Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunun neftçiləri humanist aksiyaya qatıldılar

05 noyabr 2013 | 11:00
  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Qanunla yaradılmış və sürətli inkişaf yoluna qədəm qoymuş Pirallahı rayonunda artıq sosial yönümlü layihələr də həyata keçirilir. Təqdirəlayiq haldır ki, bu qəbildən olan tədbirlərin önündə bir qayda olaraq rayonumuzun neftçiləri gedirlər. Bütövlükdə Azərbaycan neftçiləri bütün dönəmlərdə ölkəmizdə həyata keçirilən sosial yönümlü layihələrin ən fəal iştirakçıları kimi tanınırlar. Hər il olduğu kimi bu il də neftçilər Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə birincilər sırasında qoşulmuşlar. «Savab dünyası» Talassemiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən, sağalmaz xəstəlikdən əziyyət çəkən uşaqlara humanitar yardım xarakteri daşıyan tədbirlərdə ARDNŞ-in strukturuna daxil olan və Pirallahı rayonunun ərazisində yerləşən idarə və müəssisələrin əmək kollektivləri ənənəvi olaraq böyük fəallıq nümayiş etdirirlər. Oktyabr ayının 24-də rayonumuzda ilk belə bir humanist tədbir “Abşeronneft” NQÇİ-də keçirildi.
  «Abşeronneft» NQÇİ-nin rəisi Şahmar Hüseynov bildirir ki, aparılmış izahat və təbliğat işləri nəticəsində artıq beşinci ildir ki, dəniz neftçiləri könüllü olaraq «Donor günü»nə qatılırlar. Hər bir şəxs başa düşür ki, onun verdiyi donor qanı ən azı bir uşağın həyatda qalmasına səbəb olacaqdır. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası bu xeyirxahlıq aksiyasının reallaşmasında neftçilərə yardımçı olur. Gün ərzində 1, 2, 3 və 4 saylı neftqazçıxarma sexlərinin, Quyuların yeraltı və əsaslı təmiri sexinin, İstehsalat avadanlıqlarının təmiri sexinin, Neftin kompleks hazırlanması və nəqli sexinin və digər sahələrin kollektivləri qanvermə prosesində fəallıq nümayiş etdirdilər. Günün sonunda məlum oldu ki, 120 nəfərdən çox neftçi “Donor günü”ndə iştirak etmiş, onlardan 102 nəfər qan vermişdir.
 “28 May” NQÇİ-nin Çilov adasında dislokasiya olunmuş struktur vahidlərində və Stasionar Dəniz Özüllərində çalışan neftçilər qanvermə aksiyasına noyabrın 2-də qatıldılar. İlk olaraq qan verənlərdən biri, «28 May» NQÇİ-nin rəisi Rövşən Qarayev qeyd etdi ki, kollektiv hər il olduğu kimi bu il də talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə könüllü qoşulmuşdur. Ağır bəlaya düçar olmuş körpələrə donor qanı vermək bizim insanlıq, vətəndaşlıq borcumuz olmaqla yanaşı, həm də inancımıza görə çox böyük savab işdir. Növbəli iş rejiminə, işçilərimizin çoxunun ayrı-ayrı özüllərdə olmasına baxmayaraq kollektivimiz bu xoşməramlı təşəbbüsə hamılıqla qoşulmaq əzmindədir. Günün sonuna aksiyada iştirak
etmiş yüzdən artıq dəniz neftçisindən 82-si qan verməklə xəstə balaların həyata olan ümidini artırmış oldular. Qaz kompressor stansiyasının, Neftin nəqli sexinin əməkçiləri isə qanvermə aksiyasında növbəti günlərdə iştirak edəcəklər.
  Möcüzələr adası Neft Daşlarında «Donor günü» noyabrın 4-də baş tutdu. “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov qeyd etdi ki, burada çalışan fədakar insanlar həmişə olduğu kimi dəfə də bu humanist tədbirə böyük ruh yüksəkliyi ilə qoşulublar. “Neft Daşları” NQÇİ-nin kollektivi ilə bərabər 7 saylı Tikinti-Quraşdırma idarəsinin, “Neft Daşları” Mədən Geofizika Ekspedisiyasının və digər təşkilatların əməkçilərinin iştirak etdiyi humanist aksiyanın səhər saatlarından axşam saat 21.00-dək davam etməsi planlaşdırılmışdır. Günün sonuna olan məlumata görə aksiyada 250 nəfərədək dəniz neftçisi iştirak etmiş, onlardan 223 nəfəri tibbi müayinədən uğurla keçərək talassemiyalı xəstələr üçün qan vermişlər.
Keçidlər