Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya ilə mübarizədə Azərbaycan modeli: daxili və xarici siyasət

02 iyul 2020 | 11:00
Dünyanı bürüyən koronavirus pandemiyası (COVID-19) bu günədək 500 mindən çox insanın ölümünə səbəb olub. Yayılma sürəti get-gedə artan və daha çox insanı öz cənginə alan pandemiya dünyanı qorxuya salmağa davam edir. Dünya tərəfindən ən güclü olaraq qəbul edilən dövlətlər belə pandemiya qarşısında tab gətirməkdə çətinlik çəkir. İndiyədək ən çox ölüm hallarının ABŞ, Braziliya, Böyük Britaniya, İtaliya və Fransa kimi iri həcmli iqtisadiyyata malik ölkələrdə qeydə alınması da vəziyyətin ciddiliyi ilə bağlı bir daha işarə verir.
Pandemiyanın ilk dəfə özünü göstərdiyi Çin Xalq Respublikasından digər ölkələrə yayılmağa başladığı vaxtda hər bir ölkə təşvişə qapılaraq özünü qoruma prinsipini üstün tutmağa cəhd etdi. Vəziyyət hətta o həddə çatdı ki, dünya ölkələri arasında biri digərinin pandemiyaya qarşı mübarizə vasitələrini mənimsəyir, təyyarə limanlarında digər ölkə nümayəndələrinin maskalarını və ya qoruyucu vasitələrini müsadirə etmək kimi hadisələr baş verirdi. Bunlar onu göstərir ki, dünya hər nə qədər inkişaf etsə də hələ də belə bir vəziyyətə hazır deyil. Hər gün orta hesabla 160 min nəfər bu virusa yoluxur, vəfat edənlərin sayı da durmadan artır. Belə bir şəraitdə aydındır ki, özünəqapanma və əlahiddə mübarizə aparmaq heç bir ölkə üçün effekt verməyəcək. Hər bir dünya dövləti üçün pandemiyadan tək çıxış yolu birgə mübarizə aparmaq, multilateralizm prinsipinə uyğun hərəkət etməkdir.
Bununla bağlı ən düzgün strateji yolu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev getdi. Ölkə başçısı həm daxildə, həm də xaricdə pandemiyaya qarşı aktiv mübarizə apararaq öz uzaqgörənliyini və qətiyyətli siyasətçi olduğunu bir daha dünyaya və öz içimizdəki bədxahlara göstərdi.
Ölkə daxilində pandemiyaya qarşı adekvat reaksiya göstərilərək qısa müddət ərzində ali və orta ümumtəhsil müəssisələrində tədris prosesi dayandırıldı, genişmiqyaslı dezinfeksiya tədbirləri təşkil olundu, ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu dövlətlərlə danışıqlar aparıldı və qəti qərarlar qəbul edildi. Bundan əlavə paytaxtda və regionlarda istifadəyə verilmiş müasir tipli xəstəxana kompleksləri, xəstəxanaların ən müasir tibbi avadanlıq və cihazlarla təmin olunması, həkimlərin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi sahəsində atılmış addımlar da həqiqətən təqdirəlayiqdir.
Bu çətin dövrdə Azərbaycan Respublikası sosial dövlət olduğunu bir daha təsdiq edərək vətəndaşlarını da köməksiz qoymadı. Tətbiq olunan karantin rejiminin insanların işində problemlər yaratdığı nəzərə alınaraq, hətta qeyri-formal sahədə işləyənləri də unutmadan 600 min nəfərdən çox aztəminatlı insanlara maddi dəstək verildi və indi karantin rejiminin yenidən tətbiq olunması ilə əlaqədar 190 manatlıq birdəfəlik ödəmənin iyun ayında da verilməsi barədə qərar qəbul edilib.
