Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

16 iyun 2020 | 11:00
Azadlıq və müstəqillik həm vətəndaş, həm də xalq üçün ən müqəddəs dəyərdir. Biz azadlığımızı illərlə gözləmiş, onun uğrunda  mübarizə aparmış və bu yolda minlərlə şəhid vermişik. Ancaq hər birimiz bilirik ki, azadlığı qoruyub saxlamaq onu əldə etməkdən dəfələrlə çətindir.Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun günü  də Azərbaycan xalqının öz müqəddəratını həll etdiyi,dövlət müstəqilliyini yenidən bərpa etdiyi xüsusi gündür.  Bu tarixi gün Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan - Heydər Əliyevin adı ilə bağlıdır. Ümumiyyətlə xalqımızın son qırx illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur.
Azərbaycan 1991-ci il 18 oktyabrda nəhayət uzun mübarizədən sonra müstəqilliyini əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyətin gərginləşməsinə və yeni yaranan respublika üçün təhlükə təbillərinin çalınmasına səbəb olmuşdur. 1993-cü il 15 iyuna qədər ölkədəki kriminagen vəziyyət artıq son həddə çatmış və qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət etməyə başlamışdı. Eyni zamanda, Cənubda separatçı Əlikram Hümbətov AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırır, Şimalda Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında kənar qüvvələrin təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü büruzə verməyə başlamışdı. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar isə vəziyyəti düzəltmək əvəzinə tamamilə nəzarətdən çıxmasına səbəb olaraq ölkədə anarxiya meyillərini gücləndirmişdi.
Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə də qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmiş və daha da maraqlısı Akta edilən düzəlişlə Azərbaycanı işğalçı tərəf kimi göstərmişdi. Problemlər bununla da məhdudlaşmayaraq AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatları ilə Gürcüstanda Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürüdür, İran ilə münasibətlər gərginləşərək - İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanın xeyrinə dəyişir və hətta AXC tərəfindən Çini narahat edən bəyanatlarla ölkənin xarici siyasətdə böyük problemlərlə qarşılaşmasına səbəb olunurdu. Bütün bunlara əlavə olaraq erməni lobbisinin mütəşəkkil fəaliyyəti ilə Azərbaycan informasiya müharibəsində də təcrid olunmuş vəziyyətdə qalmışdı.
Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərin hakimiyyətin sükanı arxasına keçməsində görmüş və AXC hakimiyyəti xalqın israrlı tələbləri ilə Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etmək məcburiyyətində qalmışdı. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük siyasətçi Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdır. 1993-cü il iyunun 15-də Parlamentin iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etmişdir. Hakimiyyətə gəldikdən sonra Ulu Öndər dərhal Gəncə hadisələrini yatırdı və bütün ölkədə olan hərc-mərcliyin, anarxiyanın qarşısını almaq istiqamətində işlərə başladı və nəticədə də çox qısa bir müddətdə buna nail oldu.
Ulu öndər Heydər Əliyevin qayıdışı ölkəni vətəndaş müharibəsi təhlükəsindən, separatizmdən, ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan xilas etdi. Xalqı yenidən vahid məfkurə ətrafında birləşdirdi. Beləliklə, Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirərək, beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsini sovuşdurdu. Görkəmli dövlət xadimi çox qısa müddətdə elə bir strategiya və diplomatiya ərsəyə gətirdi ki, hətta Azərbaycanın bədxahları da onun dühası, uzaqgörən siyasəti qarşısında aciz qaldıqlarını etiraf etdilər. Həmin strategiya ölkəmizin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, dövlət müstəqilliyimizin əbədiləşdirilməsinin də qarantına çevrildi. Sonralar “Əsrin müqaviləsi” adlandırılan bu müqavilə ilə demək olar ki, dünyanın bütün qütbləri vahid ünvanda birləşdi. Ümummilli Lider dünya şirkətləri ilə möhtəşəm neft sazişini imzalamaqla həm Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaratdı, həm dövlət müstəqilliyinin əbədiləşdirilməsinə nail oldu. Bununla yanaşı, canı qədər sevdiyi ölkəsinin, xalqının uzunmüddətli sosial rifahının gündən-günə yaxşılaşması üçün əsaslı iqtisadi bazanın formalaşmasını təmin etdi. Qeyd edək ki, bunlarla paralel olaraq Ümummili lider tərəfindən ikitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlərlə Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa tam nail oldu və Heydər Əliyevin qətiyyətli səyləri ilə dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı, sonrakı illərdə isə Ermənistanın adı bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salındı. 
Bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrdə gedən köklü islahatlar Azərbaycanın dirçəlişi, qurtuluşu oldu. Heydər Əliyev dünyanın siyasət zirvəsinin ən uca yerində Azərbaycanın və ən böyük azərbaycanlının adını əbədi həkk etdi. Bugünkü müasir, müstəqil Azərbaycanın təməli Heydər Əliyev siyasi fəlsəfəsinə söykənib. Prezident İlham Əliyevin sözləri ilə desək – “İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir”. Bu gün biz, bütöv Azərbaycan xalqı və dünya azərbaycanlıları varlığımızı, müstəqilliyimizi, azadlığımızı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasına borcluyuq.
Azərbaycan xalqı bu misilsiz xidmətləri və öz dahi oğlunu heç zaman unutmayacaq...

YAP Pirallahı rayon təşkilatının könüllüsü Cavanşirli Xəyalə
Keçidlər