Şriftin ölçüsü :

Saytın rəngi :

Görülmüş işlərin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır

13 iyun 2020 | 11:00
     Ölkəmizdə pandemiyanın yayılmasına qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilməkdədir. Hər birimiz üçün qürurverici haldır ki,  beynəlxalq arenalarda problemə innovativ yanaşan ölkələrin adları çəkiləndə ölkəmiz daim ön sıralarda vurğulanmaqdadır. Bunun əsas səbəbi şübhəsiz ki,  ölkə başçısı cənab İlham Əliyev tərəfindən virusun yayılmağa başladığı ilk günlərdən etibarən atılan qabaqlayıcı addımlar olmuşdur. Ölkə başçısı tərəfindən verilən qərarlara, qəbul olunan sənədlərə və sərəncamlara nəzər salsaq onların mühüm əksəriyyətinin əhalinin rifahına və sağlamlığının qorunmasına xidmət etdiyini müşahidə edə bilərik.
     Azərbaycanda virusun yayılmasının qarşısının alınması istiqamətində bir çox addımlar atılmışdır ki, onlardan ən əsasları bütün təhsil pillələri üzrə fəaliyyətin dayandırılması, iaşə obyektlərinin və zəruri olmayan ticarət obyektlərinin bağlanılması, digər ölkələrlə sərhədlərin bağlanılması, bütün kütləvi tədbirlərin, o cümlədən 21 Mart -Novruz bayramı və son zəng kimi ənənələşmiş tədbirlərin ləğv olunmasını və s. göstərmək olar. Onu da vurğulamaq lazımdır ki, dövlətimiz virusla mübarizə apardığı bu çətin dövrdə belə sosial dövlət olduğunu unutmadan fəaliyyətini məhz vətəndaşların rifah halını qorumağa yönləndirmişdir. Xüsusi karantin rejiminin tətbiq olunması ilə günəmuzd işləyən bir çox vətəndaşın gəlirlərini itirməsini nəzərə alan dövlətimiz 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsini təmin etdi. Artıq bu proses demək olar ki, yekunlaşmışdır. Bundan əlavə ünvanlı dövlət sosial yardımı proqramına əlavə ailələrin cəlb olunması və istər dövlət, istərsə də fiziki və hüquqi şəxslərin hesabına əhalinin aztəminatlı təbəqəsinə ərzaq və humanitar yardımların verilməsinin təşkili də dövlətimizin xalqı pandemiya dövründə də tək qoymadığının əyani sübutudur. Bundan əlavə dövlət ölkə xaricində olan vətəndaşları da tək qoymayaraq respublikadan kənarda olan 15 mindən çox soydaşımızı vətənə qaytardı ki, bu proses hələ də davam etdirilməkdədir. Xaricdə yaşayan soydaşlarımız yaradılmış xüsusi portal vasitəsilə qeydiyyatdan keçərək, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Ölkəmizə xaricdən gələn vətəndaşlar hesabına virusun yayılması ehtimalına qarşı isə gələn hər bir fərd karantinə yerləşdirilərək, müvafiq testlərdən keçirilir. Karantinə alınan vətəndaşlar üçün yaradılan şərait də dünya standartları ilə tam uyğunlaşır, hətta onu qabaqlayır.  Belə ki, vətəndaşlar dörd və beş ulduzlu otellərdə, o cümlədən Atletlər kəndində saxlanılmaqdadır ki, burada yaradılan şərait kifayət qədər yüksəkdir. Bununla bağlı ölkə başçısı vurğulamışdır: “Hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilibdir”.
