Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirusla mübarizədə Azərbaycan nümunəsi

12 iyun 2020 | 11:00
Bu gün bütün dünyanın gündəmini məşğul edən  koronavirus pandemiyasına qarşı mübarizədir. Hər gün bu virusa yoluxanlar və onun qurbanına çevrilənlərin sayı barədə dəhşətli statistikalar açıqlanır. Hal-hazırda dünyada bu virusa yoluxanların sayı 7,5 milyonu, virusdan ölənlərin sayı isə 400.000-i keçmişdir. Qeyd edək ki, dünya üzrə rəsmi statistika təhlil edilərsə, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləmək mümkündür. Son günlər pandemiyanın ölkə ərazisində yayılma tendensiyasında yüksəliş müşahidə edilsə də ölkəmizdə virusa yoluxanların ümumi sayı 8,882, virusdan ölənlərin sayı isə cəmi 108 nəfərdir. Rəqəmlərin minimumda qalmağına əsas səbəb isə şübhəsiz ki, ölkə rəhbərliyinin vaxtında və düşünülmüş addımlarıdır. 
Pandemiyanın dünya müstəvisində yayılmağa başladığı ilk günlərdən etibarən Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Hökumət tərəfindən pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün əsas istiqamət kimi ölkədə xüsusi karantin rejiminin tətbiqi həyata keçirilmişdir. Məqsəd əhalinin hərəkət istiqamətlərin məhdudlaşadıraraq, sosial izolyasiya tədbirlərini genişləndirmək və bununla da, virusun yayılmasının qarşısını almaq idi. Hökümət ilkin mərhələdə istədiyinə nail oldu. Belə ki, xüsusilə aprel ayının ikinci yarısından etibarən virusa yoluxma sayında əhəmiyyətli azalma müşahidə olundu, hətta gündəlik yoluxma sayı sağalma sayının gerisində qaldı. Amma təəssüf ki, xüsusi karantin rejiminin yumşaldılmasından sonra müsbətə doğru olan tendensiya əks istiqamətə çevrilərək, yoluxma sayında kəskin artım yaşanmağa başlandı. Bunun əsas səbəbi insanların  qaydalara əməl etməsində yaranan boşluqlar oldu. Əvvəl insanlar daha çox fərdi qoruyuculara üstünlük verirdilərsə, xüsusi karantin rejiminin yumşaldılmasından sonra qoruyucu maska nisbətən daha az istifadə edilməyə, sosial məsafə gözlənilməməyə başlandı və bunun məntiqi nəticəsi olaraq visrusa yoluxma sayında kəskin artım meydana gəldi. Bunun qarşısının alınması üçün dövlət tərəfindən yeni qərarlar tətbiq olunmağa başladı. Belə ki, 06-07 iyun tarixlərində sərt karantin rejimi tətbiq olundu. Əhali isə həmişə olduğu kimi bu qərarda da dövlətə tamamilə arxalanaraq və böyük həmrəylik nümayiş etdirərək qoyulan qaydalara maksimum dərəcədə riayət etdi.
Bununla bağlı prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 09 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı ölkə başçısının səsləndirdiyi fikirlərdə bildirilmişdir: “Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır”. Bəli, dövlətin qəbul etdiyi bütün qanunlar və həyata keçirdiyi bütün tədbirlərdə əsas məqsəd xalqın sağlamlığı və rifah səviyyəsinin qorunmasıdır.
Dövlətimizin virus əleyhinə həyata keçirdiyi tədbirlərin mühüm bir istiqamətini də səhiyyə və sənaye sahəsi əhatə edir. Tibbi maska istehsalı müəssisəsinin işə salınması da bu tədbirlər silsiləsindən növbəti diqqətə layiq addımdır. Ölkəmizdə qısa müddət ərzində tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət kəsb edən vacib hadisədir. Çünki, heç bir ölkədə bu qədər qısa zaman kəsiyində belə bir analoji addım atılmayıb. Onu da vurğulayaq ki, tibbi maska istehsalı zavodunun fəaliyyətə başlaması koronavirusla mübarizəyə mühüm töhfə olduğu kimi, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldıran vacib bir addım olmuşdur. Koronavirusla mübarizədə dünyanın bir çox ölkəsində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapmışdır. Yeni açılan müəssisədə beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla gündəlik 200-250 min tibbi maska istehsal olunur. Bu o deməkdir ki, artıq Azərbaycan tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir. Burada maraqlı amillərdən bir də odur ki, maskaların hazırlanmasında, istifadə olunacaq spirt və digər dezinfeksiyaedici mayelərin istehsalı ilə hazırda ölkəmizdə müxtəlif istehsalat müəssisələri məşğul olur. Bu gün ölkəmizdə yaradılmış şərait imkan verir ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsal sahələrinin təşkilində çox qısa zamanda böyük uğur qazanaq. Bütün bu amillər ölkəmizin koronavirusla mübarizədə  dünya üçün  nümunə olduğunu nümayiş etdirməyə kifayətdir. Artıq bəzi ölkələr Azərbaycan nümunəsini öyrənməyə və  tətbiq etməyə başlayıb.
Cənab Prezidentin xalqa müraciətində qeyd etdiyi kimi, görülən işlərdə əsas məqsəd insanların sağlamlığının təmin edilməsidir. Dövlət başçısı çıxışında bir mühüm faktı da diqqətə çatdırdı: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dövlət başçısı vurğulayıb ki, dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.
Prezident İlham Əliyev çıxışında həkimlərin və tibb işçilərinin yüksək fədakarlıq göstərərək çalışdıqlarını və bunun üçün onlara minnətdar olduğunu da vurğuladı. Ölkə başçısı və Birinci Vitse-prezident Mehriba Əliyeva tibb işçilərini ayaq üstə alqışladı. Ölkə başçısı bu haqda fikirlərini bildirdi: “Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”.
Pandemiya dövründə Azərbaycan sadəcə ölkə daxilində deyil, ölkə xaricində də düşünülmüş siyasət həyata keçirərək həm hümanizm prinsiplərimizi dünyaya nümayiş etdirdi, həm də ölkəmizin imicinin dünyada daha da yüksəlməsinə vacib töhfə verdi. Ölkə başçısı bununla bağlı çıxışında demişdir: “..... Biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, həyata keçirilən işlər ölkəmizin bu sınaqdan da minimum itki ilə çıxacağına əminlik yaradır. Ölkə başçısı hər bir vətəndaşı koronavirusla mübarizədə birləşməyə səsləyərək,  "Biz birlikdə güclüyük" şüarını səsləndirmişdir. Bu şüar ölkəmizin koronavirusla mübarizədə əsas istiqaməti olmuşdur. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də məhz milli birliyimizdir. Biz inanırıq ki, Azərbaycan tezliklə bu mübarizədən də qalib çıxacaq. Yetər ki, məsuliyyətli olaq və qaydalara əməl edək.

YAP Pirallahı rayon təşkilatının könüllüsü
Anar Babayev

Keçidlər