Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

27 iyun 2020 | 11:00
Azərbaycan xalqı sorağı minilliklərdən gələn tarixi boyu olduqca mürəkkəb şəraitlərdə yaşamış, dövlətlər qurmuş, varlığını sübuta yetirmiş və inkişaf edib formalaşmışdır. Ölkəmizin əlverişli təbii-coğrafi mövqeyi onu istər yaxın, istərsə də uzaq dövlətlərin maraq dairəsinə salmış, bu maraqdan irəli gələn təcavüzkar niyyətlər həmin mürəkkəb şəraiti səciyyələndirmişdir. Ona görə də milli maraqlarımızı qorumaq üçün ölkəmizin daim güclü siyasi hakimiyyətə, iqtisadiyyata, diplomatiyaya və orduya ehtiyacı var. Bunlar müstəqilliyimizi təmin edəcək çox vacib vasitələrdir. Bu amilləri nəzərə alan Azərbaycan Prezidenti bu mühüm istiqamətləri öz siyasətinin prioritetləri kimi müəyyənləşdirərək həmişə diqqət mərkəzində saxlayır. Prezidentin fəaliyyətində isə ordu quruculuğu birinci yerdədir. Bununla bağlı ölkə başçısı demişdir: “Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”.
Heç kim unutmamalıdır ki, Azərbaycan artıq 30 ilə yaxındır ki, müharibə şəraitində yaşayan bir ölkədir və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifə olaraq təyin olunmalıdır. Qeyd edək ki, bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir. Müstəqillik əldə olunduğu ilk vaxtlardan etibarən daimi inkişaf yolu keçən Azərbaycan ordusu indi dünyanın ən güclü 50 ordusu siyahısına yerləşmiş və Cənubi Qafqazın ən güclü silahlı qüvvəsi statusunu almışdır. Azərbaycanın hərbi büdcəsi ildən-ilə artır, istehsal olunan hərbi sursat və silahlarımız dünya miqyasında tanınır. Ölkə başçısının Sərəncamı ilə 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə artıq 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur ki, bu da  Azərbaycanı idxalçı ölkədən ixracçı ölkəyə çevrilməyinə şərait yaradır.
Ordumuz silah istehsal etməklə yanaşı, dünya səviyyəsində silahlarla da təchiz olunur. Müxtəlif illərdə keçirilən hərbi paradlarda Azərbaycan öz gücünü bütün dünyaya nümayiş etdirmişdir. Bu gün Azərbaycan ordusunun arsenalında olan silah-sursata və texnikaya dünyanın əksər dövlətlərinin orduları həsəd apara bilər. “Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Eyni zamanda, mənim göstərişimlə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır”- deyən ölkə başçısı bu faktı bir daha təsdiq etdi.
Azərbaycan öz hərbi gücünü və öz opponentinə qarşı aşkar üstünlüyünü müxtəlif vaxtlarda sübuta yetirmişdir. Belə ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayan və tarixə Dördgünlük müharibə kimi düşən qalibiyyətli aprel döyüşləri və 2018-ci ilin may ayı ərzində Cünnüt Zəfəri kimi tarixə daxil olmuş Naxçıvanda aparılan döyüşlər Azərbaycan Ordusunun gücünü, mənəvi ruh yüksəkliyini və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi.  Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi işğalçılardan azad edildi və ordunun strateji yüksəkliklərə çıxmasına şərait yarandı. Artıq Ermənistandan Dağlıq Qarabağa gedən yol Azərbaycan Ordusunun nəzarətindən keçir ki, bu da böyük strateji üstünlük əldə etməyə imkan verir.
Son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində çox böyük yol qət edilmişdir. Artıq hərbi hissələrimizin 90 faizində tikinti-bərpa və yenidənqurma işləri demək olar ki, tamamlanmışdır. Əsgər və zabitlərin xidmət şəraitinin yaxşılaşdırılması onların döyüş qabiliyyətini artırır və istənilən vəzifəni icra etmələrinə imkan verir. Bundan əlavə, şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Bu günə qədər 1700 zabit mənzillərlə təmin olunub. İlin sonuna qədər isə əlavə 419 zabitə dövlət tərəfindən mənzillər verilməsi nəzərdə tutulub. Bu, dünya praktikasında bənzəri çox az olan və böyük vəsait tələb edən proqramdır ki, Azərbaycan bunu icra edir və beləliklə də öz ordusuna böyük qiymət verdiyini bir daha sübut edir.
Orduda silahlanma və hərbi güc nə qədər önəmlidirsə, insan faktoru da ən az o qədər önəmlidir. Bununla bağlı ölkə başçısı demişdir: “Bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır”. Bəli, dövlət başçısının dediyi kimi gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidir. Bu bizim üçün əsas prioritetlərdən biridir. Məlumdur ki, biz keçmişimizi müəyyən səbəblərdən bilmirik. Xüsusilə Sovet dövründə dərsliklərin çoxu saxta idi və Azərbaycan xalqının düşmənləri qəhrəman kimi qələmə verilirdi. İndi bu vəziyyət dəyişməlidir və ordudan çıxan hər bir əsgər artıq bizim tariximizlə, bizə dost və düşmən olan dövlətlərlə və şəxslərlə bağlı məlumat sahibi olmalıdır. Bu gün özünü fərqli təqdim etməyə çalışan hər bir şəxsin realda hansı işlər gördüyünü bilməli və ona uyğun mövqedə olmalıdır. Unutmayaq ki, ən böyük güc bilikdir. Azərbaycanın da ən böyük gücü sağlam ideoloji savada malik, dövlətinə və xalqına bağlı vətənpərvər gəncləridir.
Orduya bu qədər yüksək qiymət verilməsi ölkə rəhbərliyinin Qarabağ məsələsindəki prinsipial mövqeyini də təsdiqləyən bir faktordur. Azərbaycan münaqişə ilə bağlı mövqeyində möhkəmdir və bir addım belə geri çəkilməyə niyyəti yoxdur. Beynəlxalq arenalarda ölkə başçısı dəfələrlə vurğulayıb ki, Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. “Dağlıq Qarabağ Respublikası” kimi absurd bir fikir heç vaxt reallaşmayacaq. Ölkə başçısının "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısında dediyi kimi, "Qarabağ Azərbaycandır və nida". Bu münaqişənin yalnız iki tərəfi var: İşğalçı Ermənistan və Azərbaycan. Biz torpaqlarımızı sülhlə ya da müharibə ilə gec-tez geri qaytaracağıq. Bizim buna hərbi gücümüz və potensialımız çatır. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. Son vaxtlar ölkə başçısının düşünülmüş və dəqiqliklə icra olunan siyasəti nəticəsində bütün dünyada Azərbaycan tərəfinin haqlı mövqeyi dəstəklənir. Ermənistan isə bütün arenalarda uduzmağa məcburdur. Çünki, Ermənistanın müstəqillik tarixi rüsvayçılıq tarixi və diktaturadan ibarətdir. 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, belə olan halda obyektiv dəyərləndirmə aparan hər bir şəxsə məlum olar ki, Ermənistanın inkişaf perspektivləri yoxdur. Onlar gec və ya tez Azərbaycanın gücünü və haqlılığını qəbul etməyə məcburdur.
Sonda bir daha, Silahlı Qüvvələrinin şəxsi heyətini və vətənpərvər hər bir vətəndaşımızı  26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və ordumuzun yaxın gələcəkdə hər birimizi qələbə xəbərləri ilə sevindirməyini arzu edirik.

YAP Pirallahı rayon təşkilatının könüllüsü
Xəyalə Cavanşirli

Keçidlər