Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın sosial-iqtisadi vəziyyəti getdikcə gərginləşir

22 iyun 2020 | 11:00
Ermənistanda keçirilən parlament və prezident  seçkilərindən sonra daxili ictimai-siyasi vəziyyətdə nisbi sakitlik yaranacağı düşünülsə də, bunun əksinə olaraq son zamanlarda yeni problemlər ortaya çıxmaqdadır. Ermənistanın daxili siyasətində ortaya çıxan yeni dinamizmlərin əsasını virusla mübarizədə alınan uğursuz nəticələr, daxili çaxnaşmalar və Nikol Paşinyanın diktatura rejimi tətbiq edərək bütün siyasi rəqiblərini bir-bir sıradan çıxarması, onları müxtəlif ittihamlarla həbs etdirməsi və xalqın iradəsini heçə sayması təşkil edir. Problemlərə ayrı-ayrılıqda nəzər salaq.
Koronavirus pandemiyası müəyyən mənada Ermənistan üçün məhək daşı rolunu oynadı. Qısa müddət ərzində pandemiyanın törətdiyi fəsadlar Ermənistan hakimiyyətini və cəmiyyətini silkələdi. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, ölkədə cəmi bir aylıq ərzaq ehtiyatı qalıb. Hökumət maliyyə böhranı ilə üz-üzədir və iqtisadiyyatda tənəzzülün artacağı istisna edilmir. Beləliklə, Nikol Paşinyan koronavirusa qarşı mübarizədə aciz vəziyyətdədir. Vəziyyəti nəzarət altında saxlaya bilməyən hökümət ictimaiyyətdən pandemiya qurbanlarının və yoluxanların sayını gizlədərək ölkədə ajiotaj yaranmağının qarşısını almağa çalışır. Amma yoluxma saylarının düzgün əks olunmaması yoluxanların sayının artmasına və əhali arasında pandemiyanın yayılmasına, hətta onun mövcudluğuna olan inamı azaldır. Vəziyyətin ağırlığını Paşinyan da etiraf edərək deyib ki, Ermənistanda vətəndaşlar tərəfindən təcrid qaydalarına əməl olunmaması səbəbindən koronavirusa yoluxma halları getdikcə çoxalır və vəziyyət daha da pisləşə bilər. Bu açıqlama Ermənistanda müxtəlif dairələr tərəfindən, fövqəladə vəziyyət rejiminin tətbiq müddətinin uzadılması üçün bəhanə kimi qəbul edildi və bu qismən doğru idi. Paşinyanın bu açıqlamasından iki gün sonra Ermənistanda fövqəladə vəziyyət daha 30 gün uzadıldı. Fövqəladə vəziyyətin uzadılması ölkədə birmənalı qarşılanmadı və  "İşıqlı Ermənistan" parlament fraksiyasının lideri Edmon Marukyan bunun qanunazidd olduğunu və siyasi məqsəd daşıdığına dair bəyanat yaydı. O bildirdi ki, Ermənistan konstitusiyasının “Fövqəladə vəziyyət rejimi haqqında” 5-ci maddəsinə əsasən, bu rejim 30 gündən, əlahiddə yerlərdə 60 gündən artıq ola bilməz. Beləliklə, koronavirus pandemiyası Ermənistanın sosial-iqtisadi sistemini və ictimai təhlükəsizliyini alt-üst etməklə yanaşı siyasi böhrana da səbəb oldu. Bu uğursuz idarəetmə modeli Paşinyanın reytinqinin sürətlə aşağı düşməsinə və onun siyasi rəqiblərinin cəmiyyətdə yaranmış mənfi atmosferdən ona qarşı maksimum istifadə etməsinə şərait yaratdı.
Bəli, postkoronavirus dövrünün Ermənistan üçün siyasi cəhətdən gərgin olacağı açıq həqiqətdir. Ermənistan xalqı hal-hazırda bir tərəfdən koronavirus pandemiyasının acı gedişatının, digər tərəfdən də baş nazir Nikol Paşinyanın rəqiblərinə qarşı həyata keçirdiyi zorakılıq əməllərinin şahidi olmaqdadır. Bütün bunların fonunda parlamentin, 16 iyun tarixində "Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Qaqik Çarukyanın deputat toxunulmazlığının götürülməsi barədə qərarı ölkədə demək olar ki, şok effekti yaradıb.
