Şriftin ölçüsü :

Saytın rəngi :

Vahid Avropada ikili standartlara yer olmamalıdır!

16 iyun 2020 | 11:00
Dünyanın çox illik siyasi tarixinə nəzər salsaq ikili standartların daim mövcud olduğunu görərik. Hədəfləri mütamədi olaraq dəyişən ikili standartlar, adətən beynəlxalq münasibətlər sistemində güclənən və nüfuzu yüksəlməkdə olan ölkələrə qarşı istifadə olunan əks metoddur. Son illər beynəlxalq arenada get-gedə daha çox söz sahibi olan ölkəmizə qarşı da ikili standartların mövcud olması birmənalı olaraq ölkəmizin gücünün açıq etirafıdır. Azərbaycan coğrafiyasına görə kiçik bir ölkədir amma buna baxmayaraq ölkəmizin gördüyü işlər, həyata keçirdiyi istər regional istərsə də qlobal təşəbbüslər sayəsində artıq beynəlxalq səviyyədə  orta miqyaslı dövlət kimi qəbul olunur. Bu gün müstəqil Azərbaycan Respublikası cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixində misli görünməmiş bir gücə və nüfuza malik olmuşdur. Ölkəmiz hal-hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, eyni zamanda günü-gündən artan nüfuza  sahib olan Qoşulmama Hərəkatına rəhbərlik edir. Reallaşdırdığı bir çox qlobal layihə ilə də Azərbaycan artıq dünyada Avropadan Şərqə, Cənubdan Şimala gedən bütün nəqliyyat infrastrukturunun qovşağı funksiyasını yerinə yetirir. Bütün bu proseslərin hamısının bir yerdə vurğulanması bir daha Azərbaycan diplomatiyasının, eləcə də cənab Prezidentin dünyada malik olduğu xüsusi rolun bariz göstəricisidir. Lakin bununla yanaşı qeyd etmək lazımdır ki, ölkəmizin illərdir həll edilməyən Dağlıq Qarabağ kimi böyük bir dərdi də var.Bu gün bizim üçün ən həssas məqam Dağlıq Qarabağ probleminin həllidir. Bu istiqamətdə Azərbaycan dövləti bütün səylərini göstərir və münaqişənin ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmış həlli üçün çalışır. Amma düşmən ölkə münaqişənin həllini gecikdirmək və danışıq proseslərinin nəticəsiz qalması üçün əlindən gələni edir. Belə ki, Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri də məhz bu niyyətə xidmət edir. Bir çox siyasi təşkilat və nüfuzlu agentliklər də bu siyasi şounu “məqsədli təxribat” və “Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım” kimi qiymətləndirərək Ermənistanda baş verənlərin fərqində olduğunu nümayiş etdirmişdir. Cənab Prezidentin qeyd etdiyi kimi: “Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər”. Bəli, Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou idi, bu şouya dünyanın beynəlxalq nüfuzlu təşkilatlarının hamısı sözün əsil mənasında birmənalı rədd cavabı verərək obyektiv yanaşma nümayiş etdirdilər. Təkcə Avropa Şurası bu məsələyə münasibət bildirmədi. Bu bir daha xəbər verir ki, AŞPA qeyri-obyektiv təşkilatdır və o qəbul etdiyi qətnamələrdə, sənədlərdə daim ikili standartlara və ya hansısa bir qrupun maraqlarına söykənən qərarlara üstünlük verir. 
Azərbaycan Avropa Şurasına daxil olarkən 2001-ci il 25 yanvar sessiyasında  ümumilli lider Heydər Əliyev çox mühüm bir fikir söyləmişdir: “Vahid Avropada ikili standartlara yer olmamalıdır”. Amma biz ötən 20 ilə nəzər salanda Avropa Şurasının qərarlar qəbul edərkən ikili standartları əsas götürməsinin dəfələrlə şahidi olmuşuq. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti səbəbindən öz doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan bir milyon nəfərədək soydaşımız olduğu halda  işğalçı dövlətə qarşı hələ də heç bir sanksiya tətbiq edilməməsi də bunu sübuta yetirən faktdır.
Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma Dağlıq Qarabağ xunta rejimində seçkilər keçirildi. Seçmək və seçilməyin insanın hüquq və azadlıqlarından biri  hesab edildiyi halda separatçılar tərəfindən bunun Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilməsi birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə müdaxilə deməkdir. Cənab Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, “Əgər sən ədalətlisənsə susmamalısan”. Avropa Şurası isə susqunluq nümayiş etdirdi.
Nizamnaməsinin əsası qanunun aliliyi, hüququn müstəqilliliyi, insan hüquq və azadlıqları təşkil edən Avropa Şurasınında hər kəsin hüquq və azadlıqları müdafiə olunmalıdır. Amma təəssüf ki, biz bu yanaşmanı demək olar ki, heç bir məsələdə görə bilmirik. “Siyasi məhbus”larla bağlı mövzularda da AŞPA  Azərbaycana qarşı ikili standartları bir daha nümayiş etdirir. Ölkəmizdə kiçik bir hay-küy olması ilə bağlı məlumat olan kimi  məlumatların doğruluğunu yoxlamadan dərhal Azərbaycan üzrə məruzəçilər,  siyasi məhbuslar üzrə məruzəçilər təyin edilirlər. Qeyd edək ki, heç bir şübhəmiz yoxdur ki, onlara bu yalan məlumatları təqdim edənlər də ölkəmizə, onun azadlığına və milli dövlətçiliyinə düşmən  mövqeyində olan satqınlardır. Siyasi məhbuslarla bağlı Ermənistandakı vəziyyətin sözün əsl mənasında acınacaqlı olmasına baxmayaraq AŞPA bu məsələdə də ermənipərəstliyini göstərərək susmaqdadır. Ermənistanda hazırki hakimiyyətə tənqidi baxışlarına görə Ermənistanın prezidenti istintaq altındadır, sabiq prezident isə həbs olunub. Eyni zamanda ötən ilin əvvəllərində həbs olunan qəzet redaktoru elan etdiyi aclıq aksiyasına görə iki ay sonra həbsxanada dünyasını dəyişib. Məsələnin ciddiliyinə baxmayaraq AŞ Ermənistanda baş verən bütün bu proseslərə  də susdu və heç bir  reaksiya göstərmədi. Aydın şəkildə görünür ki, AŞPA satqınları və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfini dəstəkləyir.
Bəli, Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirməkdir. Bununla bağlı ölkə başçısı cənab İlham Əliyev prinsipial mövqe göstərərək, bildirmişdir: “ .... Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil”. Çıxışının davamında Prezident İlham Əliyev Avropa Şurası ilə münasibətləri xarakterizə edərək, bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytardıqlarını qeyd etmişdir.
Bütün bunlara baxmayaraq, Azərbaycan bundan sonra da öz uğurlu inkişaf yolu ilə inamla irəliləyəcək və Avropa qurumları ilə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazır olacaqdır.


YAP Pirallahı rayon Qadınlar Şurasının sədri
Kəmalə Mustafayeva

Keçidlər