Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev: Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz

16 iyun 2020 | 11:00
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun günü sıradan bir gün deyil, sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik fövqəlbəşəri bir gündür. Ümummilli liderimiz  Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik qəhrəmanlıq tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bu möhtəşəm Qayıdış dövlətimizin müstəqilliyinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və bu gün nəinki regionda, eləcə də dünyada müstəqil söz sahiblərindən birinə çevrilməsi ilə nəticələndi.
Bəs Heydər Əliyevin hakimiyyətə gəlişini şərtləndirən səbəblər hansılar idi? Nə üçün ölkəmizin müstəqilliyinin qorunub saxlanması məhz Heydər Əliyevin hakimiyyətə qayıdışını zəruri etmişdi? İlk növbədə vurğulamaq lazımdır ki, möhtəşəm Qayıdış ərəfəsində, yəni 1993-cü ilin 15 iyununa qədər ölkədəki siyasi, sosial-iqtisadi, eləcə də kriminogen vəziyyət son gərginlik həddinə çatmışdı. Satqın korpus komandiri Surət Hüseynovun xəyanəti nəticəsində erməni işğalçılarının Dağlıq Qarabağda fevral ayından başlayan hücumu ətraf rayonların da işğalına doğru gedirdi.
Ökəmizin cənub bölgəsində separatçı Əlikram Hümbətov praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə ələ keçirib AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı, hətta TMR elan etməyə hazırlaşırdı. Şimalda da “Sadval” at oynadır, Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında kənar qüvvələrin, ilk növbədə erməni kəşfiyyatının təsiri ilə inamsızlıq və etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı özünü aşkar büruzə verməyə başlamışdı.
Ölkə üzrə məişət səviyyəsində kriminogen vəziyyət dözülməz həddə çatmışdı, paytaxt Bakı küçələrində heç kimə tabe olmayan əli silahlı qruplar və fərdlər istədikləri adamı cəzalandıra bilirdilər.
Müstəqilliyini yenicə elan etmiş Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik məsələlərində də ciddi problemlərlə qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsini əsas gətirməklə Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdi. Maraqlı olduğu qədər də dəhşətli faktdır ki, murdar ermənilərin süfrəsindən yallanan, xəritədə Azərbaycanın yerini belə göstərə bilməyən binəva konqresmenlər 907-ci düzəlişdə məhz Azərbaycanın işğalçı tərəf kimi göstərilməsinə səs vermişdilər.
Sovet imperiyasının dağılması ilə artan iqtisadi problemlər daha da gərginləşmişdi. Azərbaycanın dövlət müstəqilliyinin təməlini təşkil edən qiymətli karbohidrogen resurslarının birgə hasilatı məsələlərində dünyanın enerji nəhəngləri ilə aparılan danışıqların nəticəsiz qalması iqtisadiyyatın inkişaf etdirilməsi perspektivinin önünə keçilməz bir sədd çəkmişdi.
Hakimiyyəti laxlayan AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq qonşu ölkələrlə münasibətlər gərginləşmişdi. Gürcüstanda millətçi-faşist Zviad Qamsaxurdiya faktiki olaraq azərbaycanlıların etnik təmizləmə siyasətini yürüdürdü ki, Ermənistan və Dağlıq Qarabağdan olan qaçqınlara və məcburi köçkünlərə əlavə olaraq ölkəmizə Gürcüstandan da azərbaycanlıların böyük axını başlamışdı.
Onsuz da Azərbaycanın müstəqilliyi fars şovinizminin gözünə ox kimi batırdı. Bu yandan da Cənubi Azərbaycan məsələsi ilə bağlı AXC rəhbərliyinin məsuliyyətsiz bəyanatlarının nəticəsi olaraq İran ilə münasibətlər son dərəcə gərginləşmiş və molla rejiminin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq-aydın ermənipərəst mövqeyi düşmənin xeyrinə daha da qabarmışdı.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda və dünyada bərqərar olmuş siyasi reallıqları diqqətə almadan AXC rəhbərliyinin müxtəlif bəyanatlarla çıxış etməsi, o cümlədən Çini narahat edən bəyanatlar verməsi xarici siyasətdə ölkənin problemlərlə qarşılaşmasına səbəb olmuşdu.
