23 iyun dövlət qulluqçularının peşə bayramıdır
23 iyun 2020 | 11:00
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. Dövlət qulluğu sahəsində dünya təcrübəsini nəzərə alan bir çox sənədlər qəbul edilərək geniş hüquqi baza yaradılıb. Bu sənədlər Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmi formalaşdırıb. Bütün bunlar cəmiyyətdə sosial ədaləti və vətəndaşların layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açıb.
Ölkəmizdə dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, bu məqsədlə açılan ixtisasartırma kurslarında təhsilin təşkil edilməsində, dövlət qulluğu məsələlərinə dair elmi-tədqiqat işlərinin aparılmasında, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu böyükdür. Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən qısamüddətli kurslarda hər il yüzlərlə dövlət qulluqçusu idarəetmənin müasir tələblərini, bu sahədə olan yenilikləri həvəslə öyrənir, çalışdıqları idarə və müəssisələrin işində tətbiq edirlər.
Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir.