Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda "15 İyun – Milli Qurtuluş Günü” ilə əlaqədar Videokonfrans formatında tədbir keçirildi

12 iyun 2020 | 11:00
Videokonfrans formatında keçən tədbiri açıq elan edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxışında qeyd  edib ki, xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş bayramı ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. Çünki, ümummilli lider Heydər Əliyev 15 iyun  1993-cü il tarixində  Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi indi nə ümumiyyətlə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin-amanlıqdan, inkişafdan danışmaq olmazdı.
Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq, bu yolda minlərlə şəhid verib. Ulu öndər Heydər Əliyevin "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" tezisi hər bir dövr üçün öz aktuallığını qorumaqla birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkilir. Bu baxımdan Azərbaycanın müasir tarixinin iki önəmli hadisələrindən biri Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edilməsi və Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xüsusi vurğulanmalıdır" - deyə H.Şikarov bildirib.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü İsmayıl Əliyev çıxış edərək qeyd edib ki, Milli Qurtuluş Günü kimi daxil olan bu gün təqvimdə sadəcə bir bayram günü deyil, ictimai, siyasi, tarixi hadisələrlə zəngin bir gündür: "Azərbaycanın tarixində elə günlər var ki, həmin günlər xalqımızın gələcək taleyinin müəyyən olunmasında böyük başlanğıcların əsasını qoyub. Tarixi hadisələrlə zəngin belə günlərdən biri 15 iyun 1993-cü il tarixidir. Xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olan bu gün təqvimdə sadəcə bir bayram günü deyil, ictimai, siyasi, tarixi hadisələrlə zəngin bir gündür. Vətənini, xalqını sevən, ö dövrün çətin, ağrılı günlərinin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün Milli Qurtuluş Günü çox dəyərli və əzizdir".
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri İlqam Əskərov çıxışında vurğulayıb ki, milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir, regionda və dünyada Azərbaycan nüfuzu günbəgün artır. Ötən 27 ildə siyasi, iqtisadi, sosial sahədə əldə etdiyi yüksək nailiyyətləri, dövlətçilik prinsiplərini demokratik əsaslar üzrə inkişaf etdirilməsi ilə Azərbaycan öz varlığını bütün dünyaya təsdiq edib.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov çıxışında qeyd edib ki, ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verib və dahi şəxsiyyətin Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradılıb: "Bu isə hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki, ölkənin gələcək hüquqi inkişafı məhz sabitliyə əsaslanırdı. Belə çətin məqamda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı doğrudan da xalqımızın ən ağır problemlərdən, çətinliklərdən, faciələrdən Qurtuluşu oldu".
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı 186 №-li orta məktəb ilk partiya təşkilatı sədrinin müavini Həcər Ramazanova da çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı mühüm roldan, tarix və dövlət qarşısındakı xidmətlərindən söhbət açıb.
Tədbirin sonunda YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan partiyası Pirallahı rayon təşkilatının İdarə Heyətinin üzvü İsmayıl Əliyev toplantı iştirakçılarını bütün dünyanı lərzəyə salan pandemiya ilə mübarizədə xalqımızın sağlamlığı naminə ölkə başçısının verdiyi qərar və tapşırıqlara məsuliyyətlə yanaşmağı tövsiyə ediblər.
 
Keçidlər