Çarukyanın parlament toxunulmazlığından məhrum edilməsinə cavab olaraq, fraksiyanın deputatları qanunverici orqanın  iclasını boykot edərək zaldan çıxıblar. "Təəssüf edirəm ki, demokratik dəyərlərin bərpası, söz və ifadə azadlığına hörmət şüarları ilə gələn əksəriyyət, siyasi müxalifləri susdurmağa çalışır. Bu, səhv yoldur və Ermənistanı iflasa aparır”, - deyə fraksiyanın deputatı Arman Abovyan bildirib. O, "Mənim addımım” blokundan olan həmkarlarının çoxunun bu qanunsuz səsvermənin əleyhinə olduğuna inandığını əlavə edib. Abovyan, Çarukyanın toxunulmazlığından məhrum edilməsinə dair səsvermənin siyasi repressiyadan başqa bir şey olmadığını da vurğulayıb. Beləliklə, Paşinyanla "Çiçəklənən Ermənistan” Partiyası arasında qarşıdurma pik həddə çatıb. Bir vaxtlar baş nazirlə yaxın münasibətləri olan Qaqik Çarukyan və tərəfdarları indi baş naziri istefaya getməyə çağırır və onu korrupsiyada, cah-cəlallı həyat tərzi sürməkdə ittiham edirlər.
17 iyun tarixində Çarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərib və təhlükəsizlik qüvvələri tərəfindən bunun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edib. Burada ən maraqlısı odur ki, Qərbin “önəm verdiyi” bütün dəyərlərin- insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılmaması və s. - ayaqlar altına alınmasına baxmayaraq heç bir Qərb təşkilatı və dövləti buna reaksiya verməyib. Əslində bu ilk hal deyil ki, Qərb özünü görməməzliyə vurur. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə də Qərb səsini çıxarmamış və “obyektivliyini” nümayiş etdirmişdi. Azərbaycanda ən kiçik bir səs-küydə Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi böyük  reaksiyalar verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Bu da onların mövqeyini aşkar şəkildə ortaya qoyur: Azərbaycanofobiya
Ermənistanda problemlər bununla da yekunlaşmır. Paşinyan hakimiyyəti ilə kilsə arasında da ciddi fikir ayrılıqları mövcuddur. Paşinyanın nəzarəti altında olan KİV-lər bu vəziyyəti kilsənin hazırkı rəhbərliyinin əvvəlki hakimiyyətlərlə sıx əməkdaşlığı ilə əlaqələndirsə də, əslində məsələnin məğzi tamamilə fərqlidir. Belə ki, hər birimizə məlumdur ki, ermənilərin yaşadıqları bütün bölgələrdə kilsələr fəaliyyət göstərir və kilsələrə böyük miqdarda maliyyə yardımı göstərilir. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən Paşinyanla kilsə arasında anlaşmazlıqların olması təbii və gözləniləndir.
Nikol Paşinyanın ölkə daxilində reytinq itirməsinin daha bir səbəbi də xarici siyasətdə və Qarabağ məsələsindəki uğursuz gedişləridir. Belə ki, dəfələrlə beynəlxalq arenalarda Azərbaycan prezidenti qarşısında aciz duruma düşən Paşinyana ölkə daxilində də tənqidlər səngimir. 2019-cu ilin 11 oktyabrında Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında İlham Əliyev erməni baş nazirini sözün əsl mənasında mat etdi. Belə ki, Qaregin Njde ilə bağlı tarixi həqiqətləri və təkzib edilməz faktları dəqiqliklə sadalayan ölkə başçısı Ermənistanda onun heykəlini ucaldan əvvəlki rəhbərliyi və bu addımı dəstəkləyərək heykəli hələ də götürməyən indiki hakimiyyəti tənqid etdi və onları MDB-nin faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə olan mövqeyinə dəvət etdi. Bundan sonra Ermənistanın baş naziri Azərbaycan Prezidentinin çıxışında səslənən əsaslı arqumentlərə cavab verməyə uğursuz cəhd etsə də bu onun özünü daha da aciz vəziyyətə salmağından başqa bir işə yaramadı.
