Dünya dövlətlərinin Azərbaycana və onun liderinə olan böyük etimadı və hörməti
Müasir dünyanın təşvişinə səbəb olan qlobal problemlər silsiləsində bu gün birinci sırada koronavirus pandemiyası dayanır. Bu pandemiyanın ən təhlükəli cəhəti ondadır ki, o, ayrı-ayrı ölkələri deyil, daha qlobal səciyyə daşıyaraq, ümumilikdə bütün dünyanı təhdid altına almışdır. Üçüncü dünya müharibəsi ilə müqayisə olunan Covid-19 infeksiyasının yayıldığı ilkin şəraitdə iri dövlətlər və beynəlxalq təşkilatlar sanki özünüitirmə, özünəqapanma və gözləmə mövqeyi tutmağa başladılar. Ancaq bunun düzgün olmadığı, pandemiyanın öhdəsindən ancaq bütün dövlətlərin birgə mübarizəsi, beynəlxalq həmrəyliyin gücləndirilməsi və ölkələrinin birləşməsi ilə gəlməyin mümkün olduğu aşkar idi. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də müxtəlif çıxışlarında dilə gətirmişdir. Ölkə başçısı, videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusundakı Zirvə görüşündə bununla bağlı danışaraq demişdir: “COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik”.
Azərbaycan bu missiyanı öz üzərinə götürdü və ard-arda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərini keçirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Qeyd etmək mütləqdir ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmişdir. Artıq Türk Şurası çərçivəsində 3 istiqamət üzrə - səhiyyə, nəqliyyat və iqtisadiyyat üzrə əməkdaşlıq mövcuddur. Bu virusa qarşı atılan böyük bir addım və uğurdur. Beləliklə, pandemiya dövrü başlayan andan etibarən cənab Prezident İlham Əliyev həm regional həm də qlobal xarakterli mühüm işlərə imza atdı və böyük tədbirlərin təşəbbüskarı kimi çıxış etdi.
Dövlət başçısı Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Xüsusi sessiyasının keçirilməsi üçün BMT Baş Katibinə müraciət ünvanladı və qısa müddət ərzində təşəbbüsü 130-a qədər dövlət dəstəklədi.
Vurğulmaq istərdik ki, BMT-nin missiyalarından biri də milli təhlükəsizlik, dövlətlərin təhlükəsizliyi, onlara qarşı təhdidlərin qarşısının alınmasıdır və hal-hazırda Dünya bu gün kimyəvi təhdiddən də ağır bir təhdidlə üz-üzədir. Buna görə də İlham Əliyevin çağırışı mühüm çağırışdır və 130 ölkənin də buna səs verməsi təqdirəlayiq haldır. Bu həm də gələcəyə istiqamətlənmiş addımdır. Belə ki, dünya liderlərinin, Dünya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropanın Yenidənqurma və İnkişaf Bankı kimi maliyyə təsisatlarının qlobal iqtisadi böhrandan çıxmaq üçün böyük imkanları mövcuddur. Və onları ortaq arenada birləşdirmək onu deməyə əsas verir ki, böhran nə qədər dərin olsa belə, vəziyyətdən mütləq xilas yolu tapılacaq.
Dünyanın birləşdiyi, həmrəyliyin göstərildiyi bir dövrdə yalnız bir dövlət bu təşəbbüsə qarşı çıxdı: Ermənistan. Bu ölkə dünyamızın üzləşdiyi belə bir çətin zamanda, ən ali dəyər olan insan sağlamlığı məsələsinin beynəlxalq platformada müzakirəsinə dəstək vermədi. Beləliklə, təcavüzkar Ermənistan növbəti dəfə əsl dəyərlərinin nədən ibarət olduğunu nümayiş etdirərək özü-özünü ifşa etdi və dünya ölkələri arasında özünü, öz mövqeyini rüsvay etdi. Cənab Prezidentin bu təşəbbüsü humanizmə söykənən bir təşəbbüsdür. Burada hansısa dövlət və onun başçısı aktivlik göstərməyib hətta təşəbbüsün əleyhinə səs verirsə bu insanlığa, bəşəriyyətə qarşı olan bir xarakterdir. Digər bir tərəfdən də Ermənistan höküməti iqtisadi güzəranını artırmaq üçün beynəlxalq layihələrdən kənarda qalmaqla öz xalqını zərbə altına qoyur.
BMT-nin Baş Assambleyası çox böyük nüfuza malikdir və Assambleyanın xüsusi sessiyasının keçirilməsi pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. Buna görə də biz ümid edirik ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır.
Sonda bir daha qeyd edək ki, Azərbaycan Prezidentinin son dövrlərdəki bütün təşəbbüsləri tarixi addım kimi dünya birliyi tərəfindən qiymətləndirilir, dəyərləndirilir və ciddi bir missiya kimi hər kəs tərəfindən qəbul olunur. Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində qlobal lider missiyasını uğurla həyata keçirir və bu çətin zamanlarda belə Azərbaycanın beynəlxalq normaları təbliğ edən bir dövlət kimi fəal siyasət yürütməsini təşkil edir. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması isə bir daha onu göstərdi ki, ölkəmizə və onun liderinə qarşı dünya miqyasında çox böyük etimad göstərilir.
Xəyalə Cavanşirli