Karantin dövründə əhalinin aztəminatlı təbəqəsi humanitar və gigiyenik yardımlarla da təmin olundu. Həm dövlət tərəfindən həm də fiziki şəxslər və təşkilatlar tərəfindən vaxtaşırı olaraq əhaliyə yardımlar çatdırıldı. Belə yardımlardan biri də yaxın günlərdə yaşadığımız Pirallahı rayonunda baş tutdu. Belə ki, yardımlar Azərbaycan Qızıl Aypara Cəmiyyəti ,USAID və Unicef təşkilatı ilə birgə Covid-19 pandemiyasına dəstək kampaniyasının bir hissəsi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakıda və bölgələrdə yerləşən bölmələrinin xətti ilə verildi. Yardım çərçivəsində Pirallahıda yaşayan 55 ailəyə qoruyucu maskalar və gigienik ləvazimatlar çatdırıldı. Yardımların paylanılmasında AzQAC Pirallahı rayon bölməsinin əməkdaşları və könüllüləri fəal iştirak etdilər.  Qeyd edək ki, indiyə kimi ümumilikdə Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı  ilə 1200-dən çox ailəyə humanitar yardımlar çatdırılmışdır.
Pandemiyanın mənfi təsirlərinə baxmayaraq ölkədə iş yerləri saxlanıldı, işçilərin ixtisar edilməsinə imkan verilmədi, vergi güzəştləri tətbiq olunaraq sahibkarlar da qorundu və ümumilikdə sosial-iqtisadi sahədə dayanıqlılığı təmin etmək üçün 3.5 milyard manat vəsait ayrıldı. Neft qiymətlərinin hələ də sabitləşmədiyi bir şəraitdə bunun büdcəyə verəcəyi zərəri heçə sayaraq bu addımların atılması ölkə başçısının vətəndaşlara verdiyi yüksək qiymətin əyani sübutudur. Şübhəsiz ki, bütün bunlar ölkə daxilində koronavirus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevriləcək.
Ölkə başçısı pandemiya dövründə sadəcə daxili siyasətdə deyil, xarici siyasətdə də maksimum aktivlik göstərməkdə davam etdi. Belə ki ölkə başçısı ard-arda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərini keçirilməsinin təşəbbüskarı oldu. Bu 2 təşkilatın Zirvə görüşünün keçirilməsi dünya KİV-lərində geniş şəkildə işıqlandırdı. Dünyanın ən mötəbər nəşrlərində bu görüş barədə xəbərlər dərc olundu və İlham Əliyevin bu görüşlərin təşkilindəki mühüm rolu detallı şəkildə şərh edildi.
Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi və qısa müddətdə 130-qədər ölkə bu təşəbbüsə dəstək verdi. Cənab Prezidentin təşəbbüsünün dünya dövlətləri tərəfindən  müdafiə olunması Azərbaycanın və şəxsən  İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki yeri və rolunun nəticəsidir. Hər kəs anlayır ki, bu çox mühüm əhəmiyyət kəsb edən bir təşəbbüsdür. Həm ictimai-siyasi, həm humanitar həm də beynəlxalq miqyasda pandemiyaya qarşı mübarizədə dövlətlərin birgə fəaliyyət göstərməsi baxımından olduqca əhəmiyyətlidir. Beləliklə, BMT Baş Assembileyasının xüsusi iclası keçiriləcək və iclasda pandemiya ilə birgə mübarizə məsələsi müzakirə olunacaq. Onu da qeyd edək ki, dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır.
Azərbaycanın bu uğuruna görə həqiqətən də sevinməyə və qürur duymağa dəyər. Sonda böyük şairimiz Məhəmməd Hadinin məşhur fikirinə istinadən qeyd etmək istəyirəm ki, millətimizin və dövlətimizin imzasını imzalar içində görmək hər birimiz üçün çox xoşdur və biz bununla fəxr edirik.

YAP Pirallahı rayon təşkilatının könüllüsü Şəbnəm Eldarova

 

Keçidlər