statistikası artan templə davam edərsə, daha ciddi tədbirlərin görülməsi qaçılmaz olacaq. Beləliklə iyun ayının 6-sı 00:00-dan, 8-i 06:00-a qədər tətbiq olunan qaydalara əsasən, Bakı, Gəncə, Lənkəran, Sumqayıt və Abşe¬ronda şənbə və bazar günləri yalnız xüsusi sağlamlıqla bağlı vəziyyətlərdə, tibb müəssisələrinə müraciət mühüm olan hallarda və zəruri həyati vacib xidmət sahələrində çalışanlara evdən çıxmağa icazə verildi. İctimai və şəxsi nəqliyyatın hərəkəti tam şəkildə məhdudlaşdırıldı. Yalnız zəruri vacib sahələrdə çalışan şəxslərin onlardan istifadəsinə dair müəyyən istisna¬lar qəbul olundu.
       Qeyd edək ki, bu gün dünya dövlətləri bu virusdan az itkilərlə çıxmağın axtarışındadır. Dünyanın qabaqcıl alimləri, həkimləri, bioloqları, virusoloqları və digər bu sahə ilə bağlı  mütəxəssisləri koronavirusla əlaqəli apardıqları intensiv araşdırmaların nəticəsi olaraq, yaxın zamanlarda virus əleyhinə vaksinlərin, peyvəndlərin tapılması üçün çalışırlar. Artıq müxtəlif ölkələrdən belə sədalar da eşidilməyə başlanılıb. Şübhə yoxdur ki, bəşəriyyət bu dəhşətli virusa da qalib gələcək. Hələlik isə bütün dünya bu virusdan qorunmağın yeganə yolu olan təcrid olunmanı tövsiyə edir. Biz də bu yolla özümüzü və yaxınlarımızı yoluxmadan, ölümdən qorumalıyıq. Odur ki, məsuliyyətli olmalı, karantin rejiminə ciddi əməl etməliyik.
Arzu Abdullayev
Pirallahı Rayon İcra Hakimiyyəti
başçısı Aparatının şöbə müdiri

Keçidlər