Hələ bunun şokundan tam çıxmamış Münhen Təhlükəsizlik Konfransında erməni tərəfinin rüsvayedici məğlubiyyəti ölkədə Paşinyana qarşı neqatif fikirlərin daha da artmasına səbəb oldu. Həm beynəlxalq mətbuat tərəfindən, həm də erməni mətbuatı tərəfindən İlham Əliyevin aşkar üstün və qalib tərəf olaraq qəbul edilməsindən sonra erməni KİV-ləri Paşinyanı linç etməyə və onun hazırlıqsız olmağı ilə bağlı kəskin tənqid etməyə başladılar. Yerli mətbuatda Paşinyan haqqında yazılan bu sözlər bütün ölkənin mövqeyini anlamaq üçün kifayətdir: “Təəssüf ki, Paşinyanın sözləri təkcə Məmmədyarovda yox, hər halda, Münxen, Moskva, Vaşinqton, Parisdə və digərlərində də gülüş doğurub. Artıq Paşinyanın kim olduğu hamıya məlumdur. Reallıq belədir”. Bəli, Paşinyanın öz tərəfdarları da, ölkə mətbuatı da qəbul etdi ki, Paşinyan bütün dünyada gülüş obyektinə çevrildi və onun siyasi savadı və idarəçiliyi yox səviyyəsindədir.
Son olaraq 18 iyunda  Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyev Paşinyana növbəti dəfə tarix dərsi keçdi. Belə ki, dövlətimizin başçısı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığını və  mədəni irsimizin məhv edildiyini Sammit iştirakçılarının diqqətinə çatdırdı. Deyilən fikirlərə qarşılıq olaraq Ermənistan baş naziri yersiz və tutarsız nitq ilə çıxış etdi və bu Ermənistana və onun rəhbərinə  növbəti fiasko olaraq yazıldı. Ramil Səfərov məsələsinə toxunan Paşinyan dedi: “Azərbaycan öz ərazisində ermənilərə qarşı irqçı siyasət həyata keçirib. Ermənini yatarkən balta ilə qətlə yetirmiş və Avropa İttifaqına üzv dövlətin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı həmin ölkədən ekstradisiya ediləndən sonra cənab Əliyev tərəfindən əfv olunmuşdur. Bu şəxs Azərbaycanda hər kəs tərəfindən qəhrəman kimi vəsf edilir.... Mən üzr istəyirəm, ancaq hesab edirəm ki, Şərq Tərəfdaşlığı platforması zorakılığa təhrik etmək üçün deyildir. Burada tərəfdaşlıq təşviq edilməlidir. Mən Azərbaycan Prezidentini təklif etdiyim konstruktiv məcraya və formulaya qayıtmağı dəvət edirəm ki, bu formulaya əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqları üçün məqbul olmalıdır”.
Prezident İlham Əliyev yenidən söz alaraq Paşinyana dərhal tutarlı faktlarla cavab verərək onu yerində oturtdu və layiq olduğu yeri göstərdi. Azərbaycan Prezidenti “... bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”, - deyərək həm Paşinyanın, həm də Ermənistanın təxribatçı, təcavüzkar və işğalçı mahiyyətini bir daha hər kəsə nümayiş etdirdi.
Ermənistanda baş verən bütün hadisələr, siyasi repressiyalar, eləcə də “Çiçəklənən Ermənistan” partiyasının sədri, “Çarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Çarukyanla bağlı baş verənlər bir daha Paşinyanın diktator olduğunu deməyə əsas verir. Artıq vətəndaşının ona heç bir inamı qalmayıb. Çevriliş yolu ilə hakimiyyətə gələn Paşinyanın indi arxasında durduğu xalq yoxdur. Bu səbəbdən o və hakimiyyətinin yeganə çıxış yolu Azərbaycan tərəfinin haqlı istəklərini həyata keçirməklə Qarabağ məsələsini həll etmək və öz ölkəsində də nəyisə bacaran lider kimi tarixə düşməkdir.


YAP Pirallahı rayon təşkilatının könüllüsü Samir Hüseynov

Keçidlər