Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın xarici siyasətdəki uğurları ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır

20 iyun 2020 | 11:00
Müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, ulu öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə söz sahibi olan müstəqil dövlətə çevirdi. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Bu gün regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri istiqamətlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Möhtərəm Prezidentimizin siyasi iradə nümayiş etdirməsi və düşünülmüş xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən qəbul edilmişdir. Məhz bunun nəticəsidir ki, 2008-ci il mayın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı mühüm bir qətnamə qəbul edildi. Bu qətnamə bir daha təsdiqlədi ki, dünya birliyi Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdardır. Onu da qeyd edək ki, Azərbaycan diplomatiyasının uğurları yalnız BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx əlaqə yaratmasına imkan verib. Bu sırada Azərbaycanın ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, Avropa İttifaqı, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi xüsusi qeyd olunmalıdır.
18 iyunun tarixində Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin münaqişənin həlli istiqamətində növbəti  qələbəsi kimi qeyd olunmalıdır. “Şərq tərəfdaşlığı" proqramı Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə iqtisadi, siyasi sferada da mühüm üstünlüklər vəd edir.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təklifindən sonra söz alan  Prezident İlham Əliyev çıxışında Azərbaycan "Şərq Tərəfdaşlığı"nın fəal tərəfdaş ölkəsi olduğunu qeyd etdi: “Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır”.
Azərbaycanın iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev burada da bir daha vurğuladı ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir: “Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir”.
Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi tutarlı fikirlərə Ermənistanın Baş naziri Nikol Paşinyan erməni dilində replika ilə cavab verdi  ki, bu da onu gülünc vəziyyətə saldı: “Üzr istəyirəm, müdaxilə etməliyəm. Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi qərar verib ki, Azərbaycan öz ərazisində ermənilərə qarşı irqçı siyasət həyata keçirib. Ermənini yatarkən balta ilə qətlə yetirmiş və Avropa İttifaqına üzv dövlətin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı həmin ölkədən ekstradisiya ediləndən sonra cənab Əliyev tərəfindən əfv olunmuşdur. Bu şəxs Azərbaycanda hər kəs tərəfindən qəhrəman kimi vəsf edilir. Dağlıq Qarabağ erməniləri balta ilə qətlə yetirilməmək üçün özünümüdafiə hüququna malikdir
Mən üzr istəyirəm, ancaq hesab edirəm ki, Şərq Tərəfdaşlığı platforması zorakılığa təhrik etmək üçün deyildir. Burada tərəfdaşlıq təşviq edilməlidir. Mən Azərbaycan Prezidentini təklif etdiyim konstruktiv məcraya və formulaya qayıtmağı dəvət edirəm ki, bu formulaya əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqları üçün məqbul olmalıdır.”.
Nikol Paşinyanın əsassız və gülüş doğuran faktlarla replikasına münasibət bildirən Prezident İlham Əliyev yenidən söz alaraq çıxış etdi: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın Baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim.”. İlham Əliyevin bu adekvat cavabı ilə Paşinyanın sərsəm bəyanatları yerlə-yeksan oldu və o bir daha həm Azərbaycan prezidentinin, həm də digər ölkələrin rəhbərləri qarşısında gülünc və aciz vəziyyətə düşdü. Cənab İlham Əliyev Ermənistanın və onun rəhbərliyinin terroru dəstəkləyən, işğalçı ölkə olmasını tutarlı faktlarla və güclü məntiqi ilə Avropa İttifaqının rəhbərliyinin və  tədbiri izləyən Avropa siyasətçilərinin diqqətinə çatdırdı.
Əslində bu ilk hal deyil ki, Ermənistan rəhbərliyi Azərbaycan prezidenti qarşısında mat vəziyyətinə düşür. Elə son bir ildə  Münhen Təhlükəsizlik Konfransında, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında və son olaraq “Şərq Tərəfdaşlığı” sammitində Azərbaycan prezidenti erməni baş nazirini tarixi faktlarla, öz dəqiq fikirləri və istənilən situasiya qarşısında yüksək idarəedicilik qabiliyyəti ilə dəfələrlə üstələyib və sözün əsl mənasına ona ”yerini göstərib”. Biz əminik ki, bundan sonra da qarşı-qarşıya gəldikləri hər beynəlxalq arenada İlham Əliyev dövlətimizin mənafeyini ən güclü şəkildə müdafiə edəcək və Ermənistan tərəfinin  yalançı siyasətini ifşa edəcək.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri
İlqam Əskərov

Keçidlər