Bütün bunlara əlavə olaraq erməni diasporunun çirkli pulları ilə, erməni  lobbisinin mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycan informasiya blokadasına alınmış, müharibənin bu istiqamətində də təcrid olunmuş vəziyyətə salınmışdı. Bütün bu neqativ proseslər vəziyyəti günbəgün gərginləşdirir, xalq üçün dözülməz həddə çatdırırdı.
Gərginliyi pik həddə çatdıran hadisə isə 1993-cü il 26 may tarixində son iki yüzillik ərzində ölkəmizdə mövcud olmuş rus qoşunlarının müstəqil Azərbaycan dövlətinin ərazisindən tamamilə çıxarılması oldu. Bu acı həbi udub həzm edə bilməyən “rus ayısı” 4 iyun tarixində “qru” adlanan hərbi kəşfiyyatının və keçmiş imperiyanın “beşinci kalonu”nu təmsil edən mənfur qüvvələrin gücü ilə Gəncədə hərbi qiyam törətdi. Məqsəd bu mürtəce qüvvələrin əli ilə hakimiyyəti devirmək, oyuncaq parlament yaratmaq, marionetka prezident seçdirmək və rus qoşunlarının Azərbaycana qayıtmasını təmin etməklə Cənubi Qafqazda ikinci forpost dövlət yaratmaq idi.
Nəticədə ölkədəki onsuz da gərgin olan kriminogen vəziyyət nəzarətdən çıxmaq həddinə çatdı. Cinayətkar-qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Azərbaycan xalqı uçurumun kənarında ləngər vuran, hər an xaos və anarxiya girdabına yuvarlanacaq başıpozuq bir kütləni xatırladırdı. Hər şey milli faciəyə, müstəqilliyin itirilməsinə, ölkənin parçalanmasına doğru gedirdi. Bir tərəfdən Rusiya və İranın mürtəce dairələri, qərb ökələrindəki azğın erməni lobbisi, digər tərəfdən “beşinci kalon”, əlikramçılar və sadvaçılar, eləcə də xəyanət nəticəsində artıq bir çox strateji ərazilərimizi zəbt etmiş erməni işğaçıları vətənimizin varlığına son qoymağa hər an hazır idilər.
Gün kimi aydın idi ki, səriştəsiz kadrlar yığnağı olan AXC-Müsavat cütlüyü bu vəziyyətdən çıxmaq iqtidarında deyidi. Bəs o dövrdə ökəmizi düşdüyü ağır problemlər girdabından kim qurtara bilərdi - təcrübəli, dəmir iradəli siyasətçi, yoxsa böyük dövlət xadimi, xalqın müdrik lideri, yoxsa xilaskarlıq missiyasını öz üzərinə götürmüş qalib sərkərdə?! Ayrı-ayrılıqda, əlbəttə ki, bunlar heç biri. Xalqı bu vəziyyətdən yalnız bütün bu önəmli cəhətləri özündə təcəssüm etdirən ümummilli lider, dahi şəxsiyyət, ulu öndər, milli xilaskar, müzəffər bir sərkərdə – Heydər Əliyev qurtara bilərdi!  
Qədim Odlar Yurdunun müstəqilliyinin və suverenliyinin itirilməsi, ərazisinin bir neçə hissəyə parçalanması təhlükəsi  ilə üzləşdiyi ağır bir şəraitdə AXC hakimiyyəti ölkəmizin nicatını xalqın israrlı tələblərinə boyun əyməkdə, yeganə çıxış yolu kimi xilaskar-lider Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət ediməsində gördü. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu, Heydər Əliyevin hakimiyyətə qayıtması ilə milli barış və inkişaf dövrü başlandı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu uğura  həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu həqiqət Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı, bütün maneələrə baxmayaraq ən qısa müddətdə “beşinci kalon”un və xarici kəşfiyyatın ünsürlərinə öldürücü zərbələr vurdu, ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi. Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışanları uğurla neytrallaşdıran, vəziyyətdən səbirlə, düşünülmüş tədbirlərlə çıxmağa çalışan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü və bu görüşlər mütəmadi davam etdirildi. Bu sahədə yürüdülən ardıcıl siyasət respublikanı informasiya blokadasından çıxardı, dünyada ölkəmizlə bağlı formalaşan fikir tədricən müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi.
Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi milli böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
Tarixən Azərbaycanın güclü hərb ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşmişdi. Müstəqilliyin ilk illərində ölkədəki naşı və yarıtmaz hakimiyyətlərin səriştəsizliyi ucbatından ordu quruculuğunda heç bir ciddi addım atılmamış, silahlı qüvvələr ayrı-ayrı siyasi qrupların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi. 1993-cü il noyabrın 2-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa müraciət edən Heydər Əliyev ictimai ruh düşkünlüyünün qarşısını aldı, hamını bir nəfər kimi düşmənə qarşı mübarizədə fəal iştirak etməyə çağırdı. Ulu öndər Heydər Əliyev müraciətində təkcə hərbi uğursuzluqların səbəblərini deyil, həm də vəziyyətdən çıxış yollarını göstərdi.
Ümummilli lider Heydər Əliyevin xalqa müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin, kadrların Azərbaycana axını başlandı. Bu müraciət ictimaiyyətin ayrı-ayrı zümrələri tərəfindən dəstəkləndi, vətəndaşlar, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr ictimai müdafiə prosesinə fəal şəkildə qoşuldular, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. 1993-cü ilin dekabr ayında Heydər Əliyev bütün daxili çəkişmələri kənara qoyub torpaqları azad etmək naminə Azərbaycan hərbçilərini səfərbər olmağa çağırdı. Azərbaycan ordusunun həmin günlərdə başlayan hücum əməliyyatları 1994-cü ilin yanvarında Horadizin və Füzuli rayonunun bir hissəsinin azad olunması ilə başa çatdı. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu.
Atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Nəticədə Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi, bölgənin ən güclü hərbi qüvvəsinə çevrildi və 2016-cı ilin aprel döyüşlərində bunu əyani şəkildə sübut etdi.
İyun qiyamı yatırıldıqdan sonra qınına çəkilmiş, lakin 1993-cü ilin ortalarında ölkə daxilində ictimai-siyasi vəziyyətin mürəkkəbləşməsindən və cəbhədəki durumun ağırlaşmasından öz maraqları naminə istifadə etmək istəyən və xarici havadarlarının dəstəyinə güvənən daxili separatçı qüvvələr də siyasi meydanda görünməyə başlamışdılar. 1993-cü ilin iyun-avqust aylarında cənub bölgəsinin 7 rayonunu əhatə edən bir ərazidə saxta polkovnik, xain Əlikram Hümbətovun ortaya atdığı üzdəniraq “Talış-Muğan Respublikası” ideyası, şimalda isə milli zəmində qarşıdurma yaratmağa çaışan millətçi “Sadval” hərəkatının fəallaşması respublikanın müstəqilliyi üçün əlavə təhlükə mənbəyinə çevrilmişdi. Vəziyyətin belə gərgin olmasına baxmayaraq Heydər Əliyev xalqın dəstəyi ilə həm şimalda, həm də cənubda süni yaradılmış separatçı meyllərin qarşısını səbrə və müvəffəqiyyətə aldı.
Sonrakı mərhələlərdə daxili sabitliyi pozmaq cəhdləri göstərilsə də, Heydər Əliyev ölkəmizi tarixin bu sınaqlarından da üzüağ çıxarmağı bacardı. 1994-cü ilin oktyabrında Surət Hüseynov tərəfindən idarə olunan dövlət çevrilişinə cəhdin qarşısı alındı. Heydər Əliyevin bircə çağırışı ilə bir anın içində Prezident Aparatının qarşısına toplaşan on minlərlə insanın yaratdığı izdiham xalqın möhtəşəm Heydər Əliyev sevgisinin təcəssümü idi və öz liderinə sədaqətini və inamını nümayiş etdirən xalqın silinməz tarixi kimi yaddaşlarda qalacqadır. 1995-ci ilin martında radikal müxalifətə işləyən xarici anti-Azərbaycan qüvvələrinin təsiri altına düşmüş OMON-çuların qiyamı da yatırıldı.
Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyevin işləyib hazırladığı iqtisadi inkişaf konsepsiyası əsasında ölkədə başlanan ciddi islahatlar müstəqillik dövrü iqtisadiyyatının formalaşmasında mühüm mərhələni təşkil etmişdir. Ümummilli lider həmin dövrdə iqtisadiyyatda mövcud olan situasiyanı və qarşıda duran vəzifələri xarakterizə edərək deyirdi: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən, yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
Doğrudan da, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın təkamül yolu ilə yeni iqtisadi sistemə transformasiyası, çoxmülkiyyətli iqtisadiyyatın formalaşması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırılmış, bununla da, Azərbaycan iqtisadiyyatının inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyulmuş, iqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edilmişdi. Nəticədə vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə, insanların sosial-rifah halı yüksəlməyə başlamışdı. Eyni zamanda, Ümummilli liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə iqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi.
Heydər Əliyevin ən başlıca nailiyyəti isə neft sahəsinə təsadüf etdi, daha dəqiqi Azərbaycanın “qara qızıl”ının dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlirlərlə milli büdcənin bərpa edilməsi və möhkəmləndirilməsi, əhalinin yaşam səviyyəsinin yüksəldilməsi məqsədiə atdığı mühüm  addımar oldu. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu qatlarının birgə işlənməsi və “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkəti iştirak etmişdir. Bağlanmış müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi, bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Bu müqavilənin bağlanması ilə nəinki Azərbaycana xarici kapitalın axını gücləndi, eyni zamanda iştirakçı dövlətlər ökəmizlə bütün sahələrdə əlaqələr qurmağa başladılar. Ulu öndər siyasi iradə və qətiyyət nümayiş etdirərək, İran və Rusiyanın ciddi etirazlarına rəğmən, ABŞ şirkətlərini Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri təkcə “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar. Yenə də Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində “Əsrin Müqaviləsi” çərçivəsində hasil edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini, bütün müqavimətlərə baxmayaraq, uğurla həll etmək mümkün du.
Prezident Heydər Əliyevin həyata keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu. 1994 və 1995–ci illərdə BMT Baş Assambleyasının 49-cu və 50-ci sesiyasında  Heydər Əliyev Azərbaycan respublikasının nümayəndə heyətinə şəxsən başçılıq etmişdir. Qısa zaman kəsiyində ökəmiz MDB, ATƏT, Avropa İttifaqı, Avropa Şurasına üzv oldu, TRASEKA lahiyəsi, NATO sülh naminə tərəfdaşlıq proqramına qoşuldu. Azərbaycanın haqq səsini bütün yüksək tribunalardan səsləndirən, getdikcə daha da yüksək zirvələrə qaldıran Heydər Əliyevin yorulmaz səyləri nəticəsində dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu. Hücum diplomatiyasını uğurla davam etdirən Prezident İham Əliyev bu gün bütün beynəlxalq səviyyələrdə Ermənistanın işğalçı dövlət kimi tanınmasına nail olmuşdur.
Müasir Azərbaycanda formalaşdırılmış müstəqil dövlətçilik ənənələrinin  mühüm əhəmiyyəti  bu  nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin olmasındadır. Onun fədakar siyasi xadim kimi yürütdüyü xəttin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla nurlu gələcəyə doğru aparır. Vaxtilə Heydər Əliyevin özü dahi bir uzaqgörənliklə demişdi ki, "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Müdrik kəlamlardan süzülüb gələn bu inam, bu qətiyyət Milli Qurtuluş gününün dərin mənası və bizlərə verdiyi ibrət dərsləridir. Bu inam təsdiq edir ki, nə qədər Azərbaycan var, demək Heydər Əliyev də vardır, ürəklərdə yaşayacaqdır, o dahi şəxsiyyətin işıqlı fikirləri, parlaq ideyaları, nəsillərə nümunə qalan əməlləri var olacaqdır, xalqımızı daim nurlu sabahlara səsləyəcəkdir.

İlqar Məmmədli
Dövlətqaçqınkomun Pirallahı rayonu üzrə sektor müdiri

Keçidlər