Azərbaycanda koronovirus xəstələrinin müəyyən edilməsi üçün ilk atılan addımlar sırasında laboratoriya və testlərin alınması, bir çox xəstəxanaların koronaviruslu xəstələrin qəbulu üçün hazır vəziyyətə gətirilməsi oldu. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində xəstəxanalarda kifayət qədər yerlər yaradılmaqla yanaşı Modul tipli xəstəxanalar da tikilməyə başlanıldı. Hazırda 4 modul tipli xəstəxana istifadəyə verilmişdir ki, onlar da səhiyyə sistemimizə əlavə çarpayıların qazandırılmasına gətirib çıxarmışdır. Şübhəsiz ki, bu da virusla mübarizəyə əsaslı töhfə verməkdədir. Qeyd edək ki, ümumilikdə 10 modul tipli xəstəxananın inşa olunması nəzərdə tutulmuşdur ki, onlardan  4-nün özəl sektor hesabına tikilməsi planlaşdırılır. Bu da öz növbəsində sahibkarların mövcud gərgin dövrdə ölkəmizə dəstək olduqlarının əyanı göstəricisidir.
     Bütün dünya müstəvisində aparılan statistikalardan məlumdur ki, ölkəmiz virusla mübarizədə dünya ilə müqayisədə daha çox müsbət nəticələrə nail olmuşdur. Şübhəsiz ki, bunun əsas səbəbi Azərbaycanda virusa yoluxduğu təsbit olunan hər bir xəstənin xəstəxanalarda müalicə almasıdır. Bunu çxışında vurğulayan ölkə başçısı demişdir: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”. Prezident İlham Əliyev çıxışı zamanı səsləndirmiş olduğu bu fikri dövlətin hər an vətəndaşının yanında olması faktını kifayət qədər isbatlamış olur.
     Koronovirus infeksiyasından qorunmaq üçün əsas vasitə tibbi maskalardan istifadədir. Bütün dünyada bu maskalara və xüsusi geyimlərə ciddi ehtiyacın olduğu bir zamanda ölkəmizdə yaranmış qıtlığı aradan qaldırmaq üçün cəmi 2 həftə ərzində tibbi maska istehsalı müsssisəsinin, qısa zaman  sonra isə həm tibbi maska həm də xüsusi geyim istehsalı müəssisəsi istifadəyə verildi. Prezident İlham Əliyev öz çıxışında vətəndaşlara virusdan qorunmaq üçün tibbi maskalardan daha çox istifadə edilməsinin zəruriliyini, bütün qapalı yerlərdə – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində bu qoruyucu vasitəyə üstünlük verilməsinin vacibliyini bir daha xatırlatdı.
     Azərbaycan dövləti və dövlət başçısı üçün ən başlıca məsələ Azərbaycan vətəndaşının sağlamlığı və onun təhlükəsizliyinin qorunmasıdır. Bir çox inkişaf etmiş dövlətlərdə belə ölkə başçılarının iqtisadiyyatın zəifləməməsi üçün vətəndaşlarının həyatını riskə atmaq bahasına karantin rejimi tətbiq etməməsi kimi reallıqlara nəzər salanda ölkəmizdə olan vəziyyətin bütün dünyaya nümunə olacaq bir hümanizm içində olduğunu rahatlıqla deyə bilərik. Azərbaycan sosial dövlətdir və ölkəmizdə vətəndaş rifahı hər şeydən üstündür. Bu açıq həqiqət və danılmaz faktdır.
Pandemiya dövründə ölkə daxilində görülən işlərə paralel olaraq Azərbaycan dünya miqyasında da nümunəvi işlər reallaşdırmışdır. Belə ki, ölkəmiz ehtiyacı olan 14 ölkəyə fərdi qaydada, 15 ölkəyə isə Ümumdünya Səhiyyə Təşkilatının xəttilə humanitar yardım göstərmişdir. Bütün bunlar  ölkəmizin dünyadakı imicinə müsbət təsir etməklə, nüfuzunun daha da artmasına xidmət edir. Dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda aydın görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə məqsədyönlü şəkildə çata bilib. Son olaraq bir daha vurğulamaq istərdik ki,  indiki dövrdə ölkəmizdə virusun artma tendensiyasının dayanması və  kökünün kəsilməsi birbaşa xalqın məsuliyyətindən asılıdır. Ona görə də hər birimiz sosial məsuliyyət nümayiş etdirməli və dövlət tərəfindən qəbul olunan qaydalara bir mənalı olaraq riayət edərək virusla mübarizəyə öz töhfəmizi verməliyik.
 
YAP Pirallahı rayon təşkilatının künüllüsü Azad Namazov
Keçidlər