Prezident İlham Əliyevin qlobal liderliyi və qlobal baxışı: BMT Baş Assambleyasının xüsusi sessiyası
Bəşəriyyətin artıq tam əminliklə 3-cü Dünya müharibəsi kimi adlandırdığı koronavirus mücadiləsi davam etməkdədir. Həqiqətən, insanlıq 2-ci Dünya savaşından sonra hələ belə böyük fəlakətlə, qorxunc gözəgörünməz düşmənlə üz-üzə qalmamışdı. Problem həm də ondadır ki, COVİD-19 təkcə can almır, həm də ölkələrin yaşam potensialını sarsıdır, milli iqtisadiyyata və bütövlükdə qlobal iqtisadiyyata ağır zərbələr vurur. İş yerləri kütləvi şəkildə bağlanır, fərdlərin, ailələrin gəlirləri azalır, zəruri ərzaq məhsullarına əlçatanlıq getdikcə çətinləşir.
Bu isə artıq ayrı-ayrı dövlətlərin deyil, bütün ölkələrin, bəşəriyyətin, özəlliklə də qabaqcıl, güclü ölkələrin problemidir və çevik qərarlar qəbul edilməsini, təsirli tədbirlər görülməsini diktə edir. Qlobal humanitar fəlakətdən və iqtisadi böhrandan qaçmağın yeganə yolu isə ölkələrin ayrı-ayrılıqda hərəkət etməsi əvəzinə vaxt itirmədən pandemiyaya qarşı birgə və zəruri addımlar atması, effektli “Yol xəritəsi” işləyib hazırlamasıdır.
Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti bu yöndə öz potensialının yaratdığı imkanlardan artıq səylər göstəməkdədir ki, bu da istər Ümumdünya Səhiyyə Təşkilatı, istərsə də ayrı-ayrı ölkələr tərəfindən yüksək qiymətləndirilir, təqdir olunur və başqa ölkələrə örnək kimi göstərilir. Dünya, COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülməsinə və əməli addımlar atılmasına şahidlik etməkdədir.
İndi hamı anlayır ki, pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Azərbaycanın praqmatik və məqsədyönlü siyasəti sübut etdi ki, Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.
Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əzəzinə geosiyasi rəqabət və özünü təcridə kökləniblər. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu baş vermədi. Daha çox özünü təcrid, milli eqoizm xarakteri daşıyan addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı.
Qlobal güclərin bu uğursuzluğu fonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təsisatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə Görüşü keçirildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilk beynəlxalq təşkilat idi ki, dövlət və hökumət başçıları səviyyəsində COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə Görüşü keçirirdi. Ardınca Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak etdilər. Xatırladaq ki, tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Bunula bərabər Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir.
Prezident İlham Əliyevin Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi də böyük rezonans doğurdu. Çünki BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir.
Cənab Prezidentin bu önəmli təklifi Nyu-Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmışdır. Bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.
BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.
BMT-yə üzv olan 130-a qədər dövlət tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə işğalçı Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü ifşa etməklə rüsvay oldu. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı, mənfur, mürtəce mahiyyətinin şahidi oldu. Rəsmi İrəvan ümumi axına qarşı getməklə məşhur Azərbaycan atalar məsəlini bir daha doğrultdu - “İt hürər, karvan keçər”.
Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.
Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Çünki yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Prezident İlham Əliyevin irəli sürdüyü və QH-ya üzv ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.
Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat vardır.
Prezident İlham Əliyevin QH-da sədrliyi dönəmində Azərbaycan Respublikası Cənab Prezidentin rəhbərliyi altında bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir. Buna heç kimin şübhəsi olmamalıdır. Ancaq yazının sonunda daha vacib bir məsələni də vurğulamağı özümə borc bilirəm. Vaxtilə Azərbaycana NATО-ya və ya KTMT-yə üzv olmaq təklifləri vardı. Ancaq Azərbaycan bu qurumların heç birində heç vaxt nəinki birinci, heç ikinci, üçüncü skripka da ola bilməyəcəkdi. Оnda Cənab Prezident strateji seçim edərək Qoşulmama Hərəkatına önəm verdi. Bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədridir, İlham Əliyev Hərəkatın lideridir. Bu gün İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi BMT çərçivəsində, dünya çapında işğalçı Ermənistanı təklədi, mənfur düşməni əzdi, sındırdı, yerlə bir etdi. Bax budur əsil strateq, böyük dövlət xadimi, qlobal lider